525.Az

Gənclər və İdman Nazirliyi ilə ADİU arasında əməkdaşlıq müqaviləsi imzalanıb


 

Gənclər və İdman Nazirliyi ilə ADİU arasında əməkdaşlıq müqaviləsi imzalanıb<b style="color:red"></b> Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə ADİU-nun nəzdində yaradılan “İnnovativ Biznes–inkubator”un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi nəzərdə tutulub.

525.az-ın ADİU-in ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, “İnnovativ Biznes–inkubator” layihəsi çərçivəsində tələbə “Start-up”ları üçün peşəkar təlimlərin, yeni başlayan tələbə-sahibkarlar üçün təlim kurslarının keçirilməsi, “Start-up”ların yaradılması üzrə ixtisaslaşdırılmış metodik ədəbiyyatın hazırlanması və dərc edilməsi, biznes-planların və marketinq-strategiyaların işlənib hazırlanması, şəxsi biznesin aparılması və inkişafı üzrə tövsiyyələrin işlənilməsi nazirliyin vəsaiti hesabına həyata keçiriləcək.
Müqaviləyə əsasən həmçinin, biznes-inkubatorların və “Start-up”ların fəaliyyətinə dair maarifçilik materiallarının buraxılışı, ADİU-nun “İnnovativ Biznes-inkubator”unun informasiya saytının yaradılması planlaşdırılıb.
Layihə 2014-cü ilin sonuna qədər davam edəcək və onun reallaşdırılması ölkə universitetlərində müxtəlif profilli biznes-inkubatorların və tələbə “Start-up”larının yaradılmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək.
Qeyd: “İnnovativ Biznes-inkubator”u ölkədə ilk dəfə olaraq ADİU-nun nəzdində yaradılıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” çərçivəsində həyata keçirilən layihənin məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir. Layihədə həmçinin, ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Onlar “İnnovativ Biznes-inkubator” layihəsi çərçivəsində innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master klasların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları “Start-up” layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.
 





23.07.2014    çap et  çap et