525.Az

"Partiya sədrləri haradan maliyyələşirlər?" - Millət vəkili


 

Yeni Azərbaycan Partiyasından olan (YAP) millət vəkili Aydın Mirzəzadənin 525-ə müsahibəsi

"Partiya sədrləri haradan maliyyələşirlər?" - <b style="color:red">Millət vəkili</b> – Aydın müəllim, məlum olduğu kimi, gələn il partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanılacaq. Ancaq belə fikirlər var ki, onsuz da hakim partiyanın maliyyə resursları kifayət qədərdir. Hətta, burada başqa məqamlara işarələr vurulur ki,  bu maliyyə bir o qədər də düzgün olmayan mənbələrdən gəlir. Yəni, bunun fonunda yardım YAP-dan daha çox digər parlament partiyalarına və parlamentdən kənarda qalan nüfuzlu partiyalara olunmalıdır...  

– Birincisi, YAP qanundan kənar heç bir  maliyyə almır. Onun maliyyə mənbəyi ancaq və ancaq üzvlük haqqıdır və bu qanun qüvvəyə mindikdən sonra dövlət tərəfindən yardım edilən yardım olur. Digər tərəfdən, yenə bir məqamı vurğulamaq istəyirəm ki, siyasi partiyalara dövlət tərəfindən maliyyə yardımı bu, əlavə yardımdır, əsas yardım deyil. Partiyalara əsas diqqətlərini üzvlük haqqına və ianələr toplamalıdır. Digər tərəfdən, əgər hansısa partiya parlamentdə kifayət qədər səs toplayıb və maliyyə yardımı alıbsa, həmin maliyyə  nəyə görə digər partiyalar arasında bölünməlidir? Kimsə daha çox yardım almaq istəyirsə, parlamentdə təmsilçilərinin sayını artırsın...  

– Hər il YAP maliyyə hesabatı verir. Bu da müxalif düşərgədə birmənalı qarşılanmır ki, yəni, YAP xərclədiklərinin fonunda – qanuni və qeyri qanuni, onların fikridir, çox cüzi və gülməli rəqəmlər açıqlayır...

– Müxalifətin YAP-a qarşı sürdüyü iradı gülməli hesab edirəm. YAP-ın bütün fəaliyyəti, o cümlədən maliyyə fəaliyyəti kifayət qədər şəffafdır və çox istərdik ki, heç olmasa, bir dəfə müxalifət partiyaları da illik maliyyə hesabatını açıqlasın. YAP-dan fərqli olaraq heç bir müxalifət partiyası bu gün illik maliyyə hesabatını açıqlamır. Onların aparatının, onların xarici səfərlərinin, onların qəzetlərinin haradan maliyyə mənbəyi alması cəmiyyət üçün kifayət qədər qaranlıqdır və bu gün bu məsələyə aydınlıq gətirmək əvəzinə YAP-a böhtan atmaq, təəssüf ki, onların bir fəaliyyət proqramına çevrilib. 

– Amma onlar bu iddiaya qarşılıq olaraq hər zaman  bildirirlər ki, elə bir maliyyə mənbələri olmadığı üçün onu geniş açıqlamağa da ehtiyac yoxdur... 

– Lap bir manatlıq maliyyə mənbəyi varsa, o da açıqlanmalıdır. Elə isə sual edirəm: partiya sədrləri haradan maliyyələnirlər? Onların cangüdənləri, onların köməkçiləri, onların aparatı haradan maliyyələşir? Doğrudanmı, onlar ailəsinə heç bir maliyyə vəsaiti aparmır və ancaq könüllülük əsasında işləyirlər? Nəsə buna inanmağım gəlmir... 

– Ümumiyyətlə, bu məsələ, yəni, gözlənilən maliyyə yardımı siyasi partiyaların maliyyə şəffaflığına kömək edə biləcəkmi?

– Mənə elə gəlir ki, bu, həmin istiqamətdə atılan addımlardan biridir. Mən istəməzdim ki, partiyaların, hansı ki, dövləti, cəmiyyəti idarə etmək iqtidarındadırlar,daha doğrusu, iddiasındadırlar, maliyyə yardımı məsələlərinə, maliyyə şəffaflığı məsələlərinə yönəlik inzibati addımlar atılsın. Bu, artıq partiyaların özünün daxili istəyindən gəlməlidir.

Kamil HƏMZƏOĞLU   
 





02.11.2012    çap et  çap et