525.Az

Kəlbəcərdə girov götürülənlərlə bağlı bəyanat yayılacaq


 

Kəlbəcərdə girov götürülənlərlə bağlı bəyanat yayılacaq<b style="color:red"></b> “Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlılardan biri deyilənə görə öldürülüb, ikisi isə onların əlindədir. O insanlara müxtəlif ləkələ yaxırlar. Gah diversant deyirlər, gah hansısa cinayət törətdiklərini bildirirlər. Deyilənə görə, Dilqəm və Şahbaz dəfələrlə ora gediblər, qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət ediblər. Onlar öz doğma yerlərinə, vətənlərinə gediblər”. 
 
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
 
Ə. Həsənov bildirib ki, Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər, qəhrəmandırlar: “Onları qətiyyən qınamaq olmaz. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə nümunədirlər. Onlar Kəlbəcərə bir neçə dəfə gediblər. İstəsəydilər, elə o vaxt gedəndə hansısa hadisələr törədərdilər. Kəlbəcərdə 17 yaşlı bir oğlan ölüb. Cinayət işini aça bilmirlər, onların üstünə yıxırlar. Belə çıxır ki, açılmayan nə qədər cinayət varsa, yıxacaqlar həmin azərbaycanlıların üstünə...”
 
Ə. Həsənov xatırladıb ki, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var: “Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər”.
 
Baş nazirin müavini bildirib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: “Biz bilirik ki, onlara təzyiq göstərilir, işgəncələr verilir”.
 
Ə. Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan prezidentinin diqqətindədir, dövlət bu məsələ ilə məşğuldur.
 
O, Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı Azərbaycan hökumətinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu gün birgə bəyanat yayacağını da qeyd edib.
 
Ə. Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra təşkilat əməli fəaliyyətə keçib: “Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər”.
 





23.07.2014    çap et  çap et