525.Az

Ərdoğanın qələbəsi: "güclü adam" modelinin tarixi sınağı başlayır?


 

Ərdoğanın qələbəsi: <b style="color:red">"güclü adam" modelinin tarixi sınağı başlayır?</b>

Türkiyədə keçirilən prezident seçkisi dünya miqyasında marağa səbəb oldu. Bu hadisənin ölkənin daxili siyasi mühitində baş verən proseslərin məzmunu və xarakterinin müəyyən edilməsi baxımından əhəmiyyəti danılmazdır.
Regional geosiyasi proseslərdə Ankaranın oynaya biləcəyi rol da dəqiqləşdirilməlidir. Qlobal səviyyədə müşahidə edilən ziddiyyətlərin həllinə Türkiyənin hansı töhfələri verəcəyi də sıradan bir məsələ deyil. Mütəxəssislər Rəcəb Tayyib Ərdoğanın xalq səsverməsi yolu ilə dövlət başçısı seçilməsini bu aspektlər kontekstində artıq təhlil edirlər. Maraqlı tezislər irəli sürülür və proqnozlar verilir. Bütövlükdə geosiyasət üçün aktual olan məqamlara toxunulur.

Xalqın seçimi: Türkiyənin çətin sınağı

Türkiyədə prezidentin ümumxalq səsverməsi yolu ilə seçilməsi ölkə tarixində yeni mərhələnin başlaması kimi xarakterizə edilir. Bir sıra ekspertlər hətta "Yeni Türkiyə" ifadəsini də işlədirlər (bax, məs.: İbrahim Karagül. Hayırlı olsun Türkiye! / "Yeni Şafak", 11 avqust 2014). Əksəriyyət yeni siyasi ab-havanın formalaşacağına, daha demokratik idarəetmə üsulunun bərqərar olacağına inanır. Türkiyənin gerçək siyasi mənzərəsi isə bir qədər fərqli təsəvvürlər yaradır.

Ədalət və İnkişaf Partiyasının (ƏİP) sədri Rəcəb Tayyib Ərdoğanın seçkidə 51,8 faiz səslə qalib gəlməsi həm də siyasi qüvvələr nisbətini ifadə edir. Mütəxəssislər burada siyasi qütbləşmənin əlamətlərini görürlər. Faktiki olaraq, seçicilərin yarısı ƏİP-in yürütdüyü kursa müxalifdir. Maraqlıdır ki, analitiklərin fikirlərinə görə, müxalifətin özü müəyyən dərəcədə marginallaşıb.

Konkret olaraq, Milliyyətçi Hərəkat Partiyasının (MHP) dindar kəsimi R.T.Ərdoğana üstünlük verib. Cümhuriyyət Xalq Partiyasının (CXP) intellektual və yüksək dünyəvi hissəsi müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlunu qəbul etməyib. Bu seçicilər, ümumiyyətlə, səsverməyə getməyiblər. Təxmini hesablamalara görə, bu cür davranan seçicilərin sayı 2 milyon nəfər olub (bax: Savaş Genç. Sistem yarı başkanlık olur mu? / "Zaman", 11 avqust 2014).

Siyasi kontekstdə maraq kəsb edən iki məqamı da vurğulamağa ehtiyac vardır. Əvvələn, Türkiyədə tətbiq edilən yeni modelin Fransa modeli ilə tam eyni olduğu qeyd edilir. Orada tətbiq edilən həmin idarəetmə üsulu ona görə uğurludur ki, onun ənənələri mövcuddur. Məsələn, Fransa prezidenti seçildikdən sonra parlament idarəetmədə balans yarada bilən struktur kimi yenidən formalaşdırılır. Müəyyən mənada bu, dövlət başçısına alternativ rolunu oynayır.

Türkiyədə isə millət vəkilliyinə namizədlər adətən partiya rəhbərliyinin razılığı ilə müəyyənləşir. Bu səbəbdən Fransada müsbət nəticə verən sistemin Türkiyədə "yarımprezidentlik" formulu üzrə aqibəti barədə ekspertlər dəqiq mövqe bildirməkdə çətinlik çəkirlər.

Digər məqam kürdlərin sıx yaşadığı bölgələrdə Xalqların Demokratik Partiyasının (XDP) həmsədri Selahattin Demirtaşa daha çox səs verilməsi ilə bağlıdır. Bu siyasətçi kürd millətçiliyini təmsil edir. Hakkari və Diyarbəkir əyalətlərinin hər birində ona verilən səsin sayı 60 faizdən çoxdur. Ümumi ölkə kontekstində bu, çox düşündürücü faktdır. Belə çıxır ki, ölkənin kürdlər yaşayan regionlarında insanlar "öz namizədlərini" dövlətin ən ali kürsüsündə görmək istəyirlər.

Bu, Türkiyədə xüsusi bir mənaya malik qütbləşməni ifadə etmirmi? Qeyd edilən tendensiya Yaxın Şərq ölkələrində müşahidə edildiyi kimi, bir müddət sonra Türkiyədə də etnik və məzhəb mənsubluğu üzrə siyasi kimlik məsələsini qabartmayacaqmı? Ekspert ictimaiyyəti bu suallara cavab verə biləcəkmi?

Yuxarıda deyilənləri ümumiləşdirərək, Türkiyənin siyasi mənzərəsini bir neçə aspektdə mürəkkəbləşdirən amilləri qeyd edə bilərik. Onlar yekcins olmayıb müxtəlif sferaları əhatə edirlər. Burada idarəetmə, siyasi-ideoloji mövqe, dini mövqe və etnik mənsubluq kimi amillər rol oynamaqdadır.

Görünür, ilk dəfə xalqın seçdiyi prezident daxili siyasi mühitdəki ziddiyyətləri həll etməli olacaqdır. Onun dövlətə rəhbərlikdə uğur qazanması bu sahədə əldə edəcəyi nailiyyətlərlə sıx bağlı ola bilər. Çünki demokratik cəmiyyətlərin konsolidasiyasında həmin məqam ənənəvi olaraq ciddi rol oynayır. Şəffaf cəmiyyətlərdə idarəetmənin səmərəliliyi birbaşa bu amil ilə bağlıdır.

"Güclü adam"ın türk nümunəsi: Ərdoğanın məsuliyyəti

Daha geniş müstəvidə yanaşdıqda, Türkiyədə prezident seçkisinin sivil siyasi mübarizənin qaydalarına uyğun keçirilməsini yalnız müsbət qiymətləndirmək olar. Rəcəb Tayyib Ərdoğanın qələbəsi ölkənin inkişaf modelinə cəmiyyət tərəfdən dəstək verilməsindən xəbər verir. Hiss olunur ki, ƏİP-in yeritdiyi daxili və xarici siyasətin ahəngdarlığı seçicilərin sabit hissəsi tərəfindən aktiv müdafiə edilir (bax: Hilal Kaplan. En güzel kaybeden / "Yeni Şafak", 11 avqust 2014). Təhlilçilər bu məqamı illərdir ƏİP-ə alternativ yetişdirilən, ölkəni ixtilaflara sürükləmək niyyəti güdən dairələrin məğlubiyyəti kimi qiymətləndirirlər.

Yuxarıda vurğulananlara başqa bucaq altında baxdıqda, onlar Ankaranın xarici siyasət kursuna sadiq qalacağını ifadə edir. Bunun əhəmiyyətini dərk etmək lazımdır. Məsələ bundadır ki, Türkiyə faktiki olaraq böyük və köklü dövlət olduğunu bir daha təsdiqlədi. İqtidarda olanların kimliyindən asılı olmayaraq, Ankara sabit xarici siyasət həyata keçirir. Həmin səbəbdən R.T.Ərdoğanın prezidentliyi dövründə Azərbaycanın Türkiyəyə ən yaxın tərəfdaş olacağına şübhə yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin R.T.Ərdoğanı səmimiyyətlə təbrik etməsi və əməkdaşlığın inkişafı aspektində müəyyən təkliflər irəli sürməsi bunun əyani sübutudur. İlham Əliyev çox ciddi, uzaqgörən lider, strateji təfəkkür, güclü siyasi iradə sahibidir. Bunu artıq hər kəs bilir. Şübhə yoxdur ki, iki türk dövlətinin başçıları – R.T.Ərdoğan və İ.Əliyev ölkələr arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaqlar.

Türkiyədə keçirilmiş prezident seçkisi ümumən Yaxın Şərqdə geosiyasi mənzərənin yeniləşməsinə səbəb ola bilər. Həmin regionda hadisələrin gedişatı göstərir ki, Ankara kifayət qədər balanslaşdırılmış və ədalətli siyasət yeridir. Onun müəyyən məqamlarda hadisələrdən kənarda qalması təəssüratı yarana bilər. Lakin ciddi analitiklər Türkiyəni Yaxın Şərqin real liderləri sırasında görürlər. Əhməd Davudoğlunun yeni hökumətdə daha çox səlahiyyətlərə malik olacağının gözlənildiyini nəzərə alaraq xarici siyasətdə Ankaranın daha aktiv rol oynayacağını proqnozlaşdırmaq olar.

Mütəxəssislərin bu kontekstdə qiymətləndirmələrində çox mühüm bir məqam yer alır. Söhbət R.T.Ərdoğanın artıq "güclü adam" modeli üzrə fəaliyyət göstərəcəyindən gedir (bax: Murat Yetkin. Erdoğan zamanı / "Radikal", 11 avqust 2014). Bu, nə deməkdir? İlk növbədə, Ərdoğanın lider obrazı A.Merkel, V.Putin və H.Ruhani ilə müqayisə edilir. Türklərin "güclü adamı"nın xalqdan aldığı dəstək almanların A.Merkelə olan güvəni səviyyəsindədir. Avropada başqa heç bir siyasətçi bu dərəcədə nüfuz qazanmayıb. Lakin R.T.Ərdoğan əsasən Yaxın Şərq istiqamətində fəaldır. Deməli, Türkiyə prezidentini Qərbin, İranın, Yaxın Şərqin qəbul etdiyi "güclü adam" hesab etmək olar. Bu, türk siyasətinin nüfuzunun göstəricisidir.

Digər tərəfdən, R.T.Ərdoğan V.Putin və H.Ruhani ilə bərabər gücünü artıran lider qismində qəbul edilir. Bu, türk siyasətçinin Avrasiya və Mərkəzi Asiya istiqamətlərində də söz sahibi ola biləcəyi anlamına gəlir.

Məsələyə qlobal miqyasda gedən proseslər prizmasından da baxmağın əhəmiyyəti vardır. Suriya və İraqdakı daxili ixtilaflar, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi, Ukrayna böhranının dərinləşməsi, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması böyük bir geosiyasi məkanı çox həssas məqama gətirib. Bu, Vaşinqtonun regiona marağını daha da artırıb. Məhz həmin kontekstdə ABŞ-ın güclü regional liderə ehtiyacı artıb. Yekun olaraq, həmin amillər Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada siyasi balansı dəyişməkdədir. R.T.Ərdoğan bu proseslərin ən fəal üzvlərindən biri ola bilər. Bütün bunları nəzərə alaraq ekspertlər "Türkiyədə yeni bir dönəm başlamışdır" tezisini irəli sürürlər.

Bütün bunlar Türkiyədə prezident seçkisinin nəticələrinin ölkədaxili, regional və qlobal miqyasda siyasi proseslərə təsir edə biləcəyini göstərir. Bir çox aspektlərdə yeniləşmələrin olacağı proqnozlaşdırılır. Təbii ki, burada hər bir şeyin R.T.Ərdoğandan asılı olacağı eyforiyasına qapılmaq sadəlövhlükdür.

Newtimes.az

 





15.08.2014    çap et  çap et