525.Az

“İstəyimiz odur ki, İlham Əliyev yenidən prezident olsun”


 

ELDAR İBRAHİMOV: “BİZİ İSTƏMƏYƏN QÜVVƏLƏR DAXİLDƏ BAŞ VERƏN HƏR BİR MƏSƏLƏNİ ŞİŞİRDİB BEYNƏLXALQ TƏŞKİLATLARA ÖTÜRÜR”

“İstəyimiz odur ki, İlham Əliyev yenidən prezident olsun” <b style="color:red"></b>

Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimovun 525-ə müsahibəsi   

– Eldar müəllim, qarşıdan növbəti prezident seçkiləri gəlir. Əks cəbhədə 2013-cü il seçkilərilə bağlı  müxtəlif proqnozlar verilir – gah bu seçkilərin hakimiyyətin sonu olacağını deyirlər, gah Qərbdən, beynəlxalq təşkilatlardan artıq hakimiyyətə verilən dəstəyin çəkildiyini iddia edirlər. 

– Bu deyilənləri mən də izləyirəm. Xüsusilə, son vaxtlar Rusiyada azərbaycanlıların yeni diaspor ittifaqı yaratmasından çox danışılır. Bəlkə də xoş niyyətlə yaranır, mən dərinliyinə qədər bilmirəm, amma istər-istəməz  sensasiyaya səbəb olur və hesab edirəm ki, prezident seçkiləri ərəfəsində bu, yaxşı hal deyil. Eyni zamanda,  daxildə baş verən hər hansı bir məsələni bizi istəməyən müxalifət qüvvələri şişirdib beynəlxalq təşkilatlara ötürürlər, dünya ölkələrinə ötürürlər, hətta təsəvvür edin, ABŞ-ın Azərbaycandakı səfirinin danışıqlarında da  bunları sezirik, hiss edirik. Yəni, hər cür vasitə ilə daxildə olan qüvvələr, hətta elə iqtidarın içində olan müəyyən adamlar da çalışırlar ki, hardasa gələn il seçkilərdə nəsə bir problem yaratsınlar. Amma mən belə bir problemin yaranacağına da inanmıram...

– Niyə inanmırsınız?

– Çünki Azərbaycan xalqı, prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası buna imkan verməz. YAP bu gün 600 min insanı öz ətrafında birləşdirən bir partiyadır. Elə 600 minin hər birində bir dörd nəfər ailə üzvü olsa, bu, iki milyon, üç milyon əhali edir. Yəni, bu səs var. İlham Əliyevin prezident seçilməsinin heç bir problemi yoxdur. Amma bəziləri fikirləşirlər ki, “bəlkə də qaytardılar”. Əlbəttə, onların o niyyətləri hamısının gözündə qalacaq. İlham Əliyevin iki çağırış – 2003-cü ildən bəri gördüyü işlər göz qabağındadır. İlham Əliyev, həqiqətən,  Heydər Əliyev siyasətini çox ləyaqətlə davam etdirir, onu çox yüksək səviyyəyə qaldırıb. Deyirlər, oğul atasından qabağa keçməlidir. Bu gün ölkəmizin iqtisadiyyatı sürətli inkişaf yolundadır, quruculuq, abadlıq işləri dinamik xarakter alıb, hər yerdə yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bu idman sarayları kimin üçündür? Azərbaycan üçündür. Bu yollar çəkilir, kimin üçündür? Onun üçündür ki, bizim balalarımız məktəblərə rahat yollarla gedib-gəlsinlər. İşığı var, qazı var, suyu var. Şəxsən mən ölkəmizin, xalqımızın ağır günlərini 20 il bundan qabaq – 90-cı ildən başlayaraq, 93-ün özündə də, 94-ün özündə də – Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtların əvvəlində də şahidi olmuşam. Yəni, 90-cı ildən Azərbaycan Ali Sovetinin deputatı kimi bu işlərin içərisində yaşamışam. Allah uzaq eləsin, getsin o günlər, qayıtmasın. O günləri görəndə, əlbəttə, bu günlərə hər bir insan, hər bir azərbaycanlı şükür etməlidir ki, indi əmin-aman, azad, müstəqil Azərbaycanın vətəndaşıyıq. Rahat küçələrimizdə gəzirik, nəvələrimizlə çıxırıq, balalarımızla çıxırıq. Bulvarda səhərə qədər adam əlindən də yer olmur. Nəyə görə? Birinci növbədə ölkədə əmin-amanlıq var. Bu əmin-amanlığın da əsasını qoyan ulu öndərimiz Heydər Əliyev olub. Bu gün də onun davamçısı olan, çox ləyaqətlə onun işini, siyasətini davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. İqtisadiyyatımız nə qədər inkişaf edib. Büdcəmiz il-ildən qalxır. 1996-cı ildə, mən bunu həmişə deyirəm, büdcəmiz cəmi 516 milyon idi, amma biz artıq manatla götürəndə 20 milyarddan danışırıq. Dollarla götürəndə 24-25 milyard dollardan danışırıq. Bu, inkişaf elə-belə deyil.  Məsələn, 2012-ci ilə nisbətən 2013-cü ildə iki milyarda yaxın bizim büdcəmiz artıb. Bütün dünya bu gün böhran, iqtisadi böhran, maliyyə böhranı içərisindədir. İspaniyası, Yunanıstanı, Portuqaliyası, bugünlərdə artıq İngiltərəsi böhranla çarpışmaqdadır. Bütün Avropanı böhran bürüyüb. Amma Azərbaycanda az qala hər sahədə artım var. Bunlar özü böyük şeydir. Yəni, biz bu gün artımı saxlaya biliriksə, demək, böhrandan uzaqdayıq. Ən azı böhrana tutulmamışıq, bu özü çox böyük iqtisadi uğurun səmərəsidir. Bunları – bu işləri aparan ancaq və ancaq möhtərəm prezidentimiz cənab İlham Əliyevdir və bütün Azərbaycan xalqı bunlara görə İlham Əliyevi dəstəkləyir. Onun növbəti dəfə prezident seçilməyinə inanıram, əminəm ki, hamı bir nəfər kimi ona səs verəcək.  Amma yenə təkrar edirəm, içəridə bunu istəməyən adamlar da var. Bu da təbiidir. Hamı istəyə bilməz. Amma bizlər də Yeni Azərbaycan Partiyasının üzvləri olaraq  İlham Əliyevin təbliğatını yüksək səviyyədə aparacağıq. 

– Belə  fikirlər də  var ki, 2013-cü il seçkiləri ilə bağlı iqtidarda, hakim partiyada müəyyən tərəddüdlər mövcuddur... 

– Təbii ki,  mən də müəyyən tərəddüdləri, iddiaları hiss edirəm. Amma bizim partiyanın sədr müavini Əli Əhmədov da, mən də və digər bizim partiya üzvləri də konkretolaraq həmişə demişik, bu ümiddəyik və həqiqətdə də belə olacaq, təkcə YAP-ın yox, bütün Azərbaycan xalqının  İlham Əliyevdən başqa namizədi yoxdur. Mən bu sözləri bir neçə dəfə demişəm və bir də təkrar etmək istəyirəm. Bu gün bəlkə İlham Əliyevə o prezidentlik vəzifəsi lazım deyil. Sadəcə, İlham Əliyevin prezidentliyi bizə lazımdır, Azərbaycan xalqına lazımdır. Azərbaycana yalnız bu boyda işlər görən şəxsiyyət rəhbərlik edə bilər və etməlidir. Azərbaycan dünyada ən mötəbər, hörmətli ölkələrdən biridir. Bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu balaca şey deyil. Bunlar hamısı bizim prezidentimizin hesabınadır. Prezidentin həm xaricdə, həm də daxildə apardığı işlər hər bir insanın gözünün qabağındadır. Ona görə də mən inanmıram ki, Azərbaycan xalqı başqa seçim etsin. Kimlərinsə bəlkə iddia olaraq, ürəyindən nələrsə keçir, hər şey  ola bilər, hamı hər şey fikirləşə bilər. Amma sən fikirləşdiyini fikirləş, gör Azərbaycan xalqı nə fikirləşir. Yenə deyirəm, Yeni Azərbaycan Partiyası olaraq, təkidimiz də, məqsədimiz də ondan ibarətdir ki, İlham Əliyev yenidən prezident olsun. Bu gün Azərbaycanda İlham Əliyevin alternativi yoxdur. İkinci bir adam yetişməyib hələ. Yetişməyibsə, demək, İlham Əliyev bizim prezidentimiz olmalıdır, İlham Əliyev ölkəmizi daha da inkişaf etdirməlidir. 

– Müxalif qüvvələr isə iddia edirlər ki, azad rəqabət şəraitində hakimiyyətin namizədi yox, müxalifətin namizədi qalib gələ bilər...

– Bizim müxalifət başqa ölkələrə arxayınlaşır, onlar başqa ölkələrlə, beynəlxalq təşkilatlarla iş aparırlar. Bunların da okeanın o tayında oturan Con dayıları deyir ki, siz bir az tərpənsəniz, biz sizə kömək edərik. Çünki bu Con dayılar da istəyir ki, başqa ölkələrdə – Afrika ölkələrində olduğu kimi,  Azərbaycanda da bu cür hərəkətlər də etsinlər. Amma onlar unudurlar ki, Azərbaycanda prezidenti seçən Azərbaycan xalqıdır, Con dayılar yox, nə bilim filankəslər yox. Axı, müxalifət nə edib? Müxalifət hakimiyyətdə olub, 92-93-cü illərdə, 12 ay 27 gün. Onu bütün Azərbaycan xalqı görüb ki,  Azərbaycanı necə dağıtdılar, Azərbaycanı necə viran qoydular. Heydər Əliyev gəldi təzədən qırx arşın quyunun təkindən min dənə daşı bir-bir çıxartdı, dövlət qurdu. İndi bu dövlət qurulub, Azərbaycan xalqının bəyəm ağlı yoxdur ki, bu qurulmuş, hazır dövləti təzədən verək kimlərəsə, getsinlər dağıtsınlar? Yəni, bunu hər bir insan başa düşür. Odur ki bu, qeyri-mümkün haldır. Azərbaycanda yenə deyirəm, əmin-amanlıq var, sabitlik var, Azərbaycan artıq öz resursları ilə dünyada özünə yer tutub, xüsusilə neft-qaz, enerji resursları ilə. Ona görə də Azərbaycan çox böyük, hörmətli bir ölkədir. Azərbaycana heç kəs yaxın düşmək istəməz, Azərbaycanın pisliyini istəməzlər. Azərbaycan nə edir, Azərbaycan Gürcüstandan, Türkiyədən tutmuş, digər ölkələrə kimi onların iqtisadiyyatında çox böyük rol oynayır. Azərbaycan bu gün artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Şərqi Avropada, Serbiyada nə qədər böyük işlər görülüb, körpülər, yollar salınıb. Digər ölkərə – Gürcüstanın özünə biz nə qədər sərmayə qoymuşuq. Dünyanın elə bir yeri varmı ki, Azərbaycan orada iş görməsin? Və çalışırıq ki, iş görməklə o dövlətləri özümüzə bağlayırıq. Belə olan halda mən inanmıram ki, bugünkü iqtidarın hakimiyyətdən getməsində kimlərsə maraqlı olsun.

– YAP azad və ədalətli seçkilərə, rəqabətə hazırdırmı?

– Hazırdır. Mən birmənalı deyərəm ki, bu gün Yeni Azərbaycan Partiyası bütün gücü ilə, varlığı ilə buna hazırdır və inanın ki, bu gün əgər hər hansı müqayisə aparsaq Yeni Azərbaycan Partiyası ən tanınmış partiyalardan biri kimi dünyanın hər yerində tanınır. Çinin hakim Kommunist Partiyası ilə, Ukraynanın hakim Regionlar Partiyası ilə, Rusiyanın “Yedinaya Rosiya”sı ilə, nə bilim Misirdən tutmuş digər Afrika, Avropa ölkələrinə kimi bizim əlaqələrimiz var. Yeni Azərbaycan Partiyasını dünyada tanımayan bir ölkə, belə deyək də, hansısa bir partiya yoxdur. Bu, çox böyük bir uğurdur. 

Kamil HƏMZƏOĞLU

 





03.11.2012    çap et  çap et