525.Az

"Dərk etmirlər ki, prezidentlə bu cür dildə danışmaq olmaz" - Millət vəkili


 

"Dərk etmirlər ki, prezidentlə bu cür dildə danışmaq olmaz" - <b style="color:red">Millət vəkili</b>

Millət vəkili Azay Quliyev ilə hüquqşünas Aslan İsmayılov arasında "AŞPA-nın 11 deputatının Zülfüqarlı qardaşlarının mülkiyyətinə qəsd edilməsi ilə bağlı iddialarla Azərbaycan Prezidentinə müraciət etməsi" məsələsi ilə bağlı polemika yaranıb.

525.az-ın məlumatına görə, Azay Quliyev öz facebook səhifəsində bununla bağlı fikirlərini bildirib. Millət vəkilinin statusunu olduğu kimi təqdim edirik:

“Dünən Qafqazinfo.az saytının “AŞPA-nın 11 deputatının yoxlanılmamış qərəzli mövqedən çıxış edərək Zülfüqarlı qardaşlarının mülkiyyətinə qəsd edilməsi ilə bağlı iddialarla Azərbaycan Prezidentinə müraciət etməsi” haqqında sualına cavab verərkən söyləmişdim ki, hazırda həmin iş Ali Məhkəmənin baxışındadır və bu cür bəyanatlar məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər. Yəni məsələyə aid məhkəmənin qərarı olmadan onu siyasiləşdirməyin və hər hansı bir başqa müstəviyə yönəltməyin doğru olmadığını bildirmiş, bu cür lobbiçiliyin arxasında hansı maraqların dayandığını sual etmişdim.

Bu şərhimə Aslan İsmayılov öz aləmində guya “Azadlıq” qəzetində etiraz etməyə çalışıb. Amma təəssüf ki, o bunu adi etika və siyasi mədəniyyət çərçivəsində etməyi belə bacarmayıb. Hətta o, “dərin savad” nümayiş etdirərək, özünün ədəb-ərkanına və mədəniyyətinə uyğun bir şəkildə mənim haqqımda bəzi yersiz ifadələr işlədib və demək olar ki, əməlli-başlı həddini aşıb. Doğrusu, mən bu adamın niyə belə özündən çıxmasının və isterik bir şəkildə avropalı deputatların lobbiçilik fəaliyyətini xüsusi canfəşanlıqla müdafiə etdiyinin səbəbini anlayıram. Burası məlum olduğu üçün mən burada onun hansı maraqlar güddüyünün üzərində geniş dayanmaq istəmirəm.

Mən heç onun savadla bağlı məişət səviyyəsində olan cılız atmacalarına və yaxud kürü ilə bağlı şəxsimə qarşı söylədikləri böhtanlara və dedi-qodulara, ümumiyyətlə bu kimi digər mənasız ittihamlara münasibət bildirmək fikrində də deyiləm. Görünür, o özü ora-bura nəsə daşımaqla məşğul olduğundan indi hamını öz arşını ilə ölçməyə başlayıb. Ona görə də onun səviyyəsinə enib eyni üslubda və dildə ona cavab verməyi aldığım tərbiyəyə və etik qaydalara zidd hesab edir və ümumiyyətlə, bu tərz yanaşmanı özümə rəva bilmirəm. Eyni zamanda əminəm ki, onun bu yazısı ilə tanış olan bütün obyektiv oxucular bilirlər ki, Aslan İsmayılovun dedikləri qeyri-ciddi və qərəzli olduğu qədər də gülməlidir. A.İsmayılov kimi özündən müştəbeh adamdan başqa nə gözləmək olar? Sivil və mədəni şəkildə nəyəsə münasibət bildirməyi bacarmayan, elementar polemika mədəniyyəti olmayan adam, əlbəttə, ya təhqirə keçməli, ya böhtan atmalı, ya da söyüş və qarğış etməlidir. Ona görə də düşünürəm ki, bu kimi adamların qeybət səviyyəli yazılarına əhəmiyyət verməmək daha yaxşıdır.

Sonda yalnız onu əlavə etmək istəyirəm ki, özünü “hüquqşünas” adlandıran bu şəxs anlamalıdır ki, mülkiyyət hüququnun qorunması haqda Avropa Konvensiyasının bir nömrəli əlavəsini imzalamaq o demək deyil ki, AŞPA deputatı Azərbaycan Prezidentinə məhkəmələrin necə qərar verməsi haqqında göstəriş verə və yaxud da ona təzyiq edə bilər. Yazıqlar olsun ki, Aslan İsmayılov kimiləri hələ də Azərbaycan dövləti və onun Prezidenti ilə bu cür ultimativ dildə danışmağın yolverilməz və mənasız olduğunu ya dərk edə bilmir, ya da dərk etmək istəmirlər.

P.S. Onun bu yazısı haqqında dostlarımdan biri mənə zəng vurub məlumat verəndə, ilk sözü belə oldu: “Görəsən, Aslan İsmayılovun hansı xahişini yerinə yetirməmisən...”

Hüquqşünas Aslan İsmayılov isə "Azadlıq" qəzetinə açıqlamasında millət vəkilinə belə cavab verib: 

"Azay Quliyev əli girmədiyi yerə başını soxmasın. Əvvəlcə getsin öz vəzifəsini yada salsın. O, Milli Məclisin deputatıdır, mülkləri zorla sahibkarların əlindən alan şəxslərin vəkili deyil. Azay Quliyevin ingilis dilində danışması onun savadlı olması demək deyil. Bir balaca savadı olsaydı, bilərdi ki, Azərbaycan Avropa Şurasının üzvüdür və mülkiyyət hüququnun qorunması haqda Avropa Konvensiyasının bir nömrəli əlavəsini imzalayıb. Bu səbəbdən də mülkiyyət hüququnun toxunulmazlığını təmin etməlidir. Azay Quliyev bu cür danışmaqdansa getsin, "kürü diplomatiyası" biabırçılığına görə sussun. Bu sırf hüquqi müstəvidə olan işdir. Avropalı deputatlar Azay Quliyev kimi ora-bura kürü daşımırlar".

 





03.11.2012    çap et  çap et