525.Az

Bahar Muradova: "Həmsədrləri dəyişib yerinə hansı ölkələri gətirək ki?” (Müsahibə)


 

“HƏMSƏDRLƏR BMT TƏHLÜKƏSİZLİK ŞURASININ ÜÇ DAİMİ ÜZVÜDÜR – ONLARIN YERİNƏ HANSI ÖLKƏLƏRİ GƏTİRMƏK OLAR Kİ, ERMƏNİSTANI ÖZ MÖVQEYİNDƏN ÇƏKİNDİRƏ BİLƏN ADDIMLAR ATSINLAR?”

Bahar Muradova: "Həmsədrləri dəyişib yerinə hansı ölkələri gətirək ki?” <b style="color:red">(Müsahibə)</b> Müsahibimiz Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri  Bahar Muradovanın 525-ə müsahibəsi  

– Bahar xanım, Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası və əfvi bağlı ilə məsələ üstündən bir ay keçməsinə baxmayaraq, yenə gündəmdən düşmür. Məsələn, bu günlərdə ABŞ dövlət katibi Hillari Klinton yenidən bu məsələyə öz mövqeyini ortaya qoydu. Eyni zamanda, bir müddət öncə işində iştirak etdiyiniz ATƏT PA-nın payız sessiyası-konfransında bu məsələyə qayıdıldı...

– ATƏT PA-nın Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən bu dəfəki payız sessiyasında əsasən dözümlülük, multikulturalizm, dünyada davam edən iqtisadi  tənəzzül, maliyyə krizisi, o cümlədən, idarəetmədə kütləvi informasiya vasitələrinin rolu kimi məsələlər müzakirə olunurdu. Əlbəttə ki, bu kontekstdə ən müxtəlif çıxışlarda ən müxtəlif fikirlər səslənirdi. Ancaq sessiyada Azərbaycan və yaxud da Ramil Səfərovun ekstradisiyasına münasibət haqqında, xüsusi bir məsələ yox idi. Hərçənd ora getməmişdən əvvəl bizim məlumatlarımız var idi ki, Ermənistan tərəfi bu məsələni payız sessiyasının gündəliyinə daxil olunması və bu alınmasa, öz çıxışlarının ətrafında disskusiya açmaq üçün ayrı-ayrı ölkələrlə, ATƏT rəsmiləri ilə müəyyən işlər aparırlar, odur ki, biz də qabaqlayıcı tədbirlərimizi görmüşdük. Bu məsələnin orada nə gündəliyə daxil edilməsinə, nə də geniş müzakirəsinə imkan verildi. Azərbaycan nümayəndə heyətinin səyləri və bir də ATƏT PA rəsmilərinin prinsipial mövqeləri nəticəsində bu alınmadı. Ona görə beynəlxalq təşkilatlarda  baş verən neqativ hadisələr, Azərbaycana yönəlmiş qaralama kampaniyası ATƏT PA-da alınmadı. Ramil Səfərovun ekstradisiyası haqqında Ermənistan nümayəndəsinin çox qısa vaxt ərzində – iki dəqiqəlik çıxışında – özü də ermənisayaq toxunması, özünün çıxışına, yəni, onun gözləmədiyi, gözlədiyinə adekvat olmayan neqativ rəylər ortaya qoydu. Təbii ki, bu çıxışda səsləndirilən fikirlərə də həm hüquqi, həm siyasi, həm də digər tərəfdən bütün mənalarda cavablar verildi və sessiya iştirakçılarının hər hansı birində bu məsələ ilə əlaqədar qaranlıq məqam qalmadı. Çünki bu, iki dövlət arasında həyata keçirilmiş bir hüquqi aktdır, bu, beynəlxalq konvensiyaya və onun müvafiq maddələrinə , o cümlədən, Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib. Bunu kimin qəbul edib-etməməsi artıq onun öz işidir. Bu, artıq bitmiş bir işdir, bu iş arxada qaldı, biz irəliyə baxırıq və bu faktı özündən də ermənilərin danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyini pərdələmək məqsədi ilə və yaxud da danışıqlar prosesindən çıxmaq istiqamətində göstərdiyi səylər üçün istifadə etməsi onlara bir səmərə verdi.  Digər təşkilatlardakı müzakirələr də, düşünürəm ki, bir səmərə vermir. Çünki hər kəs ümumən münaqişənin nədən ibarət, vəziyyətin indi nə yerdə olduğunu və onsuz da çoxdan dayanmış danışıqlar prosesinin dalana dirənməsində bu məsələnin rol oynamadığını dərk edirlər. Sadəcə, bir hay-küy yaratmaq məqsədi daşıyırdı, bu hay-küy də alınmadı.

– Danışıqlar prosesinin dayanmasından söz düşmüşkən, məlum olduğu kimi, bunu ilk dəfə  bir müddət bundan əvvəl  xarici işlər nazirinin müavini  Araz Əzimov açıqladı. Sizcə, danışıqlar prosesinin bu məqamda dayanması nəylə bağlıdır? Bu, prosesləri arzuolunmaz məcraya apara bilərmi? Yəni, yenidən hərb variantına apara bilərmi və yaxud ATƏT-in Minsk qrupundan artıq imtina etmək, onu başqa bir formatla əvəz etmək məqamı deyilmi? 

– Bu suallar cəmiyyətdə çox səslənib, biz də dəfələrlə buna cavablar vermişik. Danışıqlar prosesinin dayanmasının yeganə baiskarı, səbəbkarı Ermənistan tərəfidir və son Kazan görüşündən sonra onların tutduğu qeyri-konstruktiv mövqe məsələni bu həddə gətirib çatdırdı. Baxmayaraq ki, həmsədrlər dəfələrlə səfər ediblər, müxtəlif bəyanatlar səsləndiriblər, faktiki olaraq, bu dayanılan yerdən irəliyə hansısa bir addım atılmayıb və Ermənistan prezidentinin “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq və onun müstəqilliyi təmin olunacaq” fikrinin özü onların danışıqlarda qeyri-səmimi olduqlarını və bu danışıqlarda danışıqlar xətrinə vaxtı uzatmaq və status-kvonu qoruyub saxlamaq cəhdi ilə iştirak etdiklərini bir daha göstərdilər.  Bu, qəbuledilməzdir, status-kvo dəyişilməlidir, söyləyəndə də heç kimin ağlına o fikir gələ bilməz ki, Azərbaycan hansı addımı atmalıdır. İlk ağıla gələn odur ki, erməni qoşunları Azərbaycan ərazisindən çıxmalıdır və qaçqın-köçkünlər öz ev-eşiyinə qayıtmalıdır, icmaların təhlükəsiz yaşayışı təmin olunmalıdır, sülhməramlı qüvvələr yerləşdirilməlidir və bu, cənab prezidentin cəbhə bölgəsində son çıxışında da bir daha öz əksini tapdı. Bu, Azərbaycanın qətiyyətli mövqeyidir, bütün danışıqlar vaxtı bu mövqe ortaya qoyulur və danışıqlar prosesinin də bu yerə gəlib  çıxmasının günahkarı biz deyilik. Günahkar erməni tərəfidir və onlar da bunu bildiklərindən hər bir bəhanədən istifadə etməyə çalışırlar ki, diqqəti əsas məsələdən, əsas mahiyyətdən yayındırsınlar. Münaqişə nəticəsində yaranmış ayrı-ayrı elementlər müzakirə predmeti olsun və bundan da Azərbaycanı qaralama kampaniyasında istifadə etsinlər. 

– Bahar xanım, konkret olaraq payız sessiyasında ATƏT PA-nın rəsmiləri qarşısında danışıqların məhz Ermənistanın qeyri-konstruktivliyi yönündə dayanması məsələsini qaldırdınızmı?     

– Mən onların hər ikisi ilə də ayrı-ayrılıqda görüşümdə bu məsələyə toxundum. Eyni zamanda bilirsiniz ki, mən Azərbaycan parlamentinin sədri cənab Oqtay Əsədovun ATƏT PA-nın prezidenti cənab Rikkardo Milyoriyə dəvət məktubunu ona çatdırdım  rəsmi dəvət məktubu ona təqdim olundu və eyni zamanda, 2014-cü ildə Azərbaycanda ATƏT-in illik yay sessiyasının keçirilməsi ilə bağlı artıq Parlament Assambleyasının müvafiq qərarı var və bu tədbirin keçirilməsinə hazırlıq məsələləri də bu görüşdə müzakirə oluna bilər. Biz Milyori ilə həm bu məsələlər ətrafında müzakirələr apardıq, həm də Dağlıq Qarabağ məsələsi və konkret olaraq son dövrlərin hadisələri ilə bağlı narahatlığımızı onun diqqətinə çatdırdıq.  Yəni, o özü də  bu məsələnin mahiyyətini çox gözəl bilir. Çünki hələ sədr olmamışdan – prezident seçilməmişdən əvvəl İtaliyanın nümayəndə heyətinin rəhbəri kimi bütün fəaliyyəti zamanı bu məsələyə və digər həlli uzadılmış münaqişələrə çox diqqət göstərir, bu məsələləri öyrənirdi. Odur ki, münaqişənin bütün mahiyyəti, kimin hansı mövqedə olması ona bəllidir. Bildiyiniz kimi, ötən il Xorvatiyada keçirilən xüsusi müzakirələr zamanı dinləmələr oldu, həmsədrlər özü də orada iştirak etdilər, ilk dəfə olaraq münaqişənin tarixində hesabat verdilər və bizim söylədiklərimiz nəticəsində yox, daha dəqiqi – onların söylədikləri , hesabatları nəticəsində bəlli oldu ki, işğalçı tərəf Ermənistan tərəfidir. Azərbaycan torpaqları təcavüzə məruz qalıb, bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayır. Münaqişənin həlli prosesində dəfələrlə biz variantlar irəli sürülməsinə baxmayaraq, hər dəfə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində bu danışıqlar alınmayıb. Hətta bəzi hallarda həll variantına müəyyən yaxınlıq hiss olunduğu təqdirdə belə, Ermənistanda baş verən hadisələr nəticəsində danışıqlar prosesi pozulub, yenidən sıfırdan başlanmalı olub. Yəni, həm Praqa posesi, “Madrid prinsipləri” əsasında gedən danışıqların hamısının pozulmasında Ermənistan tərəfinin günahkar olması hər kəsə bəllidir. Bunu biz həm çıxışlarımızda söyləyirik, həm ora təqdim etdiyimiz materiallarımızda qeyd edirik, həm də onlar özləri bu məsələni öyrəndiyi, Azərbaycana və Ermənistana səfərləri zamanı və elə neytral mövqedən bu münaqişəni öyrəndikləri zaman məsələnin nə yerdə olduğunu bilirlər. Və hər kəs də status-kvonun qəbulolunmaz  və məsələnin dəyişilməsinin vacib olduğunu vurğulayır. Ən əsas burada humanitar faciə məsələsidir. Azərbaycan vətəndaşları, ümumiyyətlə, təkcə Azərbaycan millətindən olan yox, elə erməni millətindən olan vətəndaşların dinc yaşamaq hüququ pozulub. Dağlıq Qarabağda ermənilərin yaşayışı məgər belə gözəldir? Mən heç də düşünmürəm ki, onlar istədiklərini əldə ediblər. Onlar erməni xalqı və Dağlıq Qarabağ  erməniləri üçün məhz bunu istəyirdilər?  Nə Ermənistanın özündəki , nə də Dağlıq Qarabağdakı vəziyyət bu günə qədərki bütün istiqamətlərdə aparılan erməni mübarizəsində, onların havadarlarının mübarizəsində olan heçliyini, puçluğunu sübut edir. Bu insan naminə deyil, bu millət və dövlət naminə deyil. Bu, insanın yaşayışı təhlükəsi və sülh şəraitində yaşayışı üçün deyil. Sadəcə, bu, bir qrup siyasətbazrının öz maraqlarını və erməni maraqlarını əllərində bəhanə edərək, müxtəlif hədəflərə xidmət etməsinin nəticəsidir ki, ortadadır. Ona görə də  bu hər kəsə bəllidir və biz də öz çıxışlarımızda bir daha bunları söylədik. Çünki Ermənistan nümayəndə heyətinin rəhbəri iki dəfə – həm birinci gün, həm də ikinci gün öz çıxışında söyləyəndəki ki, Xocalıda biz – yəni, ermənilər və sovet Rusiya ordusunun kiçik bir hissəsi Xocalını mühasirəyə alarkən, Xocalı dinc əhalisinin çıxması üçün koridor qoymuşduq, amma siz baxın azərbaycanlılar neylədilər, özləri öz vətəndaşlarını güllələdirlər, bu, artıq ermənilərin haraya gəlib çıxdıqlarının göstəricisidir. Onların törətdikləri əməllər və cəzasız qaldıqları gözlərini o qədər örtüb ki, onlar açıq şəkildə Xocalını mühasirəyə aldıqlarını və xüsusi hissənin köməyi ilə mühasirəyə aldıqlarını, dinc insanların çıxması üçün koridor qoyduqlarını dilə gətirirlər. Bu, məsələnin ikinci tərəfidir ki, kimsə bu sayıqlamaya inanmır ki, Azərbaycan tərəfi özü orada öz dinc əhalisini güllələsin, amma soruşula bilər və sual olunur ki, siz nəyə görə Xocalını mühasirəyə almışdınız? Və nəyə görə Xocalının dins sakinləri bir gecənin içərisində – qarlı qış gecəsində Xocalını tərk etməli idi və siz onlar üçün koridor qurmuşdunuz?  Yəni, artıq deməyə söz qalmır. Onlar Azərbaycanı hər şeydə ittiham edə bilərlər onlar, amma Azərbaycanı durub bu məsələdə ittiham etmək çoxlarında gülüş doğurur və  qeyd edim ki, onlar çox layiqli  cavablarını da aldı, hələ onlar öz çıxışlarında yol verdikləri səhvin cəzasını yəqin ki, Ermənistanda alacaqlar, ölkənin rəhbərliyi tərəfindən. Onu demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar artıq nə ATƏT-də, nə digər beynəlxalq təşkilatda yeni söz deməyə ehtiyac var, hər şey hər kəsə bəllidir...

– ATƏT-in Minsk qrupunun formatının dəyişilməsi məsələsi barədə nə deyərdiniz? 

– Şəxsən mən özüm bütövlükdə bu məsələnin tədqiqatçısıyam. Bilirsiniz ki, mən “Dağlıq Qarabağ məsələsinin həllində ATƏT-in rolu məsələsi” mövzusunu işləmişəm və siyasi elmlər üzrə fəlsəfə doktoru adını da məhz buna görə almışam. Yəni, bu məsələnin bütün mahiyyəti, tarixi kökləri, bugünkü vəziyyəti mənə bəllidir və neçə ildir ATƏT-də bu prosesdə iştirak etdiyim üçün bu sahədə formatın dəyişməsinin məsələyə hansısa köklü dəyişikliyi göstərəcəyin düşünmürəm. Həmsədrlər kimlərdir? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü. Dünyanın siyasətini yönləndirən, istiqamətinin dəyişən, dünya mizan-tərəzisinin nizamını düzən ölkələr. İndi belə olan halda, bu ölkələri dəyişib, yerinə hansı ölkələri gətirmək olar ki, onlar daha təsirli, necə deyərlər, Ermənistanı öz mövqeyindən çəkindirə bilən addımlar atsınlar? Hesab edirəm ki, format burada rol oynamır. Sadəcə, siyasi iradə lazımdır. Bu məsələyə təsir göstərə bilən güclər, doğrudan da, Cənubi Qafqasda sülhün və təhlükəsizliyin əldə olunmasına səmimi cəhətdən istəməlidirlər və bunu həyata keçirmək üçün konkret əməli tədbirlər görməlidirlər. İstədiklərini dediklərində söyləyirlər, status-kvonun dəyişilməsinin vacib olduğunu vurğulayırlar, amma bundan irəli gələn konkret addımları nədənsə, atmağa tələsmirlər. Düşünürəm ki, keçən hər gün münaqişənin uzanmasına xidmət edir, eyni zamanda, tərəflərin öz mövqeyindən geri çəkilməməsi, daha doğrusu, bir tərəfin – Ermənistan tərəfin öz konstruktiv mövqeyindən geri çəkilməməsi, əlbəttə, digər risqləri artırır. Keçən hər gün, hər an, hər dəqiqə digər risqləri artırır. Onsuz da dünyamız narahatdır, onsuz da bölgəmiz narahatdır. Yəni, bunun da üzərinə bir problem əlavə etməyə gərək biz imkan verməyək, heç kim buna imkan verməsin, bütün səylər ona yönəlməlidir ki, məsələ sülh danışıqları yolu ilə başa çatsın. Yox, əgər bu baş verməyəcəksə, Azərbaycan hüququnu özündə saxlayır.

Kamil HƏMZƏOĞLU
 





02.11.2012    çap et  çap et