525.Az

Kamal Abdullanın ön söz yazdığı kitab İsveçrədə dərc olundu


 

Kamal Abdullanın ön söz yazdığı kitab İsveçrədə dərc olundu<b style="color:red"></b> Bu yaxınlarda  İsveçrənin Peter Lang nəşriyyatinda  “Archetypes in Literatures and Cultures” (“Ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər”) elmi toplusu nəşr olunub. 

525.az-ın məlumatına görə, kitabın ön sözünün müəllifləri Bakı Slavyan Universitetinin rektoru  prof. Kamal Abdullayev və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasinin sədri prof. Rəhilə Qeybullayevadır.   Kitabda Azərbaycan, Avstraliya, İsveç, Hollandiya, İngiltərə, ABŞ, Ərəb Əmirlikləri, Bolqaristan, Rusiya, Qazaxstan, Gürcüstan alimlərinin da məqalələləri yer alıb.

Mötəbər  akademik  nəşriyyatı tərəfindən çap edilmiş  bu kitab  Bakı Slavyan Universiteti  və  Azərbaycan  Müqayisəli  Ədəbiyyat  Assosiyasının  22-23 oktyabr  2010-cu il tarixində keçirdikləri  “Müqayisəli ədəbiyyat və mədəniyyət: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər”” adlı beynəlxalq konfransının materialları əsasında müvafiq əlavə materiallar cəlb olunmaqla tərtib edilib. Qeyd edək ki, sözügedən konfrans “Milli ədəbiyyat və mədəniyyət  meyarları” layihəsinin davamı  kimi nəzərdə tutulmuşdu.

Tədqiqat suallarının diapazonu  müxtəlif  tarixi  dövrləri və humanitar elmlərin müxtəlif sahələrini, ənənəvi və yeni arxetiplərin müəlliflər tərəfindən fərqli milli ədəbiyyatlarda və situasiyalarda  istifadə olunması kimi məsələləri əhatə edir. Məsələn, Romeo və Cülyetta süjeti  ingilis və İtaliya dramaturqlarının, Leyli və Məcnun süjeti Azərbaycan, fars, özbək şairlərinin, doktor Faust alman və ingilis müəlliflərinin,  Bibliya süjetləri  Azərbaycan,  rus və qırğız yazıçılarının, Pinokkio-Buratino italyan və ingilis müəlliflərinin, Vinni Pux ingilis və rus yazıçılarının əsərlərində necə canlandırılır;  Çətin sinaqların, qəhrəmanın sehirli  gücünün vacib olduğu  eposun, nağılın  “milli mənsubiyyəti” hansı parametrlərlə  müəyyən edilməlidir;  Amerikalı müəllifin Mövlana şeirinə yazdıgı müsiqinın “milli mənsubiyyəti” haqda nə demək olar ; Azərbaycanlıların  və farsların iddia etdikləri  Bayatı-Şiraz muğam motivi ilə alman bəstəkarı İohan Baxın musiqisi necə identifikasiya edilir;  Əsərlərin tərcüməsı motivlərin  miqrasiyasına hansı təsirləri göstərir;  Hind eposu  “Panchatatra”nın sərbəst ərəb tərcüməsi olan “Kəlilə və Dimnənin”  “milliyyətini” necə  müəyyən etməli?   

Tədqiqat işlərində arxetiplərin daim dəyişən formalarının miqrasiya edən motivdən, mifdən ədəbiyyat əsərinə,  fan-fiction-a,  folklordan yazılı mətnə, filmə, musiqiyə  və s. keçərək hipermətn yaratması məsələləri də araşdırılır.   Kitabın nəşri layihəsi,  redaktəsi,  o cümlədən ingiliscəyə tərcüməsi, qərb akademik elmi standarlarına  uyğunlaşdırılması prof. Rəhilə Qeybullayeva (Azərbaycan), Sevinc Baxış və İzabella Horvatt (ABŞ) tərəfindən həyata keçirilib.

Günay  ƏLİYEVA
 





03.11.2012    çap et  çap et