525.Az

“Yenidən şansınız olsaydı, jurnalistikanı seçərdinizmi?” - Sorğu


 

“Yenidən şansınız olsaydı, jurnalistikanı seçərdinizmi?” - <b style="color:red">Sorğu</b>

Bu gün Azərbaycan jurnalistikasının təməlinin qoyulduğu gündür. Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Modern.az saytı əlamətdar günü nəzərə alaraq, hazırda Azərbaycan jurnalistikasının tanınan simalarına “Yenidən peşə seçmək şansınız olsaydı, jurnalistikanı seçərdinizmi” sualı ilə müraciət edib.

Yusif Rzayev, “525-ci qəzet”in redaktoru - “Yox, birmənalı olaraq seçməzdim. Atam ixtisasca iqtisadçıdır, orta məktəbdə oxuyanda o çox istəyirdi ki, mən də onun yolunu davam etdirim, iqtisadçı olum. Amma mən jurnalistikanı seçdim və atam bu seçimə mane olmadı. Jurnalistikanın indiki durumunu, heç bir perspektiv olmadığını görəndə dəfələrlə olub ki, o hadisəni xatırlamışam və çox istəmişəm ki, kaş atam o vaxt mən jurnalistikanı seçdiyimi bildirəndə əlini hökmlə stolun üstünə vurub deyəydi ki, olmaz, sən məni istədiyim peşəni seçməlisən. Amma təəssüf ki, o illərə qayıtmaq üçün mənim sehrli xalatım yoxdur”.

Hikmət Sabiroğlu, “Mediaforum.az” saytının redaktoru - “Düşünmədən jurnalistikanı seçərdim. Jurnalistika mənim uşaqlıq arzum olub. Peşəmi sevirəm. Bacardığım iş varsa, o da jurnalistikadır. Başqa iş əlimdən gəlmir. Bu peşəni seçməyimə də peşman deyiləm”.

İlhamə Qasımlı, vaxtilə “525-ci qəzet”in aparıcı yazarlarından olmuş, hazırda Türkiyədə yaşayaraq BBC və Azərbaycan mediası üçün sərbəst çalışan jurnalist:
“Dünyaya neçə dəfə gəlsəm, yenə jurnalist olmaq istəyərəm – hərçənd bugünkü taleyimi dunyaya ilk gəlişimdə arzulamamışdım. Uşaq vaxtı düşünürdüm ki, böyuyəndə bağça və ya ibtidai sinif müəlliməsi, ya da tibb bacısı olacam... Jurnalist kimi vəzifəsindən, maddi imkanından, sahib olduğu sosial statusdan və daha nələrdən asılı olmayaraq, hər zaman hər kəslə özümü eyni mərtəbədə hiss eləmişəm... İstər prezident, istər nazirlərlə - həm də yüksək siyasi statuslu nazirlərlə - arada heç bir subardinasiya fərqi hiss etmədən ünsiyyət qurarkən jurnalist olmağımdan qürur duymuşam! Zəngin məmurların öz rəhbərləri ilə qorxa-qorxa danışdıqlarını gördüyüm zaman insanlarla vəzifə subardinasiyası tanımadan danışa bilməyimə görə jurnalistikada olmağımla fəxt etmişəm. İndi olkəmdən xaricdə yaşadığım bir vaxtda çevrəmdəki insanlar arasında yaxşı mənada diqqəti cəlb edərkən də həmin qüruru yaşayıram”.

Məhbubə Qasımbəyli, APA-nın redaktoru - “Əlbəttə, jurnalistikanı seçərdim. Səbəbləri üzərində çox geniş dayanmaq istəmirəm. Hər halda mən özümü jurnalist hesab edirəm. Belə bir şans olsaydı, yenidən jurnalist olardım. Məncə, bunun izahı yoxdur”.

Aytən Məmmədova, “Azadlıq” qəzeti – “Heç bir tərəddüd etmədən deyirəm ki, bəli. Çünki jurnalistika qədər maraqlı ikinci peşə yenə də jurnalistikanın özüdür. Dünyada, ölkədə, cəmiyyətdə baş verənlərdən ilk növbədə jurnalistlər xəbər tutur. Jurnalistlər ən məlumatlı təbəqə sayılır. Proseslərə diplomatlar qədər, bəzən hətta daha çox təsir imkanına malikdirlər. Belə bir peşəni niyə seçməyim?..”.

Etibar Cəbrayıloğlu, “Ədalət” qəzetinin redaktoru - “Həyatda seçimlər bir dəfə olur. İkinci dəfə üçün fikirləşmək bir az çətindir. Biz bu peşəni seçməmişik, tale elə gətirib ki, bu peşə bizi seçib. Zaman bizi seçdi ki, biz bu işlə, jurnalistika ilə məşğul olaq. Mən bu peşəni yenə də seçərdim. Ən azından insan özünü burda realizə edir, istədiyini yazır. Cəmiyyətə demək istədiklərini jurnalistika vasitəsi ilə çatdırır. Tanınır, sevilir, müəyyən mükafatlar alır”.

Natiq Cavadlı, “Meydan TV” - “Bu, sovet jurnalistikasının sualına oxşayır. Yenidən doğulsaydınız artist olardınız, şair olardınız? Siz Azərbaycandakı jurnalistikanın vəziyyətindən sual verin. Azərbaycanda jurnalistika batıb gedir”.

Elbrus Ərud, “Qafqazinfo.az” saytının baş redaktoru - “Əlbəttə, seçərdim. Çünki anam məni jurnalist doğub”.

Qulu Məhərrəmli, əməkdar jurnalist - “Jurnalistikanı seçərdim, amma Amerika jurnalistikasını”.

Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru – “Jurnalistikanı mən peşə olaraq seçmədim, peşəm mühəndis idi. Jurnalistika-qəzetçilik, Allahın mənim ömrümə yazdığı yazı imiş, indi mən həmin yazını "oxuyuram". Yenidən peşə seçmək şansım olsaydı, təbii ki, bu şansı qəzetçiliyə istifadə edərdim”.

Günel Bəhramqızı, “ATV Xəbər”in aparıcısı - “Seçərdim. Çünki bu gün nə əldə etmişəmsə, nə qazanmışamsa, Günel Bəhramqızı olmuşamsa, sevilmişəmsə, sevilməmişəmsə, özümə bu gün əminəmsə, inamlı addım ata bilirəmsə jurnalistikada qazandığım böyük təcrübənin nəticəsidir. Jurnalistikada olanda cəmiyyətin bütün təbəqələrilə münasibətdə ola bilirsən, sən xəbərin mənbəyindəsən, dünyanın tən ortasındasan, hamını görürsən və hamı da səni görür. Başqa peşədə 5 ilə qazanacağım təcrübəni burda bir ilə qazanmışam. Burda söhbət maddiyyatdan yox, sırf həyat təcrübəsindən gedir. Bu peşədə mənəvi qazancım çox olub. Çoxlu dostlar, geniş əhatə dairəsi qazanmışam. Mən birmənalı olaraq yenidən bu peşəyə gələrdim. Sadəcə olaraq bəzi səhvləri etməzdim, daha təcrübəli gələrdim”.

Qurban Yaquboğlu, “Güdəlik Teleqraf” qəzetinin redaktoru - “Yenidən dünyaya gəlmək şansım və yenə oxumaq, kitablarla tanış olmaq imkanım olsaydı, yəqin yenə yazmaq arzumu saxlaya bilməzdim. Jurnalistika da yazmaq eşqinin bir hissəsidir. Deməli, yenə jurnalistikada olardım”.

 





22.07.2014    çap et  çap et