525.Az

Qələm - Oqtay Rzanın şeirləri


 

Qələm - <b style="color:red">Oqtay Rzanın şeirləri</b>

22 iyul Milli Mətbuat günüdür.

 

Tanrı töhfəsidir O, insanlara-

Qələmi çatdırıb Yerə mələklər.

Daş dövrü arxada qalandan sonra

Qələmin sələfi olub lələklər.

 

Qələm - göy, qırmızı, yaşıl ... rənbərəng,

Qanıdır, canıdır onun mürəkkəb;

Bilik, mədəniyyət ehramlarıtək

Sevilir hər orta, hər ali məktəb.

 

Qələm - ustadların, nəsillərin

Möhkəm qoruduğu miras, əmanət.

Çətin, müsibətli hərb illərində

"Qələmim  süngüdür", - söyləyib Səməd*.

 

Çoxdur ağrıları bu qədim yurdun,

Qələmdən nur içib işıqsız gözlər;

Heyif qürbətdədir Dədəm Qorqudun

Dəri üzərində yazdığı sözlər.

 

Zərdüşt, İbn Sina, Homer, Şekspir...

Qələm meydanının cəngavərləri.

Qələm - bir sehrli çubuq kimidir:

Açır qapıları, açır sirləri.

 

Bütün haraylara gərək hay verim,

Yayın söhbətimi, çəkin adımı!

Qələm olmasaydı, ay müasirim,

Robot, sayt, kompüter yaranardımı?!

 

Qələmdən kağıza süzülən inci

Düzülüb sıraya dönər əsərə.

Münəccim yaşıdım yaxşı deyir ki,

Qələm yol gedəcək mininci əsrə.

 

Daha qüdrətlidir topdan, mərmidən,

Dərinlik, ucalıq bəxş edir qələm;

Sözüm qanadlansın kosmik gəmidən:

Bəşərin ən böyük kəşfidir qələm!

 





22.07.2014    çap et  çap et