525.Az

Şəki şirniyyatçıları birinci oldu


 

Şəki şirniyyatçıları birinci oldu<b style="color:red"></b>

Dünən Şəkidə ilk dəfə beynəlxalq şirniyyat festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilib.
 
Festivalda Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçılar əvvəlcədən hazırladıqları şirniyyatlarla iştirak ediblər. Burada sərgilənən iştirakçı ölkələrin mətbəxlərinə aid şirniyyat məhsulları, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları şirin xörəklər (firni, xəşil, şirin plov, südlü sıyıq), unlu qənnadı məmulatları (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlar (noğul, qoz halvası, səməni halvası) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
 
Qırğızıstan Aşpazlar Assosiasiyasının sədri Şuhrat Şaripovun sədrlik etdiyi 17 nəfərdən ibarət münsiflər heyətinin tərkibinə Monqolustan Aşpazlar Assosiasiyasının sədri Jançiv Oktyabri, MDB ərazisində məşhur olan mətbəx kitablarının müəllifi, dünya şöhrətli kulinar Stalik Xankişiyev, Gürcüstan Aşpazlar Gildiyasının prezidenti Vladimir Mjvanadze, Koreya Aşpazlar Assosiasiyasının üzvü, baş aşpaz Kim Li və başqaları olub.
 
Münsiflər heyətinin yekdil rəyi ilə Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görülüblər. İkinci yerə Şamaxı rayonunun, Naftalan şəhərinin, həmçinin Türkiyə və Gürcüstanın kulinarları çıxıb. Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gələn şirniyyatçılar üçüncü yeri tutaraq festivalın bürünc medallarına layiq görülüblər. Mükafatlandırılanlar arasında, həmçinin Şəkinin məşhur halvaçı sexlərinin qənnadıçılarının da adları var.

Şəki Şəhər İcra Hakimiyyəti isə Azərbaycan Milli Kulinariya Mərkəzinin kuboku ilə mükafatlandırılıb. Festival paytaxtdan gəlmiş musiqi və rəqs kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb.
 
Qeyd edək ki, adıçəkilən nazirliyin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

 





21.07.2014    çap et  çap et