525.Az

Azərbaycanda təhsil strategiyası: məqsədyönlü addımlar, aydın perspektivlər


 

Azərbaycanda təhsil strategiyası: məqsədyönlü addımlar, aydın perspektivlər<b style="color:red"></b> Hər bir ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması ilə səciyyələnir. Belə ki, millətin təhsilinin və elmi potensialının inkişaf etdirilməsi, öz növbəsində, müasir cəmiyyətin davamlı və dinamik inkişafının əsas amillərindən biridir. Təsadüfi deyildir ki, dünyanın inkişaf etmiş ölkələri məhz təhsildə yüksək inkişaf yolu keçməklə mühüm nəticələr əldə edə bilirlər.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, ölkənin yeni tarixində təhsilin uzunmüddətli strategiyası və onun əsas inkişaf istiqamətləri ilk dəfə məhz ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və onun rəhbərliyi altında icra edilməyə başlanılıb. Bu təhsil strategiyasının əsas istiqamətləri üzrə davamlı inkişaf dinamikası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil sahəsində mühüm məzmun islahatları həyata keçirilir, genişmiqyaslı dövlət proqramları icra olunur və yeni inkişaf strategiyaları müəyyənləşdirilir. Təhsil sahəsində aparılan nəticəyönümlü islahatlar və icra edilən dövlət proqramları sayəsində bütövlükdə təhsil infrastrukturunun və təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatının əhatə dairəsi genişləndirilib, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb və ölkəmizin təhsil tarixində digər yeniliklərə imza atılıb: “Qeyd edim ki, dünyada bütün istiqamətlərdə qloballaşmanın geniş vüsət aldığı və sürətlə inkişaf etdiyi indiki dövrdə ölkənin milli inkişafının əsas və hətta yeganə yolu elm və təhsilin, müasir tələblərə uyğun yeni biliklərin, intellektual resursların inkişaf etdirilməsi, eləcə də informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi ilə bağlıdır. Bu baxımdan müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülü və elmi bilik və əsaslara söykənən iqtisadiyyata keçid şəraitində elm və təhsilin daha da inkişaf etdirilərək bu sahədə yeni modelin qurulmasının təmin edilməsi hazırda dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev deyib: “...Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərək güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqramlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq – 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək dayanıqlı inkişaf modelimizi qurmalıyıq”. Məhz bu fikirlərin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev tərəfindən “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalanıb ki, bu da prezidentin təhsil sahəsinə daim göstərdiyi diqqət və qayğıya əyani sübutdur”.

Təhsil naziri bildirib ki, hazırda elm və təhsil sahəsində müvafiq strategiyalar üzrə aparılan islahatlar, icra edilən dövlət proqramları ölkəmizin dinamik iqtisadi inkişafı və geniş maliyyə imkanlarına malik olması ilə sıx bağlıdır. Belə ki, dövlətin maliyyə imkanları genişləndikcə qarşıda duran məqsədlərə, o cümlədən elm və təhsil sahəsindəki məqsədlərə nail olmaq üçün real imkanlar daha da artır. M.Mərdanovun sözlərinə görə, iqtisadi sferada ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son dərəcə dəqiqliklə düşünülmüş siyasətin nəticəsidir ki, digər dünya ölkələrində fəsadları hələ də davam edən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün, demək olar ki, təsirsiz ötüşmüş və böhran dövründə iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, son illərdə ümumi daxili məhsulun əhəmiyyətli həcmdə artımını təmin edən, əhalisinin maddi gəlirlərinin artımına və beləliklə də ümumi rifah halının yüksəlməsinə nail olmuş ölkələrdən biri kimi Azərbaycan Respublikası hazırda iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl ölkələrin siyahısındadır. Bu, ölkədə iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik və reallıqlara əsaslandığını, ən xırda detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha göstərir: “Ölkənin iqtisadi sferasında həyata keçirilən siyasət, onun mahiyyət və istiqamətləri, əldə olunan nəticələr beynəlxalq miqyasda da müsbət şəkildə qiymətləndirilir. Belə ki, inkişaf etmiş ölkələrin nüfuzlu qəzetlərində vaxtaşırı olaraq Azərbaycanın son dövrlərdə yüksək inkişaf tempi, əldə etdiyi iqtisadi uğurları və ölkədə mövcud olan siyasi və iqtisadi sabitlik barədə geniş məqalələr dərc olunur”. 

M.Mərdanov qeyd edib ki, bu gün ən prioritet sahə hesab edilən təhsilə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir və bu sferaya ayrılan xərclər ildən-ilə əhəmiyyətli dərəcədə artırılır. Bütün bunlar isə prezidentin səsləndirdiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” devizinin real həyatda təsdiqinə bariz nümunədir: “Ölkədə son illərdə əldə olunan iqtisadi uğurlardan söz açaraq təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər barədə bəzi statistik məlumatlara nəzər salaq. Belə ki, 2007-ci ildə dövlət büdcəsinin faktiki xərcləri 6059,5 milyon manat təşkil etdiyi halda, 2010-cu ildə bu xərclər 11765,9 milyon manat olmuşdur. Dövlət büdcəsindən təhsilə ayrılan faktiki xərclər isə 2007-ci ildə 723 milyon manat, 2010-cu ildə isə 1180,8 milyon manat təşkil etmişdir. 2011-ci ilə dövlət büdcəsinin ümumi xərcləri 15941,2 milyon manat, təhsil xərcləri 1399,8 milyon manat və ya dövlət büdcəsinin ümumi xərclərinin 10 faizi, birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə tutulan xərclər isə 426,7 milyon manat və ya təhsil xərclərinin 30,5 faiz həcmində proqnozlaşdırılmışdır. Beləliklə, 2011-ci ildə dövlət büdcəsinin xərcləri 2010-cu ilin faktiki xərclərindən 4175,3 milyon manat və ya 35,5 faiz çoxdur. Hər il olduğu kimi bu il də övlət büdcəsindən təhsilə ayrılan ümumi xərclərin miqdarı artırılıb. 2011-ci ildə bu rəqəm 1.268.528.881 manat idisə 2012-ci ildə  1.511.537.213 manat təşkil edib. Dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri isə 2011-ci ildə 273,2 milyon manat təşkil edirdisə 2012-ci ildə bu rəqəm 420,9 milyon manata çatdırılıb”. 

M.Mərdanovun dediyinə görə, ümumi təhsildə adambaşına maliyyələşdirmənin tətbiqi bəzi problemlərlə üzləşsə də, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkəmizdə hazırda çox əhəmiyyətli işlər görülür. Belə ki, Azərbaycan prezidentinin “Ali təhsil müəssisələrində yeni  maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır. Məlum olduğu kimi, qeyd olunan Fərmanın icrası istiqamətində Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında”  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarı qəbul olunmuş və qərara əsasən  ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş və həmçinin “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” təsdiq edilmişdir. 2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin  təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün  Respublika Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 24 327 733  manat  məbləğində ayrılmış vəsait bölgüyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali     məktəblərin dövlət sifarişi üzrə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılmışdır. Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsait əvvəlki illərdə olduğu kimi 40 və ya daha çox xərc maddəsi üzrə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətləri və maliyyə müstəqilliyi artırılmışdır. Dövlət ali məktəblərində yuxarı kurslarda təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə tutulan vəsait isə 2011-ci ildə 40 və ya daha çox xərc maddəsi üzrə deyil, 4 xərc maddəsi, büdcədənkənar vəsaitlər üzrə  gəlir  və xərclər smetası isə 6 xərc maddəsi ilə proqnozlaşdırılmışdır.  Növbəti  ildən  isə ali təhsil müəssisələrinə dövlət büdcəsindən  bütün  vəsaitlərin  bir  xərc  maddəsi ilə ayrılması  nəzərdə tutulur. Bu isə ali məktəblərin  maliyyə  vəsaitlərinin  idarə  olunması  və  xərclənilməsində  səlahiyyətlərinin  artırılmasına  səbəb  olacaqdır: “ Ali təhsil müəssisələrinin mövcud maliyyələşmə sistemində köklü islahat aparılmadan keyfiyyətli mütəxəssis hazırlığına nail olmaq mümkün deyil. Bu vaxta qədər maliyyələşmə və budcə vəsaitlərinin ali məktəblər arasında bölüşdürülməsi mexanizmi aşağıdakı səbəblərə görə təhsil xidmətlərinin səmərəliliyini yüksəltmək imkanlarını məhdudlaşdırırdı: – mütəxəssis hazırlığına dövlət sifarişinin olmaması, ali təhsil müəssisəsinin büdcəsinin bir tələbəyə (adambaşına) düşən xərclər müəyyənləşdirilmədən formalaşması, ali məktəbin illik büdcəsinin əvvəlki illərin xərcləri nəzərə alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilməsi. Ali məktəbin büdcəsinin mənbəyindən asılı olmayaraq vahid büdcə təsnifatına uyğun, təxminən, 40 xərc maddəsi üzrə müəyyənləşdirilməsi və xərclənməsi, ali məktəbin xərc maddələri arasında yerdəyişməni müstəqil həyata keçirmək səlahiyyətinə malik olmaması, ilin sonunda isə xərc maddələri üzrə əldə olunmuş qənaət məbləğlərinin növbəti ilə keçirilməməsi və dövlət büdcəsinə silinməsi. İndiyədək mövcud olan maliyyələşmə mexanizmindən fərqli olaraq adambaşına maliyyələşmə dövlət sifarişinə uyğun ali məktəblər üçün büdcə vəsaitlərinin vahid metodika üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Xarici ölkələrin təcrübəsində ali təhsilin maliyyələşdirilməsi, əsasən, 3 yanaşma ilə həyata keçirilir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində maliyyələşmə ali təhsil müəssisələrinin təklifləri əsasında həyata keçirilir. Belə maliyyələşmə mexanizmi ali məktəbin fəaliyyətinin nəticələrindən asılı olmur və əsasən də əvvəlki illərin xərcləri nəzərə alınmaqla müəyyənləşdirilir. Nəticələr üzrə maliyyələşmə. Bu halda büdcə vəsaitlərinin ayrılması sistemi müəyyən nəticələrin əldə olunmasına, yəni buraxılan məzunların sayına əsasən müəyyənləşdirilir. Gözlənilən nəticələr əldə edilmədiyi halda istifadə olunmayan vəsaitlər ali məktəbin büdcəsindən silinir. Bəzi ölkələrdə (Kanada, Böyük Britaniya, Fransa, Yaponiya, İsveç, Norveç və sair) ali məktəblərin maliyyələşdirilməsi bir tələbəyə düşən xərci müəyyənləşdirilməklə həyata keçirilir. Həmin üsulla maliyyələşmə zamanı ixtisasların xüsusiyyətləri nəzərə alınır. Bütün bunlar hökumət tərəfindən ixtisaslar üzrə adambaşına düşən müvafiq təhsil haqqının müəyyənləşdirilməsini tələb edir. Belə bir mexanizmin tətbiqi ali təhsildə keyfiyyətin təmin olunmasına, ali təhsil müəssisələri arasında rəqabətin yaradılmasına, ayrılan vəsaitin tam səmərəli və məqsədli istifadəsinə, vəsaitlərin ayrılması prosesində subyektivliyə yol verilməməsinə, tələbələr üçün stimul yaratmağa xidmət edir”.

M.Mərdanovun sözlərinə əsasən, yeni maliyyələşmə mexanizminə keçid dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığında müvafiq qaydaların da hazırlanmasını tələb edirdi. Bununla əlaqədar “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydaları” işlənib hazırlandı və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olundu. Sənəddə hər növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunun hazırlanması mexanizminin, adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi, dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi, maliyyələşmənin şərtləri, onun səmərəli istifadəsi öz əksini tapmışdır. Burada habelə Təhsil Nazirliyi ilə təhsil müəssisələri arasında və təhsilalanla təhsil müəssisəsi arasında müqavilələrin bağlanma mexanizmi və onun nümunəsi də verilmişdir. Həmin sənəddə dövlət sifarişi əsasında maliyyələşmənin hansı hallarda dayandırılması, ondan məhrum edilmə, ödənişli əsaslarla təhsil alanların və yüksək göstəricilərə nail olanların dövlət hesabına təhsil almaları üçün imkan yaradılması məsələləri də yer almışdır.

Təhsil naziri deyir ki, əldə olunan müsbət nəticələrlə yanaşı yeni maliyyələşmə mexanizminin tətbiqinin ilkin mərhələsində bir sıra problemlər də ortaya çıxmışdır. Bununla əlaqədar vaxtaşırı təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, aidiyyəti ali məktəblərin rektorlarının, baş mühasiblərin iştirakı ilə  kollegiya, müşavirə və seminarlar keçirilmiş və bu görüşlərdə ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər, əldə olunan ilkin nəticələr,  qarşıda duran vəzifələr və təkliflər geniş müzakirə edilmişdir. Qeyd olunan tədbirlərdə mövcud problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi, ilk növbədə, dövlət sifarişi üzrə hər bir təhsilalana düşən illik  xərclərin məbləğlərinin artırılmasını təklif etmişdir. Belə ki, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı bir təhsilalan üçün müəyyənləşdirilmiş illik təhsil xərci məbləğinə uyğun    ayrılan vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr hazırlığının təmin edilməsi  üçün müvafiq maddi-texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır. Bundan əlavə, oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı da yenidən baxılaraq uyğunlaşdırılmalıdır. Eyni zamanda ali məktəblər üzrə bəzi ixtisaslara olan inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi də zəruridir. Bundan əlavə, ali məktəblərin büdcədənkənar vəsaitlərin idarə olunmasında səlahiyyətləri artırılmalıdır. Bu baxımdan  büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin ali məktəblərə verilməsi və ilin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi məqsədəmüvafiq hesab edilir: “Digər vacib məsələlərdən biri isə özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılmasıdır. Onu da qeyd etməliyəm ki, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və mövcud qaydalara əsasən ödənişdən azad edilən məcburi köçkün statuslu tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə zərurət yaratmışdır. Məlumat üçün qeyd edim  ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə təkcə 2010-2011-ci tədris ilində qəbul olmuş 15386 tələbədən  1636-sı məcburi köçkün statuslu tələbələrdir və onların təhsil haqları ümumilikdə 1 689 200  manat təşkil edir ki, bu da dövlət ali təhsil müəssisələri üçün hər il xeyli məbləğdə büdcədənkənar gəlirlərin itirilməsi deməkdir. Lakin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” imzaladığı Sərəncamla qeyd olunan problem artıq öz həllini tapmışdır. Belə ki, Sərəncama əsasən 2011-2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Nəticədə dövlət ali təhsil müəssisələri məcburi köçkün statuslu və ödənişdən azad olunan tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı ayrılacaq büdcə vəsaitləri hesabına ali təhsil müəssisələrinin maliyyə vəziyyəti daha da yaxşılaşacaqdır. Qeyd etməliyəm ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırılması, eyni zamanda onların bu istiqamətdə məsuliyyətlərini də artırır. Belə ki, ali məktəblər son nəticədə təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün öncə qeyd etdiyimiz kimi mövcud resurslardan, həmçinin əldə edilən maliyyə resurslarından daha səmərəli, rasional şəkildə  istifadəni təmin etməlidirlər.Bu baxımdan ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq olunan yeniliklər ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyur”. M.Mərdanov qeyd edib ki, Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi metodların tətbiq edilməsi ilk əvvəl ümumi təhsildə sınanıb. Belə ki, Dünya Bankının texniki və maliyyə dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə 3 pilot rayonunda-İsmayıllıda, Ucarda və Şirvan şəhərində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və islahatların ikinci mərhələsində bu mexanizmin bütün ölkəyə tətbiq edilməsi nəzərdə tutulub: “Layihənin icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil məktəbində adambaşına maliyyələşdirmənin həyata keçirilməsi ilə bağlı həmin məktəblərin hər biri üçün ayrıca xəzinə hesabları açılıb, müstəqil mühasibatlıqları yaradılıb, seçilmiş beynəlxalq və milli məsləhətçilərin dəstəyi ilə şagirdbaşına maliyyələşdirmə düsturu hazırlanıb. Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə əlaqədar pilot rayonların məktəblərinin direktorları, mühasibləri ilə mütəmadi öyrədici seminarlar, məşğələlər keçirilib, onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə əlaqədar müvafiq işlər aparılıb. Müvafiq hazırlıq və sınaq işləri aparıldıqdan sonra pilot məktəblərində şagirdbaşına maliyyələşdirmənin icrasına başlanılması və bu mexanizmin hüquqi əsasını təmin etmək məqsədilə Təhsil Sektorunun İnkişafı Layihəsinin Maliyyələşdirmə və büdcə islahatları” alt-komponentinin icrası haqqında Nazirlər Kabinetinin qərarı qüvvəyə minib. Qeyd olunan qərara əsasən pilot məktəblərin büdcələrinin tərtibi müvafiq qaydada şagirdbaşına maliyyələşdirmə düsturu ilə həyata keçirilsə də, məktəblər tam maliyyə müstəqilliklərini təmin edən bir sıra səlahiyyətləri əldə edə bilmədilər. Nəticədə islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının məktəblərində maliyyə islahatları nəzərdə tutulan şəkildə tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot rayonla məhdudlaşdı. Lakin bu islahatların miqyasının genişləndirilməsi və qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki layihədə başlanılmış maliyyə islahatlarının davam etdirilməsi qərara alınıb”.

Təhsil naziri bildirib ki, Təhsil Nazirliyi maliyyə islahatlarının, eləcə də məktəb şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin respublikanın bütün ümumi təhsil məktəblərində həyata keçirilməsini zəruri hesab edir və bu istiqamətdə işlərin davam etdirilməsi niyyətindədir. Bununla əlaqədar olaraq “Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi və məktəblərin şəbəkəsinin rasionallaşdırılması tədbirləri barədə” müvafiq sənəd layihəsi hazırlanıb”.

Sevinc QARAYEVA 
 





03.11.2012    çap et  çap et