525.Az

Dörd jurnalist Zərdabi və Nəcəfov ənənələri mükafatına layiq görülüb


 

Dörd jurnalist Zərdabi və Nəcəfov ənənələri mükafatına layiq görülüb<b style="color:red"></b>

Demokratik İslahatlar Partiyası 4 jurnalisti “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatına layiq gördüyünü açıqlayıb.

525.az-ın Media foruma istinadən verdiyi məlumata görə, qərarı Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 İyul Azərbaycan Jurnalistikası Günü münasibətilə çıxarıb.

2014-cü ildə “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatına uğurlu televiziya layihəsinə görə İctimai Televiziyadan Vəsilə Vahidqızı, Azərbaycanın ictimai-siyasi və sosial həyatında baş verən proseslərin obyektiv işıqlandırılmasına görə “Amerikanın səsi” radiosundan Tapdıq Fərhadoğlu, Azərbaycanda peşəkar internet mediasının formalaşmasındakı xidmətlərinə görə “Modern.az” saytından Əfqan Qafarlı, Azərbaycanın ictimai-siyasi həyatına və parlamentin fəaliyyətinə həsr olunmuş obyektiv məqalələrinə görə “Mediaforum.az” saytından İmdad Əlizadə layiq görülüblər.

Laureatlara mükafat və diplomlar təqdim olunacaq.

Demokratik İslahatlar Partiyası “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatını 2008-ci ildə təsis edib. Partiya bəyan edir ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-inin bütün nümayəndələrini Azərbaycan Jurnalistikası Günü münasibətilə təbrik edib.

 





22.07.2014    çap et  çap et