MÜXTƏLİF DÖVRLƏRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MADDİ DƏYƏR MEYARI OLAN PULLAR İÇƏRİŞƏHƏRDƏKİ NUMİZMATİKA EKSPOZİSİYASINDA NÜMAYİŞ ETDİRİLİR
Tarixin bütün dövrlərində mübadilə vasitəsi kimi öz sabit əhəmiyyətini saxlayan pul sistemləri müxtəlif ölkə və xalqların həyatında önəmli rol oynayıb. Pul sistemləri və sikkələri öyrənən elm sahəsi numizmatikadır. Dünya alimlərinin araşdırmalarına görə, numizmatika sözünə ilk dəfə qədim Roma yazılı mənbələrində rast gəlinib. Numizmatikanın öyrənilməsi və geniş ictimaiyyətə tanıdılması, gənc nəslin bu sahədə maarifləndirilməsi və ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli və əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Numizmatika ekspozisiyasının bu baxımdan xüsusi əhəmiyyəti var.
Həftənin bütün günü saat 10:00-dan 19:00-dək fəaliyyət göstərən muzey ekspozisiyası XIV əsrə aid, insanların arzularının çin olduğuna inandıqları və buna görə də Çin məscidi kimi tanınan tarixi bir abidədə qurulub. Tarixdən belə məlumdur ki, qədim dövlətlər çox zaman pullarını müqəddəs məbədlərdə zərb etdirir və xəzinələrini orada gizlədirdilər. Müqəddəs məbədlərin toxunulmazlıq statusu olduğundan burada pul kütləsi, həmçinin ayrı-ayrı dövlətlərin və varlı şəxslərin əmanətləri qorunurdu. Xəzinələri qoruyan kahinlər, rahiblər idi. Orta əsrlər Şərqində isə belə məbədlərdən türbələri və məscidləri misal çəkmək olar. Bu tarixi ənənənin davamı olaraq “İçərişəhər” tarixi muzey fondunun sikkə və pul nümunələri Çin məscidindəki numizmatika ekspozisiyasında qorunub saxlanılır və nümayiş etdirilir.
Azərbaycanda pula qədərki tədavül vasitə
lərindən başlayaraq müxtəlif dövrlərin pul vahidləri olan yerli və əcnəbi sikkələr, həmçinin digər maraqlı qədim eksponatlar muzey ekspozisiyasını təşkil edir. Eksponatlar müvafiq dövrlər üzrə bölünərək müxtəlif vitrinlərdə qruplaşdırılıb. Dövrün ümumi xüsusiyyətləri, həmin dövrə aid pul vahidlərinin spesifikası, növləri və haradan tapılması haqqında yazılı məlumat vitrinlərin kənarındakı ayrıca lövhədə yerləşdirilib. Muzey bələdçiləri sikkələr haqqında dolğun və maraqlı informasiya ilə qonaqları məlumatlandırır.
Muzeydə həmçinin 2 xəritə – Azərbaycanda mövcud olmuş zərbxanalar və Azərbaycan pullarının yayıldığı əraziləri göstərən xəritələr nümayiş olunur.
Numizmatika ekspozisiyası 2011-ci il mayın 18-də – Muzeylər günündən fəaliyyətə başlayıb. Ekspozisiyada Azərbaycan dövlətçiliyinin bütün tarixi dönəmləri öz əksini tapıb. Burada pulaqədərki dövr, yəni pula qədər insanların istifadə etdiyi əmtəələr, müəyyən qədər nümayiş olunur. Kolleksiyanın nümayişində əsas məqsəd pula qədər bizim əcdadlarımız hansı əmtəə vasitələri ilə ticarət əlaqələri qurmağını göstərməkdir. Ekspozisiyada ən qədim dövrlərdən, e.ə 5-ci əsrdən başlayaraq əsas etibarilə Azərbaycan ərazisindən tapılan sikkə nümunələri həm də Azərbaycan dövlətçiliyinin tarixini əks etdirir. Ekspozisiyada Şirvanşahlar və Səfəvilər üçün ayrıca vitrinlər yaradılıb. Həmçinin Azərbaycan ərazisində ən qədim dövrlərdə dövriyyədə olan demək olar ki, bütün pul nümunələri nümayiş etdirilir. Eksponantlar içərisində də ən qədim dövrlərdən 20-ci əsrin əvvəllərinə qədər ərazimizdə dövriyyədə olan xarici ölkələrin, əsasən də Avropa ölkələrinin sikkələri var. Ekspozisiyada dövriyyədə olan qızıl pullar içərisində Hollandiya çernovu nümayiş olunur. Həmçinin Fransa, Finlandiya, İran və Rusiyaya aid olan sikkələr ekspozisiyadakı vitrinlərdə sərgilənir.
Kolleksiyada 500-dən artıq sikkə nümunəsi var. 25-ə qədər digər maddi-mədəni nümunələr isə vitrinlərin aşağı hissələrinə qoyulub.
İçərişəhər ərazisində arxeoloji qazıntılar zamanı arxeoloqlar tərəfindən aşkar olunan və yaxud təsadüfi tapıntılar , təmir – bərpa işləri zamanı, fəhlələr tərəfindən tapılan maddi-mədəni nümunələr kolleksiyaya əlavə olunur. Tapıntılar əvvəlcə İçərişəhər muzeyinin müvafiq fondlarına daxil edilir və alimlər tərəfindən araşdırılır. Tapıntıların aid olduğu dövr, ərazi və.s bütün vacib məsələlər dəqiqləşdiriləndən sonra ekspozisiyada nümayişə çıxarılır. Ekspozisiyada son 3 ilə aid tapıntılar yer almayıb.
Burada ən qədim sikkə e.ə. V əsrə Əhəmənilər dövlətinə aiddir və 2500 illik qədim bir dövrü əhatə edir. Ən yeni sikkə isə 1918-ci ilin əvvəllərinə – Rusiya imperiyasına aiddir.
Ayrı-ayrı şəxslərdən ekspozisiya üçün alqı-satqı yolu ilə sikkə materiallar və bəzi maddi nümunələr əldə olunub. Cənubi Qafqazda Azərbaycan Əhəmənilər dövrünə aid olan yeganə pul nümunəsi bu ekspozisiyada nümayiş etdirilir. Əhəməni imperatoru Xaşayan tərəfindən zərb olunub. İçərişəhərdə arxeoloji qazıntı zamanı, keçən əsrin 90-cı illərinin sonunda Məhəmməd məscidi yanında aşkarlanıb. Ekspozisiyanın əsas kolleksiyası Şirvanşahlar Tarix muzeyinin arxeologiya fondundan götürülüb. Mübadilə vasitəsi kimi pullar əhali arasında geniş yayılmamışdan əvvəl natural mübadilədə insanlar ayrı-ayrı əşyalardan, yaxud təbiətdən hazır şəkildə tapılan nadir və qiymətli əmtəələrdən istifadə etmişlər. Hind okeanından gətirilən qarnıyarıq balıqqulağı – kauri, yerli balıqqulaqları, Abşeron və Bakı ərazisindən, xüsusən də İçəri şəhər ərazisindən aşkar edilmiş bir sıra bəzək əşyaları, obsidian daşı, mis və tuncdan hazırlanmış bıçaq və nizə ucluqları, baltalar və iynələr də Azərbaycanda pulaqədərki tədavül vasitələri olub.
Azərbaycanda antik və erkən orta əsrlərdə Yunan-Baktriya, Parfiya, Selevkilər, Roma, Sasanilərə aid sikkələr tədavüldə imiş. Ərazimizdə aşkarlanan ən qədim pul nümunəsi Əhəməni hökmdarı Kserks tərəfindən zərb edilib. Həmin pullarla yanaşı Qafqaz Albaniyasında zərb edilən yerli “oxşatma” sikkələr də bu dövrün əsas mübadilə vasitələri olub. Belə pulların tədavül ömrü 100 ilə qədər sürüb. III əsrdən etibarən Azərbaycan dövlətləri –Atropatena və Albaniya Sasanilər imperiyasının tərkibinə daxil olur, V-VI əsrlərdən artıq yerli zərbxanalarda pullar kəsilir.
(Ardı var)
Vəfa MƏMMƏDLİ