525.Az

"Turizm - sivilizasiyalararası təmas, diplomatiya və vətənpərvərlik işidir"


 

"Turizm - sivilizasiyalararası təmas, diplomatiya və vətənpərvərlik işidir"<b style="color:red"></b> Azərbaycan turizmi bir intibah dövrünü yaşayır

Azərbaycan dünya sivilizasiyasının qədim ocaqlarından biridir. Ölkə mədəniyyətinin kökləri minilliklərin dərinliklərinə gedib çıxır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə tanınır və sevilir.

Ölkəmizin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də mövcud sənətkarlıq nümunələri və milli musiqimizlə vəhdət təşkil edərək, Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa imkan verir. Belə demək mümkünsə, Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Çağdaş Azərbaycanın son 20 il ərzində siyasi sabitliyə və yüksək  iqtisadi tərəqqiyə nail olması onu Qafqazın ən önəmli dövlətinə və söz sahibinə çevirib. Bu gün bölgədə həyata keçirilən bütün böyük layihələr (siyasi, iqtisadi, mədəni və s.) Azərbaycanın maraqları nəzərə alınmadan həyata keçirilmir.

Azərbaycan sivilizasiyalararası təmasın birləşim nöqtəsi və tolerantlığın bariz bir nümunəsidir. Dövlətimizin yüksək iradəsi və qayğısı, vətəndaşlarımızın yüksək tolerantlığı və qonaqsevərliyi sayəsində ölkəmizdə müxtəlif milli azlıqlar və dini konfessiyalar sərbəst və rahat şəkildə fəaliyyət göstərir. Son 1 il ərzində Azərbaycan Mədəniyyətlərarası Dialoq, «Krans Montana», Bakı Humanitar kimi möhtəşəm forumlara, «Eurovision»mahnı yarışmasına, onlarla mötəbər mədəni, iqtisadi, idman tədbirlərinə mükəmməl və başqa ölkələrə nümunə olacaq səviyyədə ev sahibliyi edib. Muasir dünya Azərbaycanı mədəniyyət və incəsənətin beşiyi kimi qəbul edir. Milli muğamımız, xalçalarımız, aşıq sənətimiz, Novruz bayramımız, çovqan oyunumuz UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Gələn il ilk dəfə olaraq, Azərbaycan 1-ci Avropa oyunlarına ev sahibliyi edəcək.
 
Azərbaycan turizm məkanı kimi təbliğ olunur
 
Bütün bunların fonunda Azərbaycan artıq dünyada bir turizm mərkəzi kimi də tanınır. Bunun üçün ölkənin turizm fəaliyyəti ilə məşğul olan qurumları və turizm sənayesinin təmsilçiləri uzun bir yol qət etməli olublar.
Müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, turizmdə də müəyyən durğunluq müşahidə olunurdu. Torpaqlarımızın işğal altında olması, turizm obyekti üçün böyük önəm kəsb edən ərazilərin ermənilər tərəfindən dağıdılması bu sahənin inkişafına mənfi təsirini göstərirdi. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə iqtisadiyyatımızda böyük dönüş yarandı. Bir çox əcnəbi iş adamları ölkəmizə axın etdi. 1999-cu ildə «Tturizm haqqında» Qanunun qəbul edilməsi Azərbaycanda bu sahədə inkişafa təkan yaratdı. Hazırda ölkəmizdə turizm sektoru öncəki illərlə müqayisədə daha çox inkişaf edib. Hazırda Azərbaycanda 500-dən yuxarı mehmanxana, 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Hər il ölkəmizə gələn turistlərin sayında da artım hiss olunur. Ötən il Azərbaycana gələn turistlərin sayı 2,5 milyon civarında olub.

Ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili təmin edilir, beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq bu tanıtımın coğrafiyasını daha genişləndirir.

Artıq Azərbaycan il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 20-yə yaxın beynəlxalq turizm sərgisində təmsil olunur, ölkəmizin turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları 2006-cı ildən etibarən dünyanın nüfuzlu televiziya kanallarında (CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, "Eurosport", "National Geographic", TV5 MONDE) yayımlanır, eyni zamanda xarici ölkələrdə turizmin təbliği məqsədilə 50-yə yaxın müxtəlif növ və dillərdə informasiya xarakterli reklam-çap məhsulları hazırlanıb paylanır. Bakıda 13-cü dəfə keçirilən «AİTF» Beynəlxalq Turizm və Səyahətlər Sərgisində 2014-cü ildə 38 ölkədən 300-ə yaxın şirkət iştirak edib.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümilük anlayışının aradan qaldırılması məqsədilə Azərbaycanda ən mükəmməl layihələrdən olan «Şahdağ» Qış-Yay Turizm Kompleksi və «Tufandağ» xizək kompleksi fəaliyyətə başlayıb. Bu nəhəng turizm məkanları həm yayda,həm də qışda turistlərin ixtiyarında olur.

Regionlarda yeni iş yerlərinin açılmasında da turizmin rolu olduqca əhəmiyyətlidir. Hətta ekspert hesablamalarına görə, bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizmdə çalışanlar məşğul əhalinin təxminən 10 faizə yaxınını təşkil edə bilər. Hazırda mehmanxanalarda çalışan işçilərin sayı 7668 nəfər, turistlərə bilavasitə xidmət edən işçilərin sayı isə 4767 nəfərdir. Mehmanxanaların fəaliyyəti nəticəsində istismardan 79 425 500 manat gəlir əldə olunub.
 
Kadr hazırlığı uğurla davam etdirilir
 
Turizmin inkişafını sürətləndirən və bu sahədə keyfiyyəti yüksəldən amillərdən biri də sahə üzrə kadr hazırlığı siyasətinin düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradıldı. Bu təhsil ocağının məzunları Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala bilirlər. Hazırda institutda 1463 tələbə tələbə 11 ixtisas üzrə bakalavr, 15 ixtisas üzrə 138 tələbə- magistr təhsili alır. Eyni samanda ATİ-də doktorantura proqramı üzrə 55 və   ikinci ali təhsildə 27 nəfərdən çox çox sənaye nümayəndəsi yenidən ixtisaslaşır. İndiyə qədər ATİ-nin bakalavr pilləsi üzrə 995 nəfər məzunu olub ki, onların da  93 nəfəri milli diplomla yanaşı, Krems Universitetinin də diplomunu alıb.

ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 500-dən yuxarı gənc peşə təhsili alır. Artıq regional turizm peşə məktəblərinin yaradılması məsələsi gündəmdədir. Çünki regionlarda turizm sürətlə inkişaf edir. Xüsusilə xidməti personalda kadrlara ciddi ehtiyac var. Ona görə də 2012-2016-cı illər ərzində Azərbaycanın əsas 5 rayonunda - Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallıda ildə 200-250 şagirdi əhatə edəcək regional turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur. Bu peşə məktəblərində regional ərazinin turizm ehtiyatlarına yönəlmiş kadrlar hazırlanacaq.

Bundan əlavə, 2006-cı ildə Mingəçevir şəhərində ölkəmizdə orta təhsilli turizm mütəxəssisi yetişdirən ilk kollec yaradılıb. Hazırda Mingəçevir Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Kollecdə 2000-dən çox tələbə təhsil alır. Həmçinin də Qəbələ rayonunda  Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyət göstərir.

10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 3.9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə  3.4 dəfə artım olub. Azərbaycana gələn xarici turistlərin ölkəmizdəki xərcləri 2003-cü ildə 57.7 mln. ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2012-ci ildə 1.479,0 mln. ABŞ dolları olub. Bundan başqa, ölkə üzrə ÜDM-də turizmin çəkisi bu illər ərzində 2 dəfə artıb.
 
Heç bir administrativ yolla qiymət müəyyənləşdirmək mümkün deyil
 
Bu gün biz çəkinmədən deyə bilərik ki, Azərbaycan turizmi bir intibah dövrünü yaşayır. Təbii ki, inkişaf olan yerdə problemlər də olmalıdır. Hazırda qiymətlərin bahalığı əsas müzakirə mövzusudur. Amma nəzərə almalıyıq ki, turizm bazarı qismən doymalıdır ki, bəlli bir qiymət strategiyası müəyyənləşsin. Bu baxımdan getdikcə bu istiqamətdə də problemlər həllini tapacaq.

Turizm məkanlarında qiymətlərin baha olmasının bəlli səbəbləri var. Bəzi jurnalistlər öz yazılarında və repotajlarında Türkiyədəki 3 ulduzlu hotelin qiyməti ilə Azərbaycandakı 5 ulduzlu mehmanxananın qiymətini müqayisə edir, sonda da nəticə çıxarır ki, bizdə qiymətlər bahadır. Axı bu düzgün müqayisə deyil. Digər tərəfdən, əgər bu, turizm və xidmətlər bazarıdırsa, burada hər kəsin öz büdcəsinə uyğun yer seçmək imkanı var. Əgər standartlardan danışırıqsa, dünyanın bütün ölkələrində 3, 4, və 5 ulduzlu mehmanxanalarda limitli bir intervalda eyni qimətlər təklif edilir.

Amma etiraf etmək lazımdır ki, bu qiymətlərin qarşılığında bizdə təklif edilən xidmətin keyfiyyəti ürəkaçan deyil. Üstəlik, bizim istrahət məkanlarımızda əlavə xidmətlərin sayı azdır. Bu səbəblərdən də Azərbaycanın istirahət məkanlarında təklif edilən qiymətlərin baha olması ilə bağlı fikirlər yaranır. Bir faktı da qeyd edim ki, hazırda Qəbələdə və Nabran istiqamətində 30-a yaxın xidməti əhatə edən paket qiymətlər təklif olunur. Hesab edirəm ki, bu bir başlanğıcdır.

Fikrimcə, heç bir administrativ yolla qiymət müəyyənləşdirmək mümkün deyil. Əlaqədar qurumlar, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi yalnız tövsiyə verə bilər. Digər tərəfdən, bütün problemlərin yükünü nazirliyin üstünə atmaq da doğru deyil. Mövcud problemlərdə ictimai sektorun da məsuliyyəti var. Əgər deyiriksə ki, turizm xalq təsərrüfatının 30-a yaxın sahəsi ilə sıx əlaqəlidir, deməli, qiymətlərdən danışanda onun maya dəyərinə təsir edən amillər haqqında da danışmalıyıq. Adi bir misal. Alma Qubanın brendidir. Bu rayondan istirahətdən gələn insan istəyir ki, yol kənarındakı satış yerlərindən alma alsın.

Amma baxır ki, Bakıda həmin almanın qiyməti 3-4 dəfə təklif edilən qiymətdən ucuzdur. Eyni fərq ət və ət, süd məhsullarında da mövcuddur. Turizm xidmətlər bazarıdır və istər-istəməz bu kimi amillər də sonda mehmanxana və istirahət mərkəzlərindəki qiymətə öz təsirini göstərir.

Bundan başqa, Azərbaycanda turizmin mövsümi olması də qiymətə təsir edir. Cəmi 45 günlük mövsüm ərzində sahibkarlar mümkün qədər çox gəlir əldə etməyə çalışırlar.
 
Regionlarda normal bir rəqabət mühiti formalaşır
 
Aparılan təbliğatın, görülən işlərin nəticəsi yoxdur demək doğru olmaz. Bir neçə il əvvəl tanınmış turizm regionlarımızda tək-tük mehmanxanalar fəaliyyət göstərirdi. Onlar da istədikləri qiyməti təklif edirdilər.

Amma bu gün demək olar ki, Azərbaycanın bütün regionlarında çoxlu sayda hotellər, istirahət mərkəzləri var. Onlar daha çox müştəri cəlb etmək üçün müxtəlif üsullara əl atırlar: daha aşağı qiymət təklif edirlər, əlavə xidmətlərin sayını artırırlar və s. Bu isə sonda hər kəsi məmnun edə biləcək bir nəticəyə – aşağı qiymətə gətirib çıxaracaq. Çünki normal bir rəqabət mühiti formalaşır.

Bir neçə il əvvəl turistin ödədiyi məbləğə yalnız səhər yeməyi  daxil idisə, bu gün həmin məbləğ daxilində istifadəçiyə digər imkanlardan da yararlanmaq şansı verilir. Son 3 il ərzində ölkə vətəndaşlarının Azərbaycanın dilbər guşələrinə daha çox üstünlük verməsi diqqəti cəlb edir. Əvvəllər vətəndaşlarımızın böyük hissəsi turizm şirkətlərinə müraciət etmədən ölkənin müxtəlif bölgələrinə səfər edirdilər. Bu gün isə vəziyyət dəyişib. 2012-ci ildə 225 min vətəndaş ölkədaxili turizm marşrutundan istifadə etmişdisə, ötən il bu rəqəm 370 min olub.
 
Prolemləri birlikdə həll etməliyik
 
Azərbaycanda turizm sektorunun daha da inkişaf etməsi, problemlərin koordinasiyalı şəkildə həll edilməsi üçün bəzi məqamlara diqqət yetirilməlidir. Düşünürəm ki, ilk öncə Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, «Skal Bakı» klubu, Sağlamlıq Termal Turizm Assosiasiyası, Azərbaycan Koqreslər Bürosu və digər qurumlar bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

Həmin ictimai təşkilatların birləşməsi ona görə lazımdır ki, qeyri-peşəkarlara qarşı bəlli bir ictimai qınaq olsun. Çünki hər hansı bir turizm təşkilatının yerli və ya xarici turistə xidmət zamanı vurduğu maddi və mənəvi ziyandan ümumilikdə ölkə turizminin imici zərər çəkir. Bu, gələcəkdə yaranacaq problemlərin qarşısını almaq üçün lazımdır. 

Bu gün turizm mediasının inkişaf etdirilməsinə də ehtiyac var. Düşünürəm ki, jurnalistlər üçün yay məktəbləri təşkil olunmalı, turizm mövzusunda yazan jurnalistlər ora cəlb edilməlidir. Burada turizmlə bağlı xüsusilə araşdırmalar aparan zaman hansı məqamlara diqqət yetrmək lazım olduğu, bu sahənin inkişafına mane olan səbəblər barədə onlara məlumatlar verilməlidir.

Yaxşı olardı ki, jurnalistlərimiz ingilis və rus dillərində maraqlı yazılar hazırlaya bilsinlər ki, dünyanın aparıcı saytları onları işıqlandırsın. Fikrimcə, bu, Azərbaycan turizminin təbliğinə bir töhfə olardı. Bu təcrübə digər ölkələrdə də mövcuddur.
 
Ruslan Quliyev,
"Millennium Tourism & Congress DMC"nin direktoru
 





17.07.2014    çap et  çap et