Xəbər verdiyimiz kimi hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə bu il avqustun 1-də Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və “yenifilm.az” gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.
Tədbirdə cari ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” bədii filminin təqdimatı olacaq.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan bu tammetrajlı bədii film avqustun 27-dən sentyabrın 6-dək İtaliyadakı 71-ci Venesiya Beynəlxalq kinofestivalında nümayiş etdiriləcək.
Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. Filmdə əsas rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandıracaqlar. Nizami Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.
S.ABDULLAYEVA