525.Az

Qadın həbsxanasına xalça dəzgahları hədiyyə edildi


 

Qadın həbsxanasına xalça dəzgahları hədiyyə edildi <b style="color:red"></b>

"Azər-İlmə" şirkəti Azərbaycanın bütün bölgələrində xalçaçıların fəaliyyətini araşdırmaqda davam edir.

525.az-ın şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu dəfəki obyekt qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsi  olub.

Azərbaycan Respublikası Penitensiar xidməti toxuculuq sahəsinin təkmilləşdirilməsi, xalçaçı qadınların fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədilə “Azər-ilmə” şirkəti ilə əməkdaşlıq edir. 16 iyul tarixində müəssisədə "Azər-İlmə"nin təmsilçiləri ilə məhkum qadınların görüşü təşkil edilib. Tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov iştirak edib. “Azər-ilmə” şirkətinin mətbu nəşri olan “Azərbaycan xalçaları” jurnalının baş redaktoru, Əməkdar İncəsənət xadimi, professor Vidadi Muradov, əməkdaşlar Tünzalə Babayeva, Faiq Əliyev və Ülviyyə Məmmədova xalçaçılıq sənəti ilə məşğul olan məhkum qadınların əl işləri, eskizləri ilə tanış olub onlarla bu qədim el sənəti haqqında maraqlı söhbətlər aparıblar. 

Xalçaçılara həmçinin “Azərbaycan xalçaları” jurnalının sayları, ayrı-ayrı Azərbaycan xalça qruplarına həsr olunmuş tele-filmlər, "Naxçıvan xalçaçıları", "Azərbaycan xalçaçılıq sənəti" və s. kimi kitablar hədiyyə edilib.
“Azər-ilmə” şirkəti tərəfindən müəssisəyə 3 ədəd xalça dəzgahı və onun predmetləri hədiyyə edilib.    

Professor Vidadi Muradov qeyd edib ki, "Azər-İlmə"nin məhkum qadınlarla görüşləri mütəmadi xarakter daşıyacaq və onların bacarıqlı xalçaçı kimi formalaşmasına xidmət göstərəcək. O, həmçinin xalça sexinin müvafiq ləvazimatlarla, təlim-tədris materialları ilə təminatında "Azər-İlmə"nin öz köməyini əsirgəməyəcəyini də bildirib.

 





16.07.2014    çap et  çap et