525.Az

BMT təyyarə qətnaməsini yekdilliklə qəbul etdi


 

BMT təyyarə qətnaməsini yekdilliklə qəbul etdi<b style="color:red"></b>

İyulun 21-də BMT Təhlükəsizlik Şurası ötən həftə Ukraynada yerə düşmüş sərnişin təyyarəsi ilə bağlı qətnamə qəbul edib.

“Media forum” saytı xəbər verir ki, 15 üzvün yekdilliklə qəbul etdiyi qətnamədə həm ilkin layihənin müəllifi Avstraliyanın, həm də alternativ layihə ilə çıxış etmiş Rusiyanın təklifləri əks olunub. Sənəd təyyarənin düşdüyü yerdə dəlil-sübutların saxlanmasını, təhqiqatçıların həmin məkana maneəsiz buraxılmasını tələb edir.

Avstraliyanın xarici işlər naziri Culi Bişop qətnaməni şərh edərək deyib ki, Malayziyaya məxsus sərnişin təyyarəsi separatçıların əlində olan ərazidə vurulub və sənəd həmin qüvvələrin üzərinə təhqiqatçıları olay yerinə şərtsiz buraxmaq öhdəliyi qoyur. O əlavə edib ki, qətnamə təyyarənin düşdüyü əraziyə yaxın çevrədə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Sənədə əsasən, olayın beynəlxalq təhqiqatı aparılmalı, bütün tərəflər bu yöndə əməkdaşlıq etməlidir.

Amsterdam-Kuala-Lumpur reysi ilə uçan “Boinq-777” sərnişin təyyarəsi iyulun 17-də separatçıların əlində olan Donetsk vilayətində yerə düşüb. “Malaysia Airlines” şirkətinə məxsus təyyarədə Niderlandın 192, Malayziyanın 44, Avstraliyanın 27, İndoneziyanın 12, Böyük Britaniyanın 10, Almaniyanın 4, Belçikanın 4, Filippinin 3, Kanadanın 1, Yeni Zelandiyanın 1 vətəndaşı həlak olub. 

10 min metr yüksəklikdə uçan təyyarənin raketlə vurulduğu ehtimalı böyükdür. Ukrayna və Qərb dairələri Rusiyanı özünə bağlı Ukrayna separatçılarının əli ilə terror aktı törətməkdə ittiham edirlər.

 





22.07.2014    çap et  çap et