525.Az

“Telmanın öldüyünə inanmırıq”


 

“Telmanın öldüyünə inanmırıq”<b style="color:red"></b> Ukraynada öldürüldüyü güman olunan azərbaycanlı iş adamı Telman Cəfərovun yaxınları bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin binası önünə toplaşıblar.
 
APA-nın məlumatına görə, T. Cəfərovun qohumları ilə görüşən Ukraynanın Azərbaycandakı konsulu Vitali Kramarenko bu məsələni diqqətdə saxladıqlarını, ancaq T. Cəfərovun taleyi haqda heç bir informasiya əldə edə bilmədiklərini söyləyib.
 
T. Cəfərovun dayısı Sabir Novruzov bildirib ki, iyulun 30-da onlara zəng edərək Telman və onun yanında olan 3 nəfərin separatçılar tərəfindən vurulduğu deyilib: “Bizə dedilər ki, separatçılar onları snayperlə vurublar, nəticədə Telman həyatını itirib, digər üç nəfər isə yaralanıb. Ancaq biz bu xəbərə inanmırıq, həmin üç nəfərin heç burnunun ucu da qanamayıb. Həmin o üç nəfər bir-birlərinin dedikləri informasiyanı inkar edirlər. Həm də biz Telmanın mobil telefonuna zəng edirik, telefona kimsə cavab vermir və ya telefon məşğul göstərir. Bu da bizi inandırır ki, Telman ölməyib”.
 
Sabir Novruzov onu da əlavə edib ki, artıq dördüncü dəfədir səfirliyə müraciət edirlər, ancaq hələ də onları qane edəcək informasiya ala bilməyiblər.
 
T. Cəfərovun yaxınları daha sonra XİN-ə gediblər. XİN-in mətbuat katibi Elman Abdullayev qeyd edib ki, Telman Cəfərovun taleyi ilə bağlı araşdırmalar davam edir: “Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq beynəlxalq təşkilatlara müraciət edib”.
 
Mətbuat katibi onu da əlavə edib ki, həmin regionda davam edən döyüşlər axtarış işlərini çətinləşdirir.
 





07.08.2014    çap et  çap et