525.Az

Gürcüstan-Ermənistan münasibətləri: risklər artır


 

Gürcüstan-Ermənistan münasibətləri: <b style="color:red">risklər artır</b>

Son zamanlar rəsmi Tbilisi Ermənistanla əlaqələrin taleyində meydana gələn qeyri-müəyyənliklərə tez-tez işarə edir. İlk növbədə, erməni mallarına qoyulan vergilərin artırıla biləcəyindən danışılır. Səbəb kimi isə Ermənistanın Avrasiya İttifaqına üzv olması göstərilir.

Şübhəsiz, məsələ real olaraq daha geniş geosiyasi, siyasi və iqtisadi faktorlarla bağlıdır. Lakin iki ölkə arasındakı münasibətlər həqiqi mənada yeni məzmun kəsb edə bilər. Burada ermənilərdən Gürcüstana qarşı separatizmdə də istifadə olunmasını nəzərə almaq lazımdır. Bütün bunların Ermənistan-Gürcüstan münasibətlərini mürəkkəbləşdirməsi mümkündür.

İki ittifaq arasında: erməni-gürcü münasibətlərinin dilemması

Gürcüstan-Ermənistan münasibətlərində ciddi problemlər meydana gələ bilər. Bu ölkələrdən biri Avropa İttifaqına, digəri isə Avrasiya İttifaqına üz tutub. Həmin təşkilatların fərqli standartları vardır. Ora daxil olan üzvlər qəbul edilmiş normalara tam əməl etməlidirlər. Başqa halda üzvlüyün heç bir mənası olmur. Üstəlik, Aİ və Gİ faktiki olaraq fərqli geosiyasi, iqtisadi və sosial-mədəni mühitdirlər. İki qonşu dövlətin həmin fərqlər arasında parçalanması, təbii ki, adi hal deyil. Lakin artıq addım atılıb və gözlənilən nəticələrin təhlili maraq doğurur.

Gürcüstanın Avropa İttifaqına assosiativ üzvlüyü vergisiz məhsulların ölkəyə axını deməkdir. Burada, eyni zamanda, Gürcüstanın hələlik zəif iqtisadiyyata malik olması nəzərə alınır. Konkret olaraq, bir sıra gürcü mallarına güzəştlər tətbiq oluna bilər və yaxud yerli istehsalı stimullaşdırmaq üçün əlavə tədbirlər görülər. Şübhəsiz ki, bütün bunları rəsmi Tbilisinin nəzərə alması məcburidir. Bununla yanaşı, Ermənistan Avrasiya İttifaqının üzvü qismində təşkilatın qoyduğu müəyyən qaydaları gözləməlidir. Belə çıxır ki, Tbilisi və İrəvan öz iqtisadi siyasətlərini müstəqil yerinə yetirə bilməyəcəklər. Onlar daxil olduqları təşkilatın müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməlidirlər. O cümlədən, öz aralarında iqtisadi münasibətləri də həmin aspektdə tənzimləməli olacaqlar.

Ermənistanda məhz bu məqamdan ciddi narahatdırlar. Onlar problemə yalnız iqtisadi müstəvidə qiymət vermirlər. Ölkənin geosiyasi taleyi, təhlükəsizliyin təmini və iqtisadi inkişaf modelinin seçilməsi məsələləri qeyri-müəyyən olaraq qalır. Məsələn, erməni ekspert yazır ki, "Ermənistanın Avrasiya İttifaqına üzvlüyü normal gürcü-erməni münasibətlərinə təhlükə yaradır. Özlüyündə bu, Rusiyaya Ermənistan-Gürcüstan münasibətlərinə nəzarət və onu idarə etməyə yeni vasitələr verir. Ermənistanı Gürcüstana qarşı müəyyən təxribatlara təhrik edə bilərlər" (bax: Арам Аматуни. Какое отклонение зафиксировала Грузия в Армении? / "1in.am", 14 iyul 2014).

Maraqlıdır ki, Ermənistanın Milli təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri D.Şahnazaryan da Gürcüstanla münasibətlərin taleyindən narahatdır. O, iyulun 10-11-də Batumidə keçirilən "Gürcüstanın Avropa yolu" adlı beynəlxalq konfransda çıxışı zamanı Moskvanı ciddi ittiham edib. Ermənisayağı hiyləgərliklə Gürcüstanı tərifləyib, onu "xilas dairəsi" adlandıran D.Şahnazaryan Kremlin regionda mənfi rol oynadığından dəm vurub (bax: Давид Шахназарян: Россия стала главным дестабилизирующим фактором и главной угрозой в регионе / "1in.am", 14 iyul 2014).

Onun fikrinə görə, Ermənistanın Gürcüstanla münasibətlərini kənardan təsir nəticəsində poza bilərlər. O da təbəssüm doğurur ki, əvvəllər həmin keyfiyyətdə Türkiyəni görürdülər. İndi belə məlum olur ki, ermənilərin "düşməni" Rusiya olub.

Hər şeydən əvvəl, ermənilərin narahatlıqlarının əsası vardır. Çünki rəsmi İrəvanın yarıtmaz xarici siyasəti Ermənistanı geosiyasi uçurumun kənarına gətirib. Daxili inkişaf sıfır səviyyəsindədir. İnsanlar ölkəni kütləvi surətdə tərk edir. Bu yaxınlarda Rusiyanın ermənilər üçün gediş-gəlişi asanlaşdırmasını İrəvandakı rəsmilər təlaşla qarşılayıblar. Miqrasiya xidmətinin rəhbəri deyib ki, bu, kütləvi axına səbəb olacaq. Ermənistan vətəndaşları daha çox Rusiyaya bağlanacaqlar və bu da ölkəyə təzyiq mexanizminə çevriləcək.

Bundan başqa, rəsmi İrəvan Dağlıq Qarabağ məsələsində tamamilə çıxılmaz vəziyyətə düşüb. Son dövrlərdə ABŞ rəsmilərinin "7 rayon təhvil verilməlidir" formulunu təkrarlaması, Ermənistan rəhbərliyini təlaşa salıb. Ekspertlər İrəvanın iki böyük güc – ABŞ və Rusiya arasında sıxıldığını açıq yazırlar. Belə bir şəraitdə qonşu ölkələrlə münasibətin taleyi həqiqi mənada daha çox əhəmiyyət kəsb edir. Bu səbəbdən də Gürcüstanın erməni mallarına vergini artırmaq haqqında danışması dərhal İrəvanda panika yaradır.

Eyni zamanda, yaltaqlıq başlayır. İndi ermənilər gürcülərə yalvar-yaxar edirlər ki, Ermənistanda istehsal edilən mallara vergi əvvəlki qaydada qalsın. Hətta bəziləri düşünür ki, ermənilər Gürcüstana investisiyanı artıra bilərlər (bax: Арам Аматуни. Göstərilən məqaləsi). Ancaq bu halda Ermənistanın daxili iqtisadi mühiti daha da pisləşəcək. Deməli, faktiki olaraq çıxılmaz vəziyyət yaranıb.

Ermənistan: virtual geosiyasi konfiqurasiya arxasınca

Onu demək lazımdır ki, Ermənistanın İran ümidləri də puça çıxır. Burada da Rusiya faktorunu qabardırlar. Moskvanın özü İranla əməkdaşlığı yeni səviyyəyə qaldırmaq arzusundadır (bax: Игорь Иванов. Возвращение Ирана / "Российская газета", 16 iyul 2014). Rusiya İranı regionun ən perspektivli ölkələrindən biri hesab edir. Erməni ekspertlər isə bu qənaətdədirlər ki, İrəvanın Tehranla necə münasibət qurmasını Kreml həll edir. Bu səbəbdən Ermənistan rəhbərliyi İranla əlaqələrə Moskvanın gözü ilə baxır.

Burada həqiqət vardır. Lakin səbəbkar elə rəsmi İrəvanın özüdür. Forpost başqa cür davrana bilməz. Deməli, Gürcüstanla münasibətlərdə də Ermənistan əmrlərə əməl etməlidir. O halda Cavaxetiya məsələsi İrəvan-Tbilisi münasibətlərində barıt çəlləyi rolunu oynamaqda davam edəcək. Bu kontekstə iki ölkə arasındakı əlaqələrə təsir edə biləcək bir məqamı vurğulamaq gərəkdir.

Ermənistan uzun müddətdir ki, Cavaxetiyada separatizmi alovlandırır. M.Saakaşvili dönəmində radikal erməni liderlərdən biri həbs edilmişdi. Hazırda isə ermənilər sürətlə Rusiya vətəndaşlığını qəbul edirlər. Buna baxmayaraq, rəsmi Tbilisi bir sıra erməni məhsullarına çox güzəştli vergi qoyub. Təbii ki, belə bir tədbir erməni separatçılığını azaltmayıb. Əksinə, belə bir informasiya yayılır ki, Rusiya vətəndaşlığını qəbul etmiş Cavaxetiya erməniləri kənardan göstəriş olanda qarışıqlıq yaradacaqlar.

Erməni ekspertlər isə qətiyyən məsələnin bu tərəfi haqqında danışmırlar. Onlar Gürcüstanın Ermənistana qarşı ehtiyatlı mövqe tutmasını yalnız xarici təsirlə izah etməyə çalışırlar. Bu da özlüyündə Gürcüstan üçün təhlükəli məqamdır. Çünki ermənilər arxadan qəfil zərbə endirə bilərlər. Çox güman ki, çıxılmaz vəziyyətə düşmüş İrəvan bu addımı atacaq.

Bunlardan aydın olur ki, indidən Ermənistanla Gürcüstan arasında geosiyasi və sosial-mədəni uçurum meydana gəlib. Rəsmi Tbilisi Avrasiya İttifaqına üzvlüyün iki ölkəni bir-birindən daha da uzaqlaşdıracağı barədə xəbərdarlıq edib. Ekspertlərin rəyinə görə, bu, regionda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığının güclənməsinə səbəb olacaq. Erməni ekspertlər isə İran-Ermənistan-Gürcüstan formatına üstünlük verirlər.

Bütün bunlar sübut edir ki, Ermənistan-Gürcüstan münasibətlərində sərinliyin yaranma ehtimalı İrəvanın müstəqil siyasət yeritməməsindən qaynaqlanır. Rəsmi Tbilisi dolayısı ilə bu barədə danışır. Ancaq prosesin istiqamətini dəyişməyin imkansız olduğunu düşünürük.

Bundan başqa, ermənilər region ölkələri arasında ixtilaf salmaq yolunu davam etdirirlər. Onlar gah Qərbi, gah da Rusiyanı ittiham edirlər. Moskvanın Bakı ilə əməkdaşlığını çox qəzəblə qarşılayırlar. Reallıq isə iki ölkənin əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş imkanlara malik olduğunu göstərir. Hiss olunur ki, Ermənistan tədricən regionun geosiyasi mənzərəsində qara ləkəyə çevrilir. O, qeyri-müəyyənlik və təhlükə faktoru olaraq qalır.

Newtimes.az

 





01.08.2014    çap et  çap et