525.Az

Nolub ala?- Baba Pünhan 64


 

Nolub ala?<b style="color:red">- Baba Pünhan 64</b>

Bu gün Baba Pünhanın anadan olduğu gündür.

Nolub ala?


Qatmısan sən gənə də malı mala, no..olub ala?
Qazıyırsan ayağım altda çala, nolub ala?

Bağı Aldun , öyü aldun ama doydum demdün
Qoymadın heç mənə bir metrə qala, nolub ala?

Neçə ildir ki, imarətlə ticarətdir işin,
Getmisən sən qabağa, mən də dala, nolub ala?

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,
mülkü tikdün , məni saldun kanala , nolub ala?

Gah atı, gah nalı, kah mıxı tərifləmisən,
Vurmusan gah mıxa, gah nala, nolub ala?

Dövri-zastoyda sən idin demə bar-bar bağıran,
hər qoyundan azı beş-altı bala, nolub ala?

Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə,
Gətirirsən öyüvə kündə "xala", nolub ala?

Ananas , kivi ,banan payladun yas sürfrəsinə,
bircə şey qaldi,durub zurna çala nolub ala?

Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,
Keçmisən indi cənubdan şimala, nolub ala?

İçəri şəhrimizin hər daşı bir tarixdir,
Çəkmisən tarixə importnu mala, nolub ala?

İçəri Şəhəri yığdun torbuya ,atdun daluva,
Saldun Əsgər Bəyi sən, haldan-Hala Nolub ala?

Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,
Al onu, sal adına, qoyma qala, no.. .olub ala?

Pünhanın kəs dilini, çək bazara , as duvara
gedəcəy Yaxşı Pula , Baxsa mala , Nolub ala?


Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (Kürdəxanı qəsəbəsi) dünyaya göz açıb.
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaradıb.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib. Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.
1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.

2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra "Mərkəzi Kliniki Xəstəxana"sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).

3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.

2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.

2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib.Qəbri Kürdəxanı qəsəbəsindədir.

 





05.11.2012    çap et  çap et