525.Az

"Minimum əməkhaqqına yenidən baxılacaq”


 

"Minimum əməkhaqqına yenidən baxılacaq” <b style="color:red"></b>

“Oktyabr ayında Milli Məclisdə büdcə müzakirə olunanda minimum istehlak səbətinə və minimum əməkhaqqına da yenidən baxılacaq”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda hökumət yeni büdcənin hazırlığını aparır.

“Minimum əməkhaqqının artırılması Prezidentin səlahiyyətinə daxil olan məsələdir. Amma yaşayış minimumunun artırılması ilə bağlı Milli Məclis qərar verir və bu məsələyə büdcə müzakirə olunan zaman baxılır. Minimum əməkhaqqı və yaşayış minimumu arasında müəyyən oxşarlıq var. Adətən, minimum əməkhaqqı yaşayış minimumundan bir az geri qalır”.
M. Quliyev deyib ki, yaşayış minimumunun il ərzində monitorinqi aparılır:

“İqtisadi İnkişaf Nazirliyi il ərzində istehlak səbətinin və minimum yaşayış normasının təhqiqatını aparır və o növbəti ilin büdcəsi nəzərdə tutularkən hesablanır. Bu, insanın sosioloji və fizioloji göstəriciləri nəzərə alınmaqla hazırlanan bir sosial-iqtisadi göstəricidir. Azərbaycanda yaşayış minimumu haqqında qanun var. Hər ildə bir dəfə, Milli Məclis tərəfindən büdcə təsdiq olunanda yaşayış minimumuna yenidən baxılır. Hər iki ildən bir də istehlak səbətinin tərkibi müəyyənləşdirilir. Ola bilsin ki, bu il də dəyişikliklər edilsin”.

Sosial siyasət komitəsinin sədr müavini deyir ki, əməkhaqqı elə bir şeydir ki, nə qədər artır artsın, həmişə azdır:

“Təbii ki, əməkhaqqı elə bir məfhumdur ki, nə qədər artsa da, həmişə gözə az görünür. Əməkhaqqı yaşayış minimumuna uyğun şəkildə ölkədəki inflyasiya nəzərə alınaraq artırılır. Yəqin ki, bu ildə məsələyə baxılacaq və yenidən artırılacaq.

Amma insan tək 105 manatla dolanmır. Bir ailənin bir neçə üzvü işləyir. Bütün ailə minimum əməkhaqqına bağlı deyil. Əgər kiminsə ehtiyac meyarından aşağı gəliri varsa, ona ünvanlı sosial yardım da verilir”.

Azərbaycanda minimum əməkhaqqı 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilib.

 





11.08.2014    çap et  çap et