525.Az

Roma zəfəri: İlham Əliyevin praqmatik proqramları


 

Roma zəfəri: <b style="color:red">İlham Əliyevin praqmatik proqramları</b>

Azərbaycan dövlət başçısının İtaliyaya səfəri KİV-də geniş əks-səda doğurub.

İtaliya mətbuatı Prezident İlham Əliyevin siyasət və mədəniyyət sahəsində İtaliyaya təklif etdiyi layihələrin əhəmiyyətini vurğulayıb. O cümlədən, Azərbaycanın Romada "Mercati di Traiano" muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə dəstəyini verməsi hörmətlə qarşılanıb. Azərbaycan və İtaliya rəhbərləri aktual siyasi, iqtisadi, enerji və geosiyasi məsələləri də müzakirə edib, qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyin zəruriliyini vurğulayıblar. Bu aspektdə Trans-Adriatik boru kəməri layihəsinin reallaşması istiqamətində atılacaq addımların müəyyənləşdirilməsi əhəmiyyət kəsb edir.

Mədəniyyət və siyasət: Azərbaycanın təşəbbüsləri

Azərbaycan Prezidentinin iyulun 13-15-də Romaya səfərinə İtaliya KİV-i geniş yer ayırıb. Bunun bir səbəbi dövlət başçısı İlham Əliyevin yüksək nüfuza sahib olmasıdır. Eyni zamanda, Azərbaycan tərəfi Romanın mədəni irsinə çox böyük hörməti ifadə edən addım atıb. Bu kontekstdə Avropanın tanınmış nəşrlərindən olan İtaliyanın "La Repubblica" qəzeti iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb, dərhal da bunun əsas əlamətlərindən biri kimi Azərbaycanın "Mercati di Traiano" muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə dəstəyinə işarə edib. Qəzet yazır: "Bu sənəd Romanın mədəni inkişafına mühüm töhfə verəcək" (bax: Fori Imperiali, accordo Roma-Azerbaigan: 1 mln per gli scavi / "La Repubblica", 14 iyul 2014). Məqalədə italyan müəllif bunu Azərbaycanın "mədəniyyət mesenatlığı" ("mecenatismo culturale") adlandırır.

"Roma Today" xəbər portalı, "Libre Prensa", "Rai News" saytları və başqa nəşrlər də eyni ruhda fikirləri ifadə edən yazılar dərc ediblər. Onlar ilk növbədə Azərbaycan Prezidentinin, ümumiyyətlə, mədəniyyətə böyük diqqət yetirdiyini vurğulayır, o cümlədən, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədə atdığı addımların önəmindən bəhs edirlər.

İtalyanların bu cür münasibəti, şübhəsiz, sevindiricidir. Bununla yanaşı, dərk edilməlidir ki, bu hörməti Azərbaycanın özü qazanıb. Prezident İlham Əliyevin mədəniyyətlər və dinlər arası dialoqun inkişafı üçün həyata keçirdiyi proqramlar hamıya məlumdur. İndi Avropa da etiraf edir ki, bu sahədə Azərbaycanı regionun aparıcı dövləti kimi qəbul etmək gərəkdir.

Bunlarla yanaşı, Cənubi Qafqazın lider dövlətinin İtaliya mədəniyyətinin inkişafına konkret maddi töhfə verməsinin siyasi mənasını da unutmaq olmaz. Məsələ bundan ibarətdir ki, illərdir erməni təbliğatı və Qərbdə onlara havadarlıq edən bəzi dairələr Azərbaycanda xristian mədəniyyətinin, qəbirlərinin, abidələrinin dağıdıldığını, hətta münaqişənin dini zəmində yarandığına dünyanı inandırmağa çalışırdılar. Bu əsassız və süni obraz Azərbaycan rəhbərinin böyük səyləri nəticəsində darmadağın edildi. Məhz həmin kontekstdə İtaliya qəzetlərinin İlham Əliyevin addımını "mədəniyyət mesenatlığı" kimi qiymətləndirməsi əhəmiyyətlidir.

Burada ulu öndər Heydər Əliyevin 1997-ci ildə, Prezident İlham Əliyevin isə 2005 və 2008-ci illərdə İtaliyaya olan səfərlərinin oynadığı rolu mütləq xatırlamaq lazımdır. Çünki Heydər Əliyev iki ölkə arasında əməkdaşlığın təməl prinsiplərini və onun strateji inkişaf çərçivələrini müəyyən etmişdi. İlham Əliyev isə bunun üzərində qarşılıqlı əlaqələri genişləndirdi, məzmunca yeni səviyyəyə qaldırdı.

Bakının Romada mədəniyyətlə bağlı xeyirxah iş görməsi, əlbəttə, bütövlükdə iki ölkə arasındakı əməkdaşlığa müsbət təkan verir.

Prezident İlham Əliyev İtaliya rəsmiləri ilə enerji sahəsindəki əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm müzakirələr aparıb və razılıqlar əldə edib. Məlumdur ki, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) layihələrinin reallaşdırılmasının Avropa üçün də böyük əhəmiyyəti vardır. Bəzi dairələr buna qarşı addımlar atmaqdadırlar.

Lakin Azərbaycan çox qətiyyətli mövqe tutub və layihələrin həyata keçməsi üçün konkret işlər görür. Romada da uğurlu danışıqlar aparılıb. Tərəflər mövzunun müxtəlif aspektlərini müzakirə ediblər (bax: Il presidente azerbaigiano Aliyev a Roma per il Tap. E dona 1 mln per gli scavi archeologici / "Notizie Geopolitiche", 16 iyul 2014).

Geosiyasi strategiya: Bakının uğurlu seçimi

Bu məsələ geosiyasi aspektdə indi daha çox aktuallıq kəsb edir. Dünyada baş verən bir sıra proseslər enerji təhlükəsizliyi problemində çətinliklər yaradıb. Hətta bəzi ekspertlər Qərbin nəzərdə tutduğu enerji layihələrinin reallaşmasına ciddi maneələrin ola biləcəyindən danışırlar.

Həmin məqama Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması müstəvisində nəzər salınır. Lakin rəsmi Bakı xarici siyasətini müstəqil surətdə aparır və tam praqmatizmə əsaslanır. Prezident İlham Əliyevin Roma səfəri bunu bir daha təsdiq etdi. TAP-ın reallaşmasının qarşısını heç bir şeyin ala bilməyəcəyi aydın görünür.

Digər tərəfdən, Ermənistanın enerji layihələrinə qarşı yönələn təbliğatının bir nəticə vermədiyi də təsdiqlənir. Sirr deyil ki, ermənilər TAP da daxil olmaqla, iri layihələrin uğursuz olacağından dəm vururlar. Onlar Qərbin Ermənistan amilinə görə Azərbaycanın həmin sahədəki təşəbbüslərinə laqeyd qalmasından yazırlar. Ancaq real proseslər tamamilə başqa məqamlardan xəbər verir.

Bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya səfəri geosiyasi aspektdə strateji xarakter daşıyır. Enerji təhlükəsizliyinin təmini üçün lazım olan addımların atılmasının zəruriliyi növbəti dəfə təsdiq olundu. Həmin aspektdə dövlət başçısının bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açması olduqca vacib bir məqamdır. Əgər Azərbaycan Cənubi Qafqazda enerji sahəsində ən vacib tərəfdaşdırsa, onun qarşısında duran əsas maneəni Avropa görməli, eyni zamanda, həmin əngəlin aradan qaldırılmasında yaxından iştirak etməlidir.

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycanla yanaşı, Avropaya da lazımdır. Çünki belə olmazsa, zaman-zaman müəyyən qüvvələr həmin problemdən istifadə edərək, sabitliyi pozmağa çalışacaq, Avropaya inteqrasiya qarşısında çətinliklər yaradacaq. İndidən bunun bir sıra əlamətləri özünü göstərir.

Məsələn, erməni ekspertlər Gürcüstanın Avropa İttifaqına (Aİ) assosiativ üzv olması ilə region səviyyəsində əməkdaşlıqda problemlər meydana gələ biləcəyini vurğulayırlar. Onlar məsələnin bir tərəfini özlərinə sərf edən geosiyasi konfiqurasiyaya bağlayırlar (bax: Арам Аматуни. Какое отклонение зафиксировала Грузия в Армении? / "1in.am", 14 iyul 2014).

Azərbaycanın fəaliyyəti bu cür əsassız iddialardan tam uzaqdır. Rəsmi Bakı konkret proqramları ilə Avropa, Rusiya, İran, Çin, Türkiyə, Gürcüstan və başqa ölkələrlə əməkdaşlığı genişləndirir, regional inteqrasiyaya öz töhfəsini verir. Prezident İlham Əliyevin Roma səfəri də bu kontekstdə Azərbaycan-Aİ əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qaldırılması müstəvisində olduqca ciddi əhəmiyyət kəsb edir.

Məlumdur ki, Azərbaycan Aİ-yə ayrıca əməkdaşlıq modeli təklif edib. Strateji xarakterli həmin modeldə tərəflərin konkret layihələr üzrə qarşılıqlı əlaqələri inkişaf etdirmələri əks olunub. Buna görədir ki, Aİ rəsmiləri Bakının bu təşəbbüsünü yüksək qiymətləndirirlər. Həmin məqam Prezident İlham Əliyevin son İtaliya səfərində də öz təsdiqini tapdı.

Bütün bunlar dövlət başçısı İlham Əliyevin İtaliyaya səfərinin böyük əhəmiyyət daşıdığını təsdiq edir. Azərbaycan Aİ ilə münasibətlərini müasir qlobal geosiyasi reallıqlara uyğun praqmatik aspektdə inkişaf etdirir. Mədəniyyət, enerji, siyasi, iqtisadi və başqa sahələri əhatə edən layihələrin həyata keçirilməsi bunun perspektivliyindən xəbər verir. Həmin kontekstdə ölkə başçısının İtaliya səfəri irəliyə doğru atılmış addımdır. Prezident İlham Əliyevin Romada söylədiyi aşağıdakı fikir bütövlükdə əməkdaşlığın mahiyyətini çox gözəl ifadə edir: "...biz İtaliya ilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir" (bax: Prezident İlham Əliyev Romanın "Mercati di Traiano" muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə vermişdir / AzərTAc, 14 iyul 2014).

Burada bir müqayisə aparmağa ehtiyac duyulur. Ermənistan prezidenti S.Sarkisyanı Latın Amerikasında hörmətsiz qarşıladılar. Onunla demək olar ki, heç bir ciddi məsələ müzakirə olunmadı. Ənənəvi "erməni soyqırımı" nağılından dəm vuruldu. Ermənistan prezidenti dünya ictimaiyyətinə konkret müsbət bir təklif, əməkdaşlıq layihəsi təklif etmək iqtidarında deyil. Bunun fonunda İlham Əliyevin hər bir səfəri tarixi sazişlərin və müqavilələrin imzalanması ilə müşayiət olunur. Bu fərqi Avropa da nəhayət görməli, etiraf etməli və "ikili standartlar"dan əl çəkməlidir.

Newtimes.az

 





23.07.2014    çap et  çap et