525.Az

Gürcüstan Azərbaycana gətirilən avtomobillərə görə vətəndaşlarına xəbərdarlıq edib


 

Gürcüstan Azərbaycana gətirilən avtomobillərə görə vətəndaşlarına xəbərdarlıq edib<b style="color:red"></b> Gürcüstan Daxili İşlər Nazirliyi bu ölkədən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
 
“APA-Economics”in məlumatına görə, qurumun bəyanatında bildirilir ki, Azərbaycanda “Euro-4” ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.
 
Sənədləşdirmə proseduru ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) saytında tanış olmaq olar.
 
Məlumatda həmçinin qeyd olunub ki, yuxarıda qeyd olunan prosedur qaydaları müvafiq qanunvericiliklə tənzimlənir və onu pozan şəxslərə qarşı tədbirlər görüləcək.
 
Qeyd edək ki, Azərbaycan “Euro-4” standartına cari ilin aprelin 1-dən keçib.
 
Nazirlər Kabinetinin “Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Euro-4” ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Euro-4” ekoloji normalara uyğun olması əsas götürüləcək.
 
 





06.08.2014    çap et  çap et