525.Az

DİN saxta pullara görə əhaliyə müraciət etdi


 

DİN saxta pullara görə əhaliyə müraciət etdi<b style="color:red"></b> Daxili İşlər Nazirliyi ölkəyə gətirilən külli miqdarda saxta pulla bağlı məlumat yayıb.

Lent.az-a daxil olan məlumatda bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta manatın dövriyyəyə daxil edilməsinin qarşısını alıb.

Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədovun saxta manat əldə edərək satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olduqdan sonra dərhal əməliyyat axtarış tədbirlərinə başlanılıb. Polis əməkdaşları Kamil Məmmədovu paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində saxlayıblar. Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əsginasları 4 min Amerika dollarına satarkən cinayət başındaca tutulub. Onun üstünə baxış zamanı əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta pul əsginasları aşkar edilərək götürülüb.
 
Bundan əlavə Kamil Məmmədov satış nəticəsində əldə etdiyi 4 min həqiqi Amerika dollarını da  əməliyyatçılara təqdim edib. Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta manatları ölkəmizdən kənarda hazırlatdırıb və dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi manatdan bir o qədər seçilmədiyi müəyyən olunub.

Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq saxta pulların mənbəyini araşdırır. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, alış veriş edərkən diqqətli olsunlar və şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər.
 





08.08.2014    çap et  çap et