525.Az

Nizami Gəncəvinin orijinal əlyazmalarının sərgisi keçirilib


 

Nizami Gəncəvinin orijinal əlyazmalarının sərgisi keçirilib<b style="color:red"></b>

Bu gün Bakıda Nizami Gəncəvinin 870 illiyi ilə bağlı tədbirlər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Milli Tarix Muzeyi ilə birgə dahi Azərbaycan şairi Nizami Gəncəvinin və Şərqin inciləri sayılan digər əsərlərin orijinal əlyazmalarından ibarət sərgi keçirib.

APA-nın məlumatına görə, sərgidə 40-dan çox ölkədən toplanılmış misilsiz əlyazmalar ilk dəfə nümayiş olunub. Eyni zamanda, sərgidə XII əsrə aid İncil, müxtəlif dövrlər və mədəniyyətlərin Qurani-Kərimi, dahi Nizaminin «Xəmsə»sinə Hindistan, Misir, İran, Mərkəzi Asiya xalqlarının yazdıqları əlyazmalar, qızıl işləməli ilyustrasiyalar nümayiş olunub.

Sərginin açılışında ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melani Verveyer, ABŞ Dövlət Departamentinin İKT üzrə əlaqələndiricisi Filip Verveyer, ABŞ, Misir, Qırğızıstanın Azərbaycandakı səfirləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Sərgidə qonaqlara əlyazmalar barəsində ətraflı məlumat verilib.

Sərgidən sonra Muzeyin böyük zalında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə gördüyü işlərlə bağlı video-film nümayiş etdirilib.

Himayədarlar Şurasının xüsusi qərarı ilə xanım Melani Verveyer dünyada qadın problemlərinin həllində, yoxsul ölkələrdə gənc qızların maarifləndirilməsi istiqamətində fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mükafatı ilə təltif olunub.

Xanım M.Verveyer öz növbəsində onun fəaliyyətinə belə böyük dəyər verildiyinə görə təşəkkürlərini bildirib və Nizami Gəncəvinin əlyazmaları ilə tanışlığın onun üçün böyük şərəf olduğunu qeyd edib.

 





03.11.2012    çap et  çap et