525.Az

Həsən Həsənovun Kəlbəcərdə öldürülməsi rəsmən təsdiqləndi


 

Həsən Həsənovun Kəlbəcərdə öldürülməsi rəsmən təsdiqləndi<b style="color:red"></b> Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə girov götürülənlərlə bağlı məlumat yayıb.

Komitədən Lent.az-a verilən məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilmiş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı bu günə qədər onlar haqqında  heç bir məlumatın olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb:

“Bununla yanaşı girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi  diqqətə çatdırılıb. Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolar ilə tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiq olunub. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.

Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
 





24.07.2014    çap et  çap et