525.Az

“Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır”


 

“Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır”<b style="color:red"></b>

İyulun 22-də xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyi dövlətləri və Şərq tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxış edib.

XİN-dən 525.az-a verilən məlumata görə, nazir çıxışında Ermənistanın təcavüzkar siyasətinə də toxunub: “Təhrif olunmuş ticarət əməliyyatları ilə bağlı məyusedici faktlara münasibətdə narahatlığımızı ifadə etmək istərdim. Əldə etdiyimiz məlumata görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal olunmuş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa Birliyi bazarlarında satılır. Bu, Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir. Ermənistan ÜTT-yə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Ona görə də Şərq tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq Avropadan olan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram”.

Nazir qeyd edib ki, Avropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir: “Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq edib. Lakin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalının davam etdirilməsi Şərq tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir.

Ermənistan Respublikası Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə tam nəzarət edərək mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq fait accompli praktikasını tətbiq etməyə səylər göstərir. Yuxarıda qeyd etdiyim saxta ticarət əməlləri bu hallardan sadəcə bir neçəsidir. Bu fəaliyyətlərlə bağlı Avropa Birliyinin sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır”.

Başqa bir rəsmi xəbərə görə, iyulun 22-də Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüb. Görüşdə Qarabağ münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

 





23.07.2014    çap et  çap et