18 avqust Sərhəd Qoşunları günüdür.
Qürurumuz - müstəqil
Azərbaycan dövləti,
Ərzi gəzib dolaşır
Yurdumuzun şöhrəti.
Əzəl gündən müqəddəs
Borc bilib bu xidməti -
Keşikdəyik - Quzeydə,
Şərqdə, Qərbdə, Güneydə;
Biz Vətən qoruyuruq
Quruda, suda, göydə!
Hər sayıq, qoçaq əsgər,
Dəyanətli general,
İstəyir dinc yaşasın
Bütün ölkə, el, mahal.
Sönməyən çırağımız -
Düz əqidə, saf amal.
Kəsərsizdir təxribat,
Siyasi züy də, küy də;
Biz Vətən qoruyuruq
Quruda, suda, göydə!
Fədakarlıq rəmzidir
Rütbə, nişan, fəxri ad;
Məntəqələr möhtəşəm,
Meydanlar - geniş, abad.
"Sağ ol" deyir Balakən,
Lerik, Qusar, Ordubad...
"Sağ ol" deyir qocaman
Babadağ da, Avey də;
Biz Vətən qoruyuruq
Quruda, suda, göydə!
Uğurlu təlim, sınaq,
Bürkü, külək, qar olur,
Fəqət ürəyimizdə
Qışda da bahar olur;
Casus, xəbis, riyakar
Yaxalanıb xar olur.
Canımızdan əzizdir
Quru da, su da, göy də;
Biz Vətən qoruyuruq
Quruda, suda, göydə!