525.Az

Rəşad Məcid: “İndi öz içimdə gəzən dövrümdü”


 

"525-ci qəzet"-in baş redaktoru Rəşad Məcidlə müsahibə

Rəşad Məcid: “İndi öz içimdə gəzən dövrümdü”<b style="color:red"></b> “Azadlıq” qəzetində çalışdığım dönəmlər idi. Azərbaycan mətbuatının imza olaraq brendi sayılan xeyli kişi həmkarlar var idi o zamankı qəzet heyətində. Bir də görürdük ki, ara qarışdı və hamının üzü gülür. Ağlımıza gələn iki-üç ehtimaldan biri bu olurdu ki, “525-ci qəzet”in baş redaktoru ziyafət verir. O “525-ci qəzet” ki, ona bugünkü müsahibim Rəşad Məcid rəhbərlik edirdi o zaman da, elə indi də. Amma indi həm də baş redaktorluğa paralel olaraq başı daima qalmaqalda olan Azərbaycan Yazıçılar Birliyinin katibidir. Bilmirəm niyə, amma bəzən kobud, bəzən özündənrazı təsiri bağışlayan bu adamın gülümsəməsi həmişə adamları ən sərt hallarında belə yumşaldırdı. Məndən başqa hamı çox istəyirdi bu adamı. O zamanlar hər birimiz həm də bir neçə ailənin yükünü çəkən uşaqlar idik. Ailəli deyildik, sadəcə ailələrimiz bizim aldığımız məvaciblə dolanırdı. Ən çox qanıqara olanlardan biri idim mən o heyətdə. Rəşad Məcid həmişə tədbirlərdə rast gələndə bu qanqaralığımı aradan qaldırmağa çalışırdı. Nədəndir bilmirəm, amma bu mənim acığıma gəlirdi. Hətta bir dəfə Qənimət Zahidova məni göstərib “bunu niyə işə götürüblər ki, bilmirəm, bu nəsə bacarır ki?” demişdi. Sonra da ürəkdən gülmüşdülər.  Mən bu zarafatı da sərt qarşılamışdım. Çoxları xatırlayar yəqin, o zamanlar qəzetlərin çap kağız qıtlığı var idi. Və baş redaktorlar bu mövzuda tez-tez toplantı keçirirdilər. Mən ondan başqa hamıdan müsahibə götürürdüm. Cəmi bir dəfə redaktorlar ona müraciət eləməyimi tələb elədilər məndə. Müsahibə götürməyinə götürdüm, amma Hikmət Sabiroğlu və Azər Hüseynbalaya düz bir həftə acıq da elədim, məni buna məcbur etdiklərinə görə...
 
Demək istədiyim odur ki, bu söhbətə qədər Rəşad Məcid mənim üzbəüz oturmaq istəmədiyim biri olub həmişə. Amma yaxşı ki, üzbəüz oturduq....
 
- Nə yeniliklər var Rəşad müəllim?
 
- Nəvəm olub. Onu görmüşəm. İndiyə qədər yaşanmamış hiss idi mənim üçün və fərqli hissdir. Hiss elədim ki, bu yeniliyə hər şeydən çox alışacam. Və o evdə olmayanda darıxmağa səbəbim olacaq.
 
- Oğlandı ya qız? Günün ən aktual suallarından biridir?
 
- (Gülür) Məndə üç oğlan var idi, öz övladlarım. Nəvəm qızdı. Bu mənada da yenilikdi evimizdə.
 
- Adını nə qoymusunuz?
 
- İki ad üzərində düşünürdük. Sonra dedilər gəlinim yuxuda görüb ki, qızı olub. Yoldaşı da adını Mehin qoyub. Dedim, heç nə fikirləşməyin, yuxuda görülübsə elə Mehin olsun.
 
- Yuxulara inanırsınız demək?
 

- Əlbəttə, inanıram. İnandığım başqa bir şey də var. Neqativ enerji və onu aparan üzərlik. Bəzən tədbirlərdə coşqu-filanla danışandan sonra, gəlib evdə ağırlıq neqativ təsir hiss eləmişəm. Onu üzərlik götürüb. Onun tüstüsündə də fərqli bir qoxu var...

Yuxularasa münasibətim fərqlidir. Bəzən mənə elə gəlir ki, yuxular ömrün və düşüncənin davamıdır. Bəlkə də fikirlərin hansısa improvizə olunmuş formasıdır. Yuxuların gerçəkliklə əlaqəsi var. Yuxunu yozub ona görə hərəkət eləməyin tərəfində deyiləm. Amma insan ovqatının düşüncəsinin davamıdır yuxular, buna əminəm. Və  o da ola bilər ki, adamlara açıb həqiqəti göstərsin.
 
- Adətən olur ki, ikrahdan, ya da acıqdan deyirlər, yuxunda görərsən. Amma mən əks tərəfini bilmək istəyirəm, lap yuxuda da olsa görmək üçün həsrətində olduğunuz nəsə, kimsə varmı?
 
- Yox. Amma yuxuma da, ağlıma da gəlməyənin başıma gəldiyi olub. İnsanın fantaziyası, xəyal dünyası böyükdür. Amma elə bir şey yadıma sala bilmirəm ki, onu yuxuda da olsa görməyi arzulayım.
 
- Gənclik illərində necə?
 
- Hə, onda olub. Bilirsinizmi gənclikdə indi nail olduğum hər şey yuxu kimi gəlirdi mənə. Gənclikdə həyatın dadı başqa olur. Yuxuma qadınlar da girib, əldə eləmək istədiyim nailiyyətlər də. Rəng və dad başqa idi yəni. Qəribə olanı budur ki, mən həyatımda kim olacağımı 14-15 yaşlarımdan bilirdim. Şerlər yazırdım. Arzulayırdım ki, jurnalist olum. Hərdən Yazıçılar Birliyinin qarşısına gəlib böyük şairlərə baxırdım. Utana-utana şerlərimi “Ulduz” jurnalına göndərirdim. İndi deyə bilərəm ki, uşaqlıq arzularıma çatmışam. Amma daha o boyda arzularım yoxdu.
 
- Nə boyda?
 
- Məsələn arzulamıram ki, Nobel mükafatı alım.
 
- Niyə?
 
- Elədiyimi eləmişəm. Sakit və müdrikəm.
 
- Bəlkə bacardığınızı eləmisiniz deyək?
 
- Əslində məni dünyada təəccübləndirəcək bir şey yoxdur. Mənim fikrimcə, xeyli dərəcədə dünyanın dadını bilirəm və görmüşəm.
 
- Nə dadır dünya?
 
- Bir dad deyil ki, müxtəlif dadları var. Çox dadını bilirəm, qarışıq dadlardı. Çox yerləri gəzmişəm. Amma indi dünyadan çox insanlar maraqlıdır mənim üçün. İnsanları izləmək onları daha dəqiq müşahidə eləmək. Özümdə gəzmək. Ramiz Rövşən deyir ki,
 
Hər yerdən qayıtdın gəldin,
İndi buyur gəz içində...
 
Yəni indi mənim o dövrümdü. Öz içimdə gəzən dövrüm. Öz içimi öyrənirəm.
 
- Necədir içinizdəki yollar? Gəzə bilirsinizmi?
 
- Çətin olur. Bəzən ürəyin sızıldayır, beynin yorulur. Amma maraqlı səyahətdir. Mən deyərdim ki, insanın edə bildiyi ən maraqlı səyahətdir.
 
- Təxminən nə qədər gedə bilmisiniz? Bilirsinizmi niyə soruşuram, hərdən mənə elə gəlir ki, ən uzun yoldu insanın özündən özünə olan məsafə?
 
- Bu sonsuz, bitib tükənməyəcək səyahətdir. O üzdən deyə bilərəm ki, hələ gəncliyimdəyəm. Gəncliyim çox qaynar keçib mənim. İndi isə elə bil o hay-küylü qonaqlıqlardan, söhbətlərdən, uzaqlaşıb çəkilmişəm. Onlar bir xeyli adiləşib və maraqsızlaşıb. Ramiz deyir ki,
 
İlahi qocalıq bu imiş demək
Dostlardan səssizcə qırılır adam...
 
- İlk dəfə Bakıya gəlməyiniz yadınızdadırmı?
 

-  Hə, yadımdadır. Mən ilk dəfə Bakıya gələndə beşmərtəbənin yanında bir çayxana var orda Aqillə görüşüb tanış olmuşdum. Mən onda məəttəl qalırdım ki, çayxanada necə qeyri-adi mühit varmış. Aqilin hesabına görmüşdüm o mühiti ilk dəfə. Yazıçılar, şairlər orda oturub elə şeylərdən danışırdılar ki, mənim adət elədiyim çayxana təəssüratı tam dağılırdı. Mənim adət elədiyim çayxana söhbətləri deyildi. Əməlli başlı diskussiyalar gedirdi. Sonra 80-ci illər müstəqillik qazanmaq istiqamətində ilk addımlar atılanda o vaxtkı Lenin muzeyinin yaxınlığında bir Bahar çayxanası vardı. Hamı orda yığışırdı. Hətta o zamanlar MK-nın baş katibi Əbdürrəhman Vəzirov deyirdi ki, mənim bu boyda partiya aparatım bir Bahar çayxanasıyla bacara bilmir. Orda o qədər dəyərli adamlar yığılırdı yəni. Bütün bu proseslərin içində gələ-gələ  mənim üçün hər şey aydınlaşıb elə bil. Son 7-8 ildə isə ümumiyyətlə mənə elə gəlir ki, hər şeyin dadını artıq bilirəm.
 
- Sizə elə gəlir, yoxsa elə gerçəkdən elədi?
 
- Yox, elə deyəsən elədi. İndi mənim işdən kənarım, işdən sonram da evimdi, bir də özüməm özümə. Bizim keçmişdə oturduğumuz o çayxanaları indi evimizin içindəki “çayxana”, yəni sosial şəbəkələr əvəz edir. Adamları ordan da müşahidə edib tanımaq olur. Bir də artıq o yaşım da deyil. İndi o yaşdır ki, gerçəkdən baxırsan, tamaşa eləyirsən insanlara.
 
- İnsan nədir sizin üçün?
 
- İnsanlara keyfiyyətlərinə görə dəyər verirəm mən. Amma hər halda mənə elə gəlir ki, bütün dövrlərdə mənə vəfa, sədaqət, sevgi və sair bu kimi hisləri olan insanlar doğmadır.  İndi adamların doxsan faizi aydın hisləri olan xeyli dərəcədə maddiyatçı adamlardır. Bir az ruhsal adamlar mənə daha maraqlıdır. Onlarla söhbət eləmək, ünsiyyətdə olmaq fərqlilik gətirir. Otto Veninqerin insan xarakterlərindən bəhs edən bir kitabı var, “Cins və xarakter” adlı. O kitabı oxuyandan sonra insanı müşahidə edəndə adamın əti ürpənir.
 
- Belə anladım ki, indiki məqsədiniz bir az da insanları tanımağa yönəlib. Tanıyıb qurtarandan sonra nolacaq? Qorxmursuz ki, sonrası olmaz, tükənər?
 
- Hər şeyə maraq onsuz da azalıb. Heç nə məni təəccübləndirmir dedi az əvvəl. Son bu adamlar qalıb ki, bəlkə onlarda təəccübləndirəcək, maraq yaradacaq nəsə aşkarlayıb üzə çıxarmaq olar. Yəni mən istisna eləmirəm ki, vaxt gələr hər şey tükənər. Amma bunu onda düşünərəm yəqin ki,
                                                                                
- Ordan o yana, yəni tanıyıb bitəndən sonra nə başlayar? Ölümmü, ya ölümə gedən yolmu?

 
- Mən ifrat dərəcədə fatalist deyiləm. Nə də cənnət, cəhənnəm məsələlərinə inanıram. Yəni ondan sonra da yəqin sadəcə yaşayacam. Yaşamaqdan zövq alacam yəni.
 
- Amma bir gün o da bitir...
 
- Əlbəttə, bitir. Amma bu da mənə qorxulu gəlmir. Keçmişə baxanda deyirəm ki, mən yaşamışam, özü də maraqlı yaşamışam. Minlərlə insanın sığdıra bilmədiyi şeyləri ömrümə sığdırmışam. Dünyadan nisgilim yoxdur. Ürəyim istəyən bütün çoşqunluqları eləmişəm.
 
-  Siz danışdız, mənə elə gəldi ki, indiki siz olmaq darıxdırıcı olar, yəni nə bacarırsınızsa yaşamısınız. Bəs özünüz necə darıxdırıcı gəlmirsiniz ki?
 
- Bəzən insanlar yaşadıqları hər şeyi maddiyyatla bağlayıb deyirlər ki, o var, bu var, onu almışam, bunu gətirmişəm. Yaşanmalı heç nə qalmayıb. Yəni hər şeyin bitdiyini maddiyyata bağlayırlar. Məndə belə olmayıb. Mənim indinin özündə də maddiyyatla bağlı kəm-kəsirlərim çoxdur. Amma mənəvi olaraq xeyli doymuş adamam.
 
- Darıxmamaqçün neynirsiniz soruşum o zaman...
 

- Alman filosofu var Nitsşe, onun bir sözü var. Deyir ki, sevgi yaşamağın yeganə və son şansıdır. Bu mənim həyatımın devizidir. Mən həmişə bu yeganə və sonuncu şansa can atmışam. Bir işi görəndə də, nəsə eləyəndə də çalışmışam ona sevgi verim və ondan zövq alım. Mən işimdəki enerjini və gücü bilirəm. Və ola da bilər ki, mən 5-6 ay tam kənara çəkilim heç nə eləməyin. Amma o sevgi yenə də mənim içimdə var. Nə zaman nəsə edəsi olsam sevgiylə edəcəm. Ümumiyyətlə, sevgi mənim işimdə yaşamaq üçün ehtiyat variantdır həyatımda.
 
- Sevgilər də müxtəlifdir. Valideynə, övlada, bir qadına, bir kişiyə olan sevgilər var. Hansı daha daha önəmli ola bilər sizə görə?
 
-  Zamanla hansısa önə keçə bilər. Amma ümumi götürəndə hamısı vacibdir. Məsələn, bu yaxınlarda atam xəstələnmişdi. Ona olan münasibət o anda hamıdan öndə idi mənim üçün. Yəni bu qaydayla nəvə də, övlad da, həyat yoldaşı da önə keçə bilir.
 
- 50 yaşınız olmasından çox danışırsız həmişə. Yeri gəlmişkən onu da soruşum. Yaş kompleksiniz varmı?
 
- Yox, qəti. Hərdən yoldaşım coşqu ilə danışıb nəsə elədiyimi görəndə deyir sən oğlanlarında da cavansan. Həyatdan gileyli deyiləm. Həyatım çox zəngindir.
 
- Hərdən belə bir hiss olur adamda hər şeyi pozmaq, sıfırlamaq və yenidən başlamaq. Belə bir şer də oxumuşdum ki,
 
Silib yaddaşını yenidən
Dönüm əməllicə adam olasan.
 
- Mən də yazmışdım bir zamanlar, yazmışdım ki,
 
İlahi sən məni yaddaşımı sil,
beynimi yenidən format elə.
 
Bəzən beyinə, yaddaşa yük olan hadisələr şeylər olur, Amma onu da yenə sevgi unutdura bilər, ancaq sevgi. İçində bir həsrət, nisgil olan şeyi başqa kim, nə, necə unutdura bilər ki? Mümkün deyil.
 
- Bilirsinizmi bu yaddaş məsələsini niyə yada saldım, soruşacaqdım ki, nəyi bəlkə də kimi yaddaşınızdan silmək istəyərsiniz?
 
- Bəzən adama əzab verən adamlar olur. Onları silmək istədiyim zamanlar olub. Sonra düşünürsən ki, onları necə siləsən. Beyin imkan vermir adama.  Tam silə bilmirsən. O adamı bir az azalda bilirsən. Silmək...yox olmur silmək...
 
- Elif Şəfəqdə var kimisə silməklə bağlı bir şey.  Məncə çox dəqiq söyləyib:
 
Nə qədər silirsən sil
Ya dəftərin cırılar.
Ya kağızda izi qalar.
 

- Sizə bir şey deyim . Mənim doğulub böyüdüyüm, gəzdiyim yerlər var idi. Evimiz, rayonumuz, oxuduğumuz məktəb, küçəmiz, məhəlləmiz. İndi yoxdur, düşmən tapdağındadır. Mən o yerləri xatırlayanda elə bil bədənimdən elektrik cərəyanı keçir. Titrəyib əsirəm həqiqətən. Bir iki il qabaq Goranboya getmişdik. Yolu keçəndə çönüb o tərəflərə Qarabağ dağlarına baxanda elə bil ki, cərəyan vurdu məni. Üzümü tez çevirdim. Onda anladım ki, mən o dağlara baxmaq istəmirəm. Və ona görə baxmaq istəmirəm ki, o dağlar mənə acı şeyləri xatırladır. Məni incidir, əziyyət verir. Amma o elə əziyyətdir ki, istəsən də beynin ondan təmizləyə bilmirsən. 
 
- Ağcabədidə doğulmusunuz, Ağdamda böyümüsünüz və Bakıda yaşayırsınız. Qəribə həyat marşrutudur...
 

- 50 il əvvəl doğulduğum yer kimi, Ağcabədi göstərilib. Ona görə ki, babamgil orada yaşayırdılar. Və mənim rəsmi yaşayış yeri kimi ora göstərilib. Əslində Laçının Ağoğlan kəndində doğulmuşam. O kənd indi işğaldadır. Yadımdadır ki, nənəm mənə doğulduğum çarpayını da göstərirdi həmişə. Sonra Ağcabədi və atamın işləri ilə əlaqədar olaraq Ağdama köçdük. 
 
- Ağdamdan nə qalıb yadınızda?
 
- Ağdam çox qeyri adi, təzadlı bir yer idi. İndi bəzi adamlar deyir ki, Rəşad çox qəddardı bəzən, bəzən ziddiyyətlidir, bəzən sərtdir, bəzən xeyirxahdır. Məncə bütün bunlar məndə Ağdamdan qalan keyfiyyətlərdir.
 
- Rəşad müəllim, dostlarım arasında xeyli ağdamlı var. Mənə münasibətləri yaxşıdır, elə mənim də onlara. Amma ümumilikdə götürəndə onlara bir fərqli münasibət var. Nədənsə əksəriyyət elə düşünür ki, onlar adama yovuşmazdılar. Niyə yola getmirlər adamlarla sizcə? Ya da onlarla yola getmək niyə bu qədər çətindir?
 

- (Ürəkdən gülür) Onlarda hədsiz qürur var. Bu qüruru bəzən eqoistlik, özündənrazılıq, yekəxanalıq kimi də dəyərləndirirlər. Həm də onların iddiaları böyükdür. Yəni lap ölüb qalsalar da hər şeyin ən yaxşısını geymək, almaq, gətirmək istəyəcəklər. Təbii ki, iddiası olub və bu iddiasına görə də nələrisə ortaya qoyan adamlar bir az ikrah doğurur başqalarında. Bir sözlə kimin dediyi yadımda deyil amma yaman dəqiqi ifadə eləmişdilər ki, ağdamlı olmaq bir vəzifə, bir işdir. Ağdam Azərbaycanın İstanbuludur. Orda İstanbul kimi bütün qütblər, ziddiyyətlər var idi.
 
- İndiki situasiyadan çıxış edib deyirəm Ağdama girməyə bir saatlıq icazəniz olsa, neyniyərdiniz?
 
- Mən xəyalımda tez-tez gedirəm ora. Bazarın yanı, oxuduğum bir saylı məktəb, sonra gəlirdik qastronom, sonra bir dördmərtəbəli bina, sonra Lenin bağı, İcraiyyə Komitəsinin binası, Ağdam teatrının binası, Partiya Komitəsinin binası, üzümçülər evi. Belə-belə dolaşıram oralarda. Yəqin ki, eyni yerləri gedib görərdim. Amma deyim ki, indi virtual da gedə bilirəm oralara. Bunu çox eləyə bilmirəm, ağrıdır adamı. Bir dəfə Laçında doğulduğum evi tapmışdım. Üstü tam dağılmışdı. Allah hamıya cansağlığı versin, mənim nənəm durur hələ. Doxsandan artıq yaşı var. Dedilər neynirsən elə amma o evdən  arvada danışma. Çox pis olacaqdı çünki. Mən də susdum, demədim.
 
- Bir xeyli əvvəl dediniz ki, cənnətə cəhənnəmə inanmıram. Allaha necə inanırsınızmı?
 
- Allaha inanıram. Allah insanın bütün saf arzularını yerinə yetirir. Mən çox inanıram. Amma o niyyətin içində bir az təmənna, bir az riya, yalan varsa o heç vaxt həyata keçməz.
 
- Allahla söhbətləriniz necə olurmu?
 

- Allah həm də insanın vicdanıdır. O üzdən mənim Allahla söhbətlərim olur.
 
- Nə qədər vicdanlı adamsınız? Allah vicdandırsa, vicdan da bir az ədalətdir?
 
- Xeyli ədalətli və vicdanlı adamam. Elə bir qəbahətim filanım da yoxdur ki, Allahım və vicdanımla söhbətdən qaçam. Tam təmizəm.
 
- Vicdan ürək, beyin, əl, ayaq deyil. Amma o olmayanda mənə görə zəlil görünür adam...
 
- Vicdan ədalətin bir göstəricisidir. Ədalət pozulanda vicdan varsa mütləq ağrıyır və əziyyət verir adama.
 
- Vicdan və ədalət naminə deməliyik ki, insan yüz faiz ədalətli və vicdanlı ola bilmir. Sizin belə anınız olubmu?
 
- Yəqin ki, bəzən olub.
 
- Sizcə niyə belədir, insanlar ədalətli, vicdanlı olduğu, yaxşılıq elədiyi məqamları daha çox danışır nəinki əksi olanları...
 
- Hər şeyi birdən yadda saxlamaq olmur yəqin ondandır. Amma bir söz deyim sizə mənim kiməsə ədalətli, vicdanlı olmağımı həmişə mənə xatırladıblar. Özüm yadımda saxlamamışam. Açığını deyim ki, bunun insanların yadında qalması məni yaxşı mənada təəccübləndirib, sevinmişəm. Məndə nisbət belədir 80 faiz ədalətli və vicdanlı olmuşam, 20 faiz ola bilər ki, ədalətsizliklər baş verib.
 
- Ədalətsiz olduğunuz anda neyləmisiniz?
 
- Mən ədalətsiz olduğumu anlayanda gedib o adamdan üzr istəmək, onun könlünü almaqdan çəkinmək kimi komplekslərim yoxdur heç olmayacaq da. Səhvləri düzəltmək lazımdır. Mən gedib o adama bağışla da deyə bilərəm, əyilib üzündən də öpərəm.
 
- Sizi həmişə bağışlayıblarmı?
 
- Ola bilər kimsə ürəyində bağışlamayıb. Bu artıq onun işidir, onun problemidir.
 
- Mənim tanıdığım Rəşad Məcidi yəqin ki, ən çox bağışlayan xanımı olar...
 
- Ümumilikdə xanımımdan razıyam. Amma ola bilər ki, narazı qaldığım məqamlar da var. Amma bir söz deyim son illər xanımımla dost olmuşuq, həmsöhbət olmuşuq. Komplekssiz bir çox məsələləri açıq danışırıq. O mənim axtardığım nədirsə hiss eləyir və bilir. Dəxli yoxdur bu xanım dostlarıma aiddir, ya ümumi məsələdir. Çox dəqiqi anlayır bütün məqamları. Tipik azərbaycanlı qadın deyil. Yəni mənim dostluq elədiyim insanlara, dəyərli xanım dostlarıma qarşı da dır-dır, qısqanclıq etmir.
 
- Dostluğunuzda çoxdurmu qadınlar?
 
- Çoxdurlar. Və hamısı da mənim üçün dəyərlidir.
 
- Qəribədir niyə can atırsınız bu dostluqlara?
 
- İstənilən məsələni kişi dostlarla müzakirə edəndə təxminən nə deyəcəklərini bilirəm. Amma qadınlar fərqli yanaşmaları ilə seçilir. Sizə bir məsələni də deyim. Bu cür söhbətlərə də içi dolu, dərin qadınlarla oturmaq lazımdır. Açığı ünsiyyətdə olub görürsən ki, indi belə qadınlar çox azdır. Hətta barmaqla sayılacaq qədər az.
 
- Sizcə niyə? Onlar özlərimi istəmir ya imkan verilmir qadınlara?
 
- Din, təhsil, mühit və məişətimizin yaratdığı problemlərə görə azdılar. 
 
- Böyük məsuliyyət də kişilərin üstündədir bu məsələdə deyə bilərikmi?
 

- Düşünsək ki, cəmiyyətdə qərar verənlər arasında say nisbəti ilə kişilər çoxluq təşkil edir bəli, siz deyəndir. Amma axı qadınlar da öz durumlarından məmnundurlar. Heç bir fəallıq göstərmirlər. O üzdən ikisi də məsuliyyət daşıyır deyərdim mən. Bizim qadınlarda bir mənfilikdə bilirsinizmi nədir kişidən istədiyini dır-dır edib almaq. Amma yaxşı qadın kişidən istədiyini onun üzünü güldürə-güldürə də ala bilir...
 
- Söhbətə gələndə kitablarınızın adlarına baxdım diqqətimi üç ad çəkdi: “Hələ ki vaxt var”, “Əlvida və salam” və “Dəlicəsinə”... Nəyə vaxt vardı, nəyə əlvida və salam və niyə dəlicəsinə?
 

- Görünür, çox gənc olur adam hələ vaxt var deyəndə, sonra gəncliyə əlvida deyib, qocalığa salam verirsən və təbii ki, dəlicəsinə arzuları da olur insanın...
 
 
Son: Rəşad Məcid haqda təəssüratlarımda yanılmamışdım. O, öz zarafatında, deyib-gülməyində, dostlarının əhatəsindədir. Yəni illər öncəki enerjisi salamatdır adamın. Amma bir az içinə çəkilib. Buna da səbəb yaş, həyat, insanlardır məncə. Öz içində yolun harasındadır deyə bilmərəm. Amma vacib olanı bu ki, özünə ilişib qalmasın. İstəyirəm özünü gəzib bitirsin. Və növbəti dəfə görüşəndə özündən-özünə olan yolundan danışım Rəşad Məcidlə...

Lent.az-ın "İşdən sonra" layihəsi
Jalə Mütəllimova
 





23.07.2014    çap et  çap et