Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun son illərdə quruluş verdiyi tamaşalar rəngarəngliyi, mövzu genişliyi ilə seçilir. Rejissorun səhnəyə qoyduğu əsərləri ardıcıl izləyən tamaşaçı kimi məndə bir fikir yaranıb: Bəhram müəllimin əsas məqsədi bayağılaşan mühitdə həm əsl sənəti qoruyub saxlamaq, həm də tamaşaçını teatra daha çox cəlb etməkdi. Bu mənada o, hər zövqdə tamaşaçının arzusunu görmək, baxmaq istəyini nəzərə alır. Əlbəttə, son dövrlər Bəhram müəllimin işləri içərisində mənim zövqümü oxşayan və sözün əsl mənasında təsirləndirən əsər Lars Nurenin “Müharibə” pyesi əsasında hazırladığı tamaşa olub. Və bu haqda “525-ci qəzet”də geniş bir esse də yazmışam. Amma bu qəliz, həm də dinamik zamanda, torpaqlarımızın azad olacağı günü səbrsizliklə gözlədiyimiz bir dövrdə “Müharibə” hər tamaşaçının “dözə” biləcəyi, qəbul edəcəyi əsər deyil. Bu mənada rejissorun özünün mövqeyi xeyli maraqlıdı. O, alt qatında müəyyən mətləbləri daşıyan, bir ailənin problemini ifadə edən, amma eyni zamanda ilk baxışdan sadə bir ailə-məişət mövzusunda olan “Hasarın o üzü” (Əli Əmirli) pyesini də tamaşaçıya təqdim edir. Yaxud balacaları düşünüb hər bir uşağın sevimli qəhrəmanı “Qırmızı papağı” da səhnəyə çıxarır. Yəni deməyim odur ki, Bəhram Osmanovun istiqaməti birtərəfli deyil, baxış bucaqlarını da istədiyi vaxt dəyişə bilir. Tamaşaçı-teatr münasibətlərini daha da isti, mehriban etməkdən ötrü hər cür eksperimentə çəkinmədən gedir.
Rejissorun Gənc Tamaşaçılar Teatrında ən son işi İlyas Əfəndiyevin “Sarıköynək və Valehin nağılı” romanı əsasında hazırladığı tamaşadır. Doğrusu, Bəhram müəllimin bu əsərə müraciət etdiyini biləndə, təəccüblənmişdim. Çünki qalın bir romandan məhz nələrin, hansı mətləblərin, məqamların səhnəyə çıxarılacağını düşünmək, ayırd etmək mənə qəliz görünmüşdü. Və tamaşaya baxanda da rejissorun ciddi əməyini, zəhmətini duydum. Ümumiyyətlə, məncə, Bəhram müəllimin bəzi “müasir”lərindən fərqi zəhmətdən, az vaxtda çox iş görməkdən çəkinməməsidir. Bütün bunlar tamaşaçı müşahidələridi. Və bu günlərdə “Sənət, Sistem, Ustad” essesinin əlyazmasını oxuyanda Bəhram müəllimin həm rejissor, həm də pedaqoq xarakterini daha yaxşı duydum. Uzun illər Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışması, “Dram rejissorluğu” kafedrasının müdiri kimi fəaliyyəti onun sənətkar xasiyyətinə, metodlarına, priyomlarına xeyli dərəcədə təsir edib, məncə. Elə bu yazıda da sadəcə peşəkar rejissorun deyil, həm də qeyri-adi metodikası olan pedaqoqun, müəllimin yanaşmalarını sezmək olur. Bəhram Osmanovun “Sənət, Sistem, Ustad” essesini özü ilə söhbət də hesab etmək olar, ustad dərsi də... Bu mənada həm adi oxucu, həm də aktyorluğun, sənətin sirrlərini öyrənmək istəyən gənclərdən ötrü bu yazı xeyli əhəmiyyətli olacaq. Ona görə “525-ci qəzet”in oxucularını çox da intizarda saxlamadan Bəhram Osmanovun “Sənət, Sistem, Ustad” essesi ilə baş-başa buraxıram.
________________________________________________
Bəhram OSMANOV
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının baş rejissoru,
Azərbaycan və Kalmıkiya Respublikalarının
əməkdar incəsənət xadimi
Aktyor sənətini bütünlüklə, tam öyrənmək üçün neçə il lazımdır? Ən təcrübəli müəllim belə nəyi öyrədə bilməz? Peşəkar aktyor olmaq üçün nə lazımdır və bugünki sənət təhsili ona nə öyrədə bilər?
Nəyi öyrətmək mümkün deyil?
İstedadı, qabiliyyəti aşılamaq, aşkara çıxarmaq olar, amma sonradan yaratmaq, “öyrətmək” mümkünsüz işdir. Emosional təsir gücünü inkişaf etdirmək mümkündür. Amma sanqvinnikdən xolerik etmək mümkünsüzdür. Eybəcər olanı gözəlləşdirmək üçün süni yollar axtarılır. Amma qabiliyyətli adamı istiqamətləndirib, ona kömək edib istedadını üzə çıxarmaq, sonradan sənətkar kimi yetişdirmək olar.
Nə qədər öyrənmək lazımdır?
Bu yaxınlarda oxudum ki, Amerikada yeni kurslar təşkil ediblər. İnadkarlıqla sübut edirlər ki, altı ay müddətinə sənətin sirrlərini öyrətmək mümkündür. Çünki dərslər səhər saat 7.00-dan başlayıb, axşam saat 19.00-da bitir. Yadıma düşdü ki, bizdə əksinədir; dərslər səhər saat 9.00-da başlayır və bəzən gecəyə qədər davam edir. Sənətin sirrlərini, dərinliklərini bilmək istəyən adam institutu, universiteti, akademiyanı bitirəndən sonra da oxumağa, öyrənməyə davam etməlidi. Aktyor həyatı bundan ibarətdir. O, ömrü boyu öyrənməlidir.
SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Hökümə Qurbanova ilə ilk görüşüm heç yadımdan çıxmır. Amerika dramaturqu Tennessi Uilyamsın “Şüşə heyvanxana” pyesində ona rol vermək istəyirdim. Pyesi oxumaq üçün aktrisaya göndərdim. Bir neçə gün sonra zəngləşdik və Milli Dram Teatrında görüşməyi vədələşdik. Salam-kəlamdan sonra pyes barədə ilk sualı belə oldu: “Çox xoşuma gəldi, indiyə qədər bu əsəri oxumamışdım. Bu tamaşada oynamağı çox istəsəm də, bilmirəm necə oynayım. Əgər siz mənə bu rolu oynamaqda kömək etsəniz hətta sizin tələbəniz olmağa belə razıyam”. Bu, ecazkar, böyük bir sənətçinin cavan diplomçu rejissora dediyi sözlər idi. Elə bir sənətçinin ki, çoxdan tamaşaçıların qəlbini fəth etmişdi, onlarla klassik pyeslərdə baş rolları uğurla oynamış, bir sözlə sənətin zirvəsində dayanmışdı. (Amma onun haqqında şayiələr də gəzirdi ki, xasiyyəti ağırdır, adamayovuşmazdır, rejissorlarla yola getmir və s.) Birgə işlədiyimiz aylar ərzində o sözünün üstündə duraraq öyrəndi və öyrətdi. Bu o demək deyildi ki, mən məşq salonuna girəndə o məxsusi ayağa durub mənə “rejissor müəllim” – deyə müraciət edirdi. Yox! O, sadəcə olaraq onun üçün yeni olan pyes əsasında hazırlanan tamaşanın oyun tərzini və üslubunu anlamaq istəyirdi. Hər bir səhnəni, hər bir epizodu, hətta hər bir kəlməni belə dönə-dönə təkrarlamaqdan yorulmurdu. Yeni-yeni poza, yeni ünsiyyət vasitələri tapıb sınaqdan keçirirdi. Eləcə də mən və tamaşanın başqa iştirakçıları da (Hamlet Xanızadə, Şüküfə Yusupova və Fuad Poladov) onun təsirində öyrəndikcə öyrədirdik...
Öyrənməyi başa vurması aktyor üçün nə ilə nəticələnə bilər? Yəqin ki, baş daşı və o baş daşına həkk olan sözlərlə: “Böyük, görkəmli, xalq artisti və ya sadəcə aktyor” – yazılacaq sözlər. Başqa vaxt isə bu öyrənmək və inkişaf zamanıdır. Deyirlər bu saatda nəsə öyrənmək hər kəsin həyatında bir təntənədir.
Məsələ burasındadır ki, “məktəb” deyəndə kiminsə kiməsə nə isə izah etməsi başa düşülür. Mən “izah” sözünü o qədər də qəbul etmirəm. Bu, bildiyini başqa birisinə ötürməkdən başqa bir şey deyil. Məktəb məncə hər şeydən əvvəl insanda öyrənmək ehtiyacını, arzusunu, cəhdini yaratmaqdı, buna köməkdi. Lakin bu, çox ali məqsəd olsa da, həlli çox çətindir. Və mən bu illər ərzində ünsiyyətdə olduğum sənətçilərindən çox azlarını tanıyıram ki, hər tamaşa hazırlığında özlərini öyrənməyə həsr etsinlər.
Hökümə Qurbanova müxtəlif rəngli qələmlərlə rol dəftərinin ağ qalan yerlərinə qeydlər etməkdən yorulmurdu. O, bilirdi ki, hər bir yeni kəlmə, düzgün ifadə tez yaddan çıxa bilər. Bir səhifəlik izahlar, qeydlərlə dolu olurdu. Mənə elə gəlir ki, məhz bu cür öyrənməyə çalışmaq lazımdır. Bu cür öyrənmək də əslində elə istedadın göstəricisidi... İnsan nə qədər istedadlı olsa da, onun öyrənmək istəyi, marağı da bir qədər çox olur. Zəhmətkeşlik isə daha vacib məsələdir!
Bəzən deyirlər: “İstedadlıdır, amma heyf ki, tənbəldir!” – boş sözdür! Səfsəfədir! İstedad ilk növbədə öz işini sevmək və hər dəqiqə sevdiyin işlə məşğul olmağa can atmaq deməkdir. Daha dəqiq desək, bu işlə məşğul olmamağın mümkünsüzlüyünü anlamaq...
Mən nəyi bacarmıram?
Mən çox şeyi bilmirəm və bacarmıram – həddindən artıq çox şeyi. Ona görə də tələbələrimə kömək edirəm ki, mənim bilmədiyim və ya xeyli sonra bildiyimi onlar gənc yaşlarında öyrənsinlər. Məsələn, mən not oxuya bilməsəm də, tələbələrimə şərait yaradır və məcbur edirəm ki, bunu öyrənsinlər. Bu, onlara hər an lazım ola bilər. Çoxları da məsləhətimə əməl edir. Bir müddətdən sonra isə hətta müxtəlif alətlərdə çala da bilirlər. Rəngkarlıq, heykəltaraşlıq sənətinin tarixini mən çox-çox sonralar öyrənmişəm. Amma çalışıram ki, onlar bu sahəni öyrənib sevsinlər. Çünki teatr sənəti rəngkarlığa çox yaxındır.
Dərk etmək
Gəlirli işə necə başlamalı?!
Bu qarşıdurma gec dərk olunur. Və sonda bir-iki səhv addım şəxsiyyətin, sənətin, həmin aktyorun gələcəyinə son qoyur. Mənim gözlərimin qarşısında onlarla insan, bu cür yaradıcı boşluqda məhv olub.
Aktyor təhqir olunurmu?
Bu cür şayiələrin KİV-də, internet şəbəkələrində yayıldığını eşitmişəm. Və çox güman ki, bu söz-söhbəti yayan da bəzən aktyorlar özləri olur. Mən hələ gənc yaşlarımdan Kamal Xudaverdiyev, Səyavuş Aslan, Yaşar Nuriyev, Hamlet Qurbanovla işləmişəm (Allah hamısına rəhmət eləsin.) İndi mənimlə işləyən Xalq artistləri Nurəddin Mehdixanlı, Şüküfə Yusupova, Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Ramiz Məlikov, Hacı İsmayılov, Əməkdar artistlər Sənubər İskəndərova, Abbas Qəhrəmanov, Vəfa Rzayeva, Kəmalə Hüseynova, Şövqi Hüseynov, Qurban İsmayılov, aktyorlar Vüsal Mehrəliyev, Elnur Kərimov, Günel Məmmədova, Zülfiyyə Ağahüseynova və adlarını çəkmədiyim, sənətinə çox hörmət bəslədiyim bir çox aktyorlar desinlər ki, mən onları “təhqir” edirəm. “Təhqir” sənət anlamında müxtəlif cür qəbul olunur. Və əgər mən onları “təhqir” edirəmsə, onda onlar da məni “təhqir” edirlər. Elə bu cür də yaşayırıq. Əlbəttə, bunlar hamısı boş söhbətlərdi. Məgər həmin tamaşalarda aktyorların bir-birinə qarşı necə diqqətli olması, tamaşanın ümumi məqsədinə dəqiqliklə xidmət etmələri görünmür? Məgər başa düşmək çətindir ki, bu yüksəliyə çatmaq yalnız daxili əsəb və incə qəlb çırpıntıları ilə mümkündür? Biz tələb edirik... Bir də deyirəm, biz tələb edirik: mən aktyorlardan, onlar da məndən qarşılıqlı diktatura şəraitində bir-birimizə həm fiziki, həm də psixoloji anlayış tələb edirik. Və əgər mən səhnəyə çıxıb bir aktyorun yaxasından tutub dartıb onu silkələyərək nəyi isə başa salaraq “göstərirəmsə” demək bu belə də olmalıdır. Tələbəlik dostum, çox sevdiyim Əməkdar artist Qurban İsmayılov həmişə, hələ tələbəlik vaxtlarından mən səhnəyə çıxıb nəyi isə göstərəndə kənara qaçırdı. Mən yalançı, teatral döyüşü, çarpışmanı qəbul etmirəm. Komediyada hər şey olar. Dramada isə yox! Odur ki, ya gərək bu yalandan qaçışı, ya da vacib olanı elə edəsən ki, nəticə xəstəxanalıq olmasın.
Məsələn, Tuncer Cücenoğlunun “Uçqun” pyesi əsasında hazırladığım tamaşada Ana rolunu ifa edən Mətanət Atakişiyeva (əməkdar artist), oğlunu ifa edən aktyor İlyas Əhmədovun üzünə şillə vurur. Bu çox gərgin bir vəziyyətdir və şillələr saysız, hesabsızdır. Gözəl ifadan əvvəl bu şilləni elə vurmaq lazımdır ki, aktyorun üzünə xəsarət yetirməyəsən. Həmişə alqışla qarşılanan bu səhnədə heç vaxt fəsad olmurdu. Və yaxud V.Şekspirin “Kral Lir” pyesinin tamaşasında Lirlə Kordeliyanın görüş səhnəsi. Aktyorlar Kamal Xudaverdiyev, Məleykə Əsədova. Bütün səhnəni diz üstə ifa edirlər. Fəsad yoxdur. Ramiz Novruzovun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov. Çarpışma və boğulma. Əli Əmirlinin “Mesenat” pyesinin tamaşasında Sənubər İskəndərova yelləncək səhnəsində. Və yaxud Füzuli Hüseynov və Sənubər İskəndərova “Sevən qadın” tamaşasında. (yüksək aktyor oyunu)
Bir neçə il bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti fənnindən J.B.Molyerin “Tartyuf” pyesi əsasında tamaşa hazırlayırdım. Məşqlərin birində mən Orqon rolunu ifa edən tələbəyə vacib bir səhnəni başa salarkən qış çəkməsini tərəf-müqabil olan başqa tələbəyə atdım. Çəkmə həmin tələbənin sifətinə dəydi. O, həmin vaxt sadəcə tamaşaçı kimi dayanıb müşahidə etdiyindən belə oldu. Əgər müşahidə edən tələbə həmin epizodun tələb etdiyi ovqatda, vəziyyətdə olsaydı, üzünü yana çevirərdi və bu kazus baş verməzdi. Həmin tələbə belə hərəkətdən heyrətə gəlmişdi. Ona elə gəlirdi ki, çəkməni atan Orqon yox, rejissor-pedaqoqdur. Bəlkə də şayilələr bu cür hərəkətlərdən yaranaraq şişirdilir.
Sadəcə mən anlatmaq istəyirəm ki, əsl aktyor olmaq çox çətindir. O, mütləq nəyi isə qurban verməlidir. Bir dəfə məşqlərin birində Nurəddin Mehdixanlıya bir arzumu bildirdim:
– İstəyirəm bu səhnədə qəhrəman dörd metr hündürlükdə asılmış divar saatını dayandırsın.
Nurəddin Mehdixanlı coşaraq dedi:
– Bacararam!
Az keçməmiş biz onunla keçilən yolu dəqiqləşdirdik – stol, stul, şkaf, saat...
...Və növbəti bir dəqiqədə o uçdu!..
...Saat dayandı...
Nurəddin Mehdixanlı xoşbəxt idi. Və hazırlanan tamaşanın ən gözəl anı yaddaşımıza həkk olundu.
Və ya “Kral Lir”də: Xalq artisti Kamal Xudaverdiyevə dedim ki, istəyirəm Lir “fırtına” səhnəsindəki monoloqunu bütün səhnə boyu qaçaraq desin, yıxılsın, ayağa dursun, yenə qaçsın, axırda yorulsun, taqəti kəsiləndə dizin-dizin sürünsün. (Unutmaq lazım deyil ki, o vaxt aktyorun yaşı 60-ı haqlamışdı, Milli Dram Teatrının səhnəsinin eni 16 metr, dərinliyi isə 20 metrdir.) O dəqiqə Kamalın gözləri parıldadı. Biz bu səhnənin texniki həllini tapdıq. Bir sıra ardıcıl çalışmalardan sonra əvvəl məşqdə, sonra isə tamaşalarda bu səhnəni istədiyimiz kimi oynadı, yorulsa da, üzə vurmurdu. Çünki hər tamaşada bu səhnədən sonra alqış sədası salonu bürüyürdü (Moskvada Çexov Festivalında belə.)
Aktyordan qeyri-adi oyun tələb etmək birinci növbədə həmin aktyora, onun sənətinə hörmət deməkdir. Və bu hörmətə görə də bəzən onun qarşısında yüksək tələblər qoyulur. İnandırırsan ki, onun bu tələblərə cavab vermək qüdrəti var. İnandırmaq üçün isə yenə də tələbkarlıq lazımdır. Çoxları bilir ki, əgər hər hansı bir aktyor məşqdə tələb olunanı edə bilmirsə mən sadəcə ona qarşı laqeyd oluram və bir müddət keçəndən sonra həmin aktyoru həyəcan bürüyür...
...hərdən əgər 2 il, 5 il oynanılan tamaşanın iştirakçılarını yığıb söhbət aparılırsa, gənc aktyor da başa düşür ki, növbəti yoxlama aparılır, daha dərin qatlara sirayət olunur. Bax elə bu qarşılıqlı anlaşma əsl yaradıcı atmosferə gətirib çıxarır. Bu anlaşma məşq zamanı yaranır. Ancaq məşq zamanı ortaya çıxan hər bir məqamı sınaqdan keçirməli olursan. Hərdən baş verən “qışqırığ”, “bağırtı”, “təhqir”dirsə, bu “təhqir”ə görə hər dəqiqə imkan tapıb üzr istəmək mümkündür. Aktyoru və ya hər hansı bir insanı alçaltmaq hörmətsizlikdir. Sadəcə teatrda əvvəlcədən şərtləşmə aparılır ki, qarşıya qoyulan tələblər yaradıcı ovqatda yerinə yetirilsin. Odur ki, teatrda qarşılıqlı diktatura hökm sürür. Ona görə də çalışıram ki, məşqlərdə kənar şəxs iştirak etməsin. Çünki məşq prosesinin özündə ilk növbədə bir intimlik olmalıdı...
Teatra təzə qəbul edilən aktyora çətinliklə isinişirəm. Dəvətli olaraq başqa teatrlarda tamaşa hazırlayarkən qabaqcadan şərt kəsirəm. Çünki teatr sənətinin yazılmayan qanunları var. Və bu qanunlar əsasında yaşamaq, mövcud olmaq çox çətindir. Hər kəs də bu qanunlardan bildiyi kimi, özünə xeyirli tərəfdən istifadə edir. Aktyor dərk etməli, qəbul etməlidir ki, rejissorun təkliflərini doğru-dürüst yerinə yetirəndən sonra öz təklifini irəli sürə bilər. Bunu qəbul etməyən adam seçim qarşısında qalanda başqa teatr tapmalıdı, harda ki, onun şıltaqlığı, “ərköyünlüyü” qəbul edilir. Mən bu cür rotasiyalara rahat baxıram. Hər kəs seçim hüququna malikdir, heç kəs qürurunun tapdanmasına dözməz. Amma yaradıcılıq prosesində qürura toxunulmur. İstər aktyorun, istər rejissorun, istər bəstəkarın və istər rəssamın...
...Bəzən görürəm tamaşa istədiyim kimi alınmır, hər tamaşada düşünülənlərin inkişaf etmək əvəzinə necə sındığının şahidi oluram. Bax bu, qürurun tapdanması deməkdi?! Lakin axı kimsə məni məcburən bu işə sürükləməyib...
Teatrın məqsədi
İnanıram ki, teatrın məqsədi tamaşaçıya sarsıntı keçirməyə imkan yaratmaqdı. Lap qəddar desək sarsıntını, həyəcanı keçirməyə tamaşaçını məcbur etməkdi. Bəlkə də bu teatrın yeganə, baş məqsədidi. Teatrın bu məqsədi və oxşarlığı qədim yunan faciələrindən bu yana dəyişilməz olaraq qalıb. Sadəcə biz dəyişmişik və bizim bir insan olaraq teatr-sarsıntı barədə fikirlərimiz o qədər başqalaşıb ki... Amma tamaşaçını sarsıntı keçirməyə məcbur etməzdən əvvəl biz o sarsıntının özünü tapmalı və özümüz sarsıntı keçirməliyik. Bunu başa düşmək, anlamaq lazımdır. İnsan həyatda əlbəttə ki, rahatlıq axtarır. O, həyəcandan, səs-küydən, sarsıntıdan daim uzaq olmaq istəyir. Bədii həyat isə fasiləsiz həyəcan, sarsıntı, əsəb tələb edir. Təkrar edirəm: fiziki yox, ruhi. Buna görə də narkomanı oynamaq üçün narkoman, əyyaşı oynamaq üçün heç də hər gün içki içməyə ehtiyac yoxdur. Sadəcə görmək, anlamaq, təsirlənmək və əzab çəkməyi bacarmaq lazımdır. Yalnız bu zaman məsələnin nədən ibarət olduğunu başa düşmək olur.
...Bəlkə də istedad deyilən məfhum elə budur?
Biz bilmədiyimizi oynayırıq...
Başa düşmədiyimizi danışırıq...
Əgər sən hadisələrin gedişini və mahiyyətini başa düşmürsənsə onda nə həyatda, nə də səhnədə həmin hadisəni ifadə edə bilməzsən. Və buna görə də imkanı olan teatrlar tamaşada lazım olan və sözlə ifadə oluna bilməyən ruhi sarsıntını almaq üçün hadisələr baş verən məkanlara üz tutaraq orada bir müddət yaşayırlar. (Təəssüf ki, Azərbaycan teatrının tarixində belə səfərlər olmayıb.) Sarsıntı məhz bu cür səfərlərdə yaranır və uzun müddət yaddan çıxmır. Emosional yaddaş bu sarsıntının hər zaman üzdə olmasına şərait yaradır.
... Və nəticə
K.S.Stanislavskinin yazdıqlarını tələbəlik illərindən oxuyuram. Bir çox səhifələrdə qeydlərim hər dəfə dəyişir. O da özündən narazı olub. O qədər narazı olub ki, “Mənim sənət həyatım” kitabında özünün natamam aktyor olmasından yazıb, plastikasını, danışığını, emosiyasını yetərincə tənqid edib. Bir aktyor bu yazıları oxuyandan sonra rahatlıqla nəfəs alıb demişdi: “Sən demə Stanislavski də istedadsız olub”.
Amma Stanislavskinin oyunlarını görənlər onun necə böyük aktyor olmasından, necə həyəcanla oynamasından, çoxlu sayda yazılar yazıblar. Özündən daim narazı olan K.S.Stanislavski isə 72-i yaşında belə hər gün qrim otağına çəkilərək səhnə danışığı ilə ciddi məşğul olarmış ki, səhnədə düzgün, normal danışa bilsin. Ona elə gəlirmiş ki, danışığı bərbaddır. Əlbəttə, bu hərəkəti ağılsızlıq kimi də qəbul etmək olar, sənətçi həyatı kimi də...
Sual: Biz nəsə öyrənməyə şərait yaradırıq və yaxud şərait yaradırıq ki, öyrənməyi öyrədək?
Bu da axırı... Vəssalam...