525.Az

Sarkisyanın acizliyi: qəbul edilməyən prezidentin siyasi faciəsi


 

Sarkisyanın acizliyi: <b style="color:red">qəbul edilməyən prezidentin siyasi faciəsi</b>

Ermənistanın hazırkı dövlət başçısı Serj Sarkisyana Cənubi Amerika rəhbərləri hörmətsiz münasibət göstəriblər.

Argentinanın prezidenti onunla görüşməyib, Uruqvayın rəhbəri isə kənddəki evində qısa söhbət edib. Bunun bir səbəbi S.Sarkisyanın siyasətçi kimi zəifliyinə və diletantlığına bağlıdırsa, digər tərəfi Ermənistanın dövlət olaraq nüfuzunun olduqca aşağı olması ilə əlaqədardır. Yerləşdiyi regionda belə geosiyasi vəziyyəti ağır olan kiçik bir ölkə ilə geniş əməkdaşlıq coğrafi olaraq uzaq dövlətlərin nəyinə lazımdır? Konkret deyilsə, ortada səmərəli qarşılıqlı əlaqə yarada bilən səbəb yoxdursa, müzakirə yalnız etiket xatirinə və ümumi mövzulardan aparıla bilər. Bu prizmadan baxanda, S.Sarkisyanın Latın Amerikasına səfəri siyasi uğursuzluğun növbəti nümunəsindən başqa bir şey deyildir.

Nüfuzsuz dövlət: geosiyasi iflasın əlamətləri

Latın Amerikası Ermənistandan çox uzaqda yerləşir. Orada yaşayanların, ümumiyyətlə, belə bir dövlətin varlığından məlumatlı olduqları şübhə doğurur. Həmin regionun ölkələri üçün Cənubi Qafqazın cırtdan bir dövlətinin sistemsiz və qeyri-konstruktiv siyasətinin hansısa əhəmiyyət kəsb etdiyindən danışmağa dəyməz. Bunun səbəbi aydındır. Çünki İrəvanın yeritdiyi xarici siyasət heç yerləşdiyi bölgədə belə qəbul edilmir. Onun konkret müsbət nəticə verəcəyini erməni ekspertlər özləri də inkar edirlər. Son zamanlar rəsmi İrəvan mənasız və məzmunsuz xarici siyasət kursundan əl çəkmədiyinə görə kəskin tənqid atəşinə tutulur.

Bunların fonunda Serj Sarkisyanın Cənubi Amerika ölkələrinə səfəri formal gedişdən başqa bir şey deyildir. Ermənistan prezidentinin həmin səfərdə tam fiaskoya uğraması da tamamilə normal haldır. KİV Argentina prezidentinin S.Sarkisyanı qəbul etməməsi haqqında informasiya yayıb. Kristina Kişner Ermənistan prezidenti ilə görüşmək əvəzinə, Argentinanın futbol üzrə milli komandasının oyununa baxmağa üstünlük verib. Şübhə yoxdur ki, bunun əsas səbəbi erməni liderin səfərinin xırda məqsəd güdməsi olub. Bu, faktiki olaraq Ermənistanın bir ölkə kimi, S.Sarkisyanın da bir dövlət başçısı kimi Argentina üçün prinsipial əhəmiyyət kəsb etmədiyini göstərir. Bununla yanaşı, Buenos-Ayresdə erməni prezidentin hansı məsələləri müzakirə etmək istədiyi məlum idi. K.Kişner həmin məsələlərin müzakirəsi üçün vaxt ayırmağı lazım bilməyib.

Ermənistan KİV-in yaydığı informasiyalara görə, S.Sarkisyan əsas olaraq iki məsələ haqqında danışmaq istəyirmiş. Bu, qondarma erməni soyqırımının yubileyində rəsmi iştirak və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığa dəvət məsələləridir. Göstərilən məsələlər onun Argentina, Uruqvay və Çili turnesinin başlıca müzakirə mövzusu idi. Latın Amerikasında həmin məsələlərə elə də maraq göstərilməməsi isə artıq Ermənistanın geosiyasi obrazına olan münasibəti ifadə edir. Açıq görünür ki, Cənubi Amerika ölkələri Ermənistanı ciddi tərəfdaş kimi yox, hələlik şıltaqlıqlarına dözdükləri cırtdan ölkə olaraq qəbul edirlər. İrəvan həmin ölkələrə bu keyfiyyətdə lazım ola bilər. Çünki qlobal geosiyasətdə sürətli dəyişikliklər şəraitində forpostlar müəyyən məqamlarda keçici xidmətlər göstərə bilərlər.

Əslində, bir sıra erməni ekspertlər bu barədə artıq fikirlərini bildirirlər. Məsələn, Akop Badalyan Argentinada S.Sarkisyanın MBD və Gömrük İttifaqı ilə Buenos-Ayres arasında əlaqə yaratmaq təklifini belə qiymətləndirir: "...Ermənistan özünü natəmiz Avrasiya evindəki yem qismində təqdim edir. Bu, əlbəttə, yenə kiçik iqtisadi köpük yarada bilər, ancaq o, çox tez partlaya da bilər" (bax: Акоп Бадалян. Армении больше нечего сказать / "Lragir.am", 8 iyul 2014).

Göründüyü kimi, rəsmi İrəvanın siyasətinin saxta olduğunu Ermənistanın özündə də anlayanlar var. "S.Sarkisyan Argentina rəhbərliyinə başqa nə təklif edərdi?" sualını erməni ekspertlər verirlər. Cavab da maraqlıdır: faktiki olaraq heç nə! Doğrudan da, elə bir ciddi iqtisadi potensialı olmayan, təbii ehtiyatları kasad, enerji və nəqliyyat layihələrindən təcrid edilmiş bir ölkə uzaq məkandakı dövlətlərə nə təklif edə bilər? "Avropadan İrəvana gələn təyyarə reyslərində Rusiyanın miqrasiya kartları paylanır" yazan A.Badalyan, Sarkisyanın tutuquşu kimi Kremlin tapşırıqlarını təkrarladığını ayrıca vurğulayır.

Ermənistan prezidenti uzaq Latın Amerikasında uydurma soyqırımı və Gömrük İttifaqından söz açsa da, onlara elə bir maraq göstərilməyib. Bunların hər ikisi təbiidir. Doğrudur, erməni ekspertlər "soyqırımı" iddialarına haqq qazandırırlar. Lakin onun bir nağıl olduğunu hər kəs bilir. S.Sarksiyan da tutarlı arqument gətirə bilmir. O, Argentinanın "Clarin" qəzetinə verdiyi müsahibədə arxivlərin açılması əvəzinə, "türklər gəlib yüzminləri görsün", deyib (Серж Саргсян: наш народ очень обеспокоен тем, что наш стратегический союзник продает оружие Баку / "1in.am", 10 iyul 2014). Lakin adamların bir yerə toplaşması hadisənin baş verib-vermədiyinə verilən tarixi qiymətləndirmə ola bilməz. Bu nağıldır, "şüurlu blefdir".

Sarkisyan: kənar göstərişlər və süni məqsədlər arasında

Avrasiya İqtisadi İttifaqı aspektində Ermənistanın cəlbedici olacağına ekspertlər inanmırlar. Çünki nə ortaq sərhəd var, nə də İrəvanın geosiyasi nüfuzu. Bu səbəbdən S.Sarkisyanın Gömrük İttifaqı ilə bağlı söylədikləri faktiki olaraq Kremlin istədikləridir. Məsələ burasındadır ki, Rusiya Latın Amerikasında mövqeyini möhkəmlətmək üçün ciddi addımlar atır. O, ABŞ, Fransa və Çinlə burada mübarizə aparmalı olur. Moskvanı daha çox regional təşkilatın lideri kimi qəbul edilmək maraqlandırır. Aİİ-nin əsas dövləti qismində təqdim olunmaq bu baxımdan uğurlu seçim ola bilər. S.Sarkisyan da məhz Kremlin bu imici üçün nəsə etməyə cəhd göstərir.

Bu faktların fonunda S.Sarkisyanın nə qədər aciz vəziyyətdə olduğu və rüsvayçı saxta oyun oynadığı ortaya çıxır. O, rəhbəri olduğu ölkənin maraqlarından faktiki olaraq çıxış edə, müstəqil siyasət apara bilmir. Kənardan olan tapşırıqları yerinə yetirən siyasətçiyə isə reallıqda heç kəs hörmət etməz. Latın Amerikasında da onunla məhz belə davrandılar.

Ermənistan gerçəkdən xarici siyasətdə tam iflasa uğramış ölkədir. Onun heç bir qonşusu ilə normal əlaqələri yoxdur. Gürcüstan Avropa İttifaqına (Aİ) assosiativ üzv olduqdan sonra Ermənistanla iqtisadi münasibətlərə yenidən baxıla biləcəyini bildirib. Tbilisi Aİ-dən gömrüksüz gətirilən malların Gömrük İttifaqının üzvü olan Ermənistana hansı şərtlər daxilində verilə biləcəyi məsələsinin aydın olmadığını vurğulayıb. Ermənilər bunu Gürcüstanın xəbərdarlığı kimi qiymətləndiriblər.

İranla əlaqələrdə daha ağır vəziyyət yarana bilər. Rəsmi Tehran Meğridən enerji xəttinin çəkilməsinin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Naxçıvan yolu isə ermənilərə bağlıdır. Belə çıxır ki, İranın Qərblə münasibətləri normallaşdıqda, Tehran-İrəvan xəttində gərginlik yüksələ bilər. Rusiyanın bu ixtilafın çözülməsində konkret rol oynaya biləcəyi ehtimalı azdır.

Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri məlumdur. Dağlıq Qarabağdan işğalçı qoşunlar çəkilməsə, Ankara ilə Bakının İrəvanla əməkdaşlığı mümkün olmayacaq. Maraqlıdır ki, bunların fonunda ABŞ Ermənistan tərəfə işğal etdiyi 7 rayonu boşaltmalı olduğunu bildirib. Bunun səbəbi kimi kimlərinsə regionda savaş çıxara biləcəyi göstərilir.

Təbii ki, söhbətin hansı dövlətdən getdiyi aydındır. Ukrayna hadisələri bir çox təhlükəli məqamlardan xəbər verir. Deməli, Ermənistan faktiki olaraq regional və qlobal miqyasda xarici siyasəti tam iflas olmuş ölkəyə çevrilib. Cənubi Amerikada bu dövlətə kimlər yardım edə bilər? Təbii ki, heç kim. Hansısa ölkənin rəhbərini qondarma "soyqırımı yubileyi"nə dəvət etməklə xarici siyasəti xilas etmək mümkün deyil.

Bütün bunlar S.Sarkisyanın uzaq Amerika qitəsində qarşılaşdığı etinasızlığın əsl səbəblərini aydın göstərir. Forpost ölkənin başçısını başqa necə qarşılamaq olar? Çətin ki, erməni siyasətçi bundan lazımi dərs götürsün... Bunu təcrübəyə əsasən demək olar. Ancaq, əvvəllər də olduğu kimi, Ermənistanın dövlət olaraq belə davranışdan götürəcəyi fayda yenə də qeyri-müəyyəndir. Ermənilər sözün həqiqi mənasında müstəqil dövlət qura bilmədilər. İndi onların rəhbərlərinin xarici ölkələrin rəhbərlərinin qəbul otaqlarının künc-bucağında mürgüləməsi, əslində, erməni dövlətçiliyinin iflası deməkdir.

Bundan sonra Ermənistanı nələr gözləyir? Bu haqda ermənilərin özləri düşünsələr, daha yaxşı olar. Ancaq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdə daha israrlı olacağına şübhə yoxdur. Bir neçə il əvvəl ermənilər zəbt etdikləri ərazilərin bir qarışının da qaytarılmasını müzakirə etmək istəmirdilər. İndi onların Amerikadakı ağaları birbaşa deyirlər: "7 rayondan çıxmalısan" (bax: Акоп Бадалян. Знаки США Армении / "Lragir.am", 9 iyul 2014). Şübhəsiz, azad ediləcək rayonların sayı artacaq. Azərbaycan rəhbərliyinin tapşırıqlarını yerinə yetirən diplomatiya və ordu buna qadirdir.

Newtimes.az

 





22.07.2014    çap et  çap et