525.Az

Milli mətbuatın yaranmasının 139-cu ildönümü qeyd edilib


 

Milli mətbuatın yaranmasının 139-cu ildönümü qeyd edilib<b style="color:red"></b>

İyulun 22-də Bakıda, “Altun saray”da Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, media təmsilçiləri iştirak ediblər.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərin milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 116 yazı təqdim olunub. Bu yazıların müəllifləri 66 redaksiyanı təmsil edir. Yazılar fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 30 jurnalistin müsabiqənin qalibi olması, 10 nəfərin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdəki çıxışı zamanı milli mətbuatın tarixindən və hazırkı durumundan danışıb.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını xatırladan Əli Həsənov deyib ki, fond KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində fonda dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib: “Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Məlum olduğu kimi, Azərbaycan prezidentinin 2010-cu il 22 iyul tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bir bina inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilib və tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün cənab prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoyub.

Ötən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib. Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın fəal internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-lərin hərtərəfli inkişafı üçün zəruri addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirərək, onu iki dəfə - 2010-cu və 2013-cü illərdə “Jurnalistlərin dostu” seçiblər.

Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilib. Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Eyni zamanda, öz tarixi dəyərlərini, jurnalistikada “Əkinçi” ənənələrini yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır”.

Sonra müsabiqənin qaliblərinə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mükafatları təqdim edilib.

Daha sonra mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov nazirlik adından Mətbuat Şurasının sədri Əflatun Amaşova və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə fəxri fərman təqdim edib.

Sonda Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı təqdim olunub.

Mərasim konsert proqramı ilə davam edib.

 





23.07.2014    çap et  çap et