525.Az

Vilnüs-Bakı: Mədəniyyət körpüləri


 

Vilnüs-Bakı: Mədəniyyət körpüləri<b style="color:red"></b>

1988-ci ildə qurulmuş Litva azərbaycanlıları cəmiyyətinin fəaliyyət yönümlərindən biri Litva-Azərbaycan ədəbi, mədəni, elmi və ictimai-siyasi əlaqələrində müxtəlif dövrlərdə yeni önəmli  ilişkilər yaratmış, eləcə də onları yüksək dərəcədə zənginləşdirmiş elm, mədəniyyət və incəsənət xadimlərinin, müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin qurulması və inkişaf etdirilməsi sahəsində mühüm xidmətlər göstərmiş şəxslərin həyat və yaradıcılıqlarının tarixi ildönümlərinə həsr edilmiş projelər vasitəsilə Litvada milli-mənəvi dəyərlərimizin təbliğinə və Azərbaycan haqqında geniş bilgilərin yayılmasına yönəldilmiş tədbirlərin  keçirilməsilə bağlıdır.

Çoxyönümlü Litva-Azərbaycan əlaqələri tarixində bu baxımdan müstəsna xidmətləri olmuş nüfuzlu şəxsiyyətlərdən biri məşhur Litva klassik yazıçısı və dramaturqu, görkəmli alim və tanınmış ictimai-mədəni xadim, 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin sabiq müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində ilk  konsulu olmuş Vintsas Kreve-Mitskəviçyusdur (1882-1954). V.Kreve həmin illərdə Bakıda Vikentiy İosifoviç Mitskeviç kimi tanınıbdır.

Litva azərbaycanlıları cəmiyyətinin təşəbbüsü ilə 26 oktyabr 2012-ci ildə Litva paytaxtında Azərbaycanın böyük və səmimi dostu Vintsas Krevenin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş  “Vilnüs-Bakı: mədəniyyət körpüləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransın keçirilməsilə bağlı Litva Seyminin Kanselyariyası xüsusi qərar qəbul etmişdi. Tədbir Seymin ən möhtəşəm zallarından biri olan Litva Respublikasının Konstitusiya zalında baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Litvadakı səfirliyinin 1-ci katibi Atəş Qırxıyev Fövqəladə və səlahiyyətli səfir Həsən Məmmədzadənin konfrans iştirakçılarına ünvanladığı xüsusi müraciəti səsləndirdi, tədbir iştirakçılarını Səfirin adından salamlayaraq onlara Böyük elçinin xoş arzularını yetirdi. Litva Respublikası Seyminin sədri İrena Degutiene və Litva Respublikasının Mədəniyyət naziri Arunas Gelunasın konfransa ünvanladıqları xüsusi təbrik məktubları oxundu.

Konfransda Litvanın bir sıra millət vəkilləri, Litva Respublikası Prezidentinin Maarif, Təhsil və Mədəniyyət məsələləri üzrə baş müşaviri Virginiya Budiene, Seymin maarif, elm və mədəniyyət komitəsinin, həmçinin İnsan hüquqları və Xarici işlər komitələrinin təmsilçiləri, Parlamentin beynəlxalq əlaqələr departamentinin rəhbərliyi, Litva Respublikası Baş Nazirinin Kanselyariyasında çalışan rəhbər işçilər, Litva Respublikası Mədəniyyət Nazirliyi və Xarici işlər nazirliyinin məsul əməkdaşları, Macarıstanın Litvadakı Səlahiyyətli və Fövqəladə səfiri Zoltan Pecze, eləcə də digər xarici dövlətlərin Litvada akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri, Litva Respublikası İnsan hüquqları üzrə Ombudsmanı və UNESCO üzrə Litva Milli Komissiyasının səlahiyyətli nümayəndələri, Litvanın bir sıra rayon və şəhər bələdiyyə strukturlarının təmsilçiləri, Latviyadan gəlmiş qonaqlar, Litva Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, Litva ədəbiyyatı və folkloru institunun struktur bölmələrinin rəhbərləri və aparıcı elmi işçiləri, Vilnüs universiteti Litva ədəbiyyatı kafedrasının professorları, Mikolas Römeris adına Vilnüs hüquq universiteti və Böyük Litva knyazı Vitautas adına Kaunas universitetinin dosentləri, eləcə də həmin ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr, mədəniyyət, incəsənət və maarif xadimləri, tanınmış yazıçılar, tarixçilər, pedaqoqlar və politoloqlar, bədii tərcümə mütəxəssisləri, nəşriyyat əməkdaşları, muzey və kitabxana işçiləri, Litva milli icmaları və digər QHT-nin  rəhbərləri, iş adamları, KMV-nin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Konfrans proqramı çərçivəsində Seymdə “V.Kreve-Mitskəviçyusun Azərbaycandakı həyat və fəaliyyəti barədə” sənəd və nəşrlərdən ibarət ekspozisiyanın, eləcə də  “Litva-Azərbaycan ədəbiyyat körpüləri” adlı kitab sərgisinin açılışı oldu. Azərbaycan ədəbiyyatından Litva dilinə və Litva ədəbiyyatından Azərbaycan dilinə tərcümə olunmuş və müxtəlif illərdə Vilnüsdə və Bakıda çap edilmiş kitablar xüsusi stendlərdə sərgilənmişdi.

Tədbirin əvvəlində konfrans iştirakçılarına Azərbaycanın keçmişi, dövlətçilik tarixi, təbiəti, milli geyimləri və milli mətbəxi, memarlıq abidələri və dini məbədləri, xalçaları, musiqi alətləri və xalq rəqsləri haqqında, eləcə də ölkəmizin bu günki iqtisadiyyatı barədə qısametrajlı video təsvirlər nümayiş etdirildi.

Sonra konfransın elmi hissəsi başlandı. Litva Milli Elmlər Akademiyasının prezidenti, görkəmli akademik və professor Valdemaras Razumas, Litva Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, Vilnüs universiteti Litva ədəbiyyatı kafedrasının professoru Viktoriya Dauyotite-Pakeriene, Varena rayonu Vintsas Kreve adına Merkine gimnaziyasının Litva dili və ədəbiyyat müəllimi, tanınmış pedaqoji metodika mütəxəssisi Rita Çernyauskiene, Litva Respublikası Mədəniyyət nazirinin müşaviri, tarixçi və etnoloq alim, Qarabağ münaqişəsi mövzusunda elmi nəşrlər müəllifi İmantas Melyanas, V.Krevenin Vilnüsdəki memorial ev muzeyinin direktoru, tanınmış kreveşünas tədqiqatçı Vladas Turçinaviçyus, Litva Yazıçılar Birliyinin “Metai” (“Fəsillər”) ədəbiyyat jurnalının tənqid şöbəsinin müdiri, Vilnüs universiteti Litva ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru Regimantas Tamoşaytis, Litva Seymi Sədrinin xarici siyasət məsələləri üzrə müşaviri, Vilnüs universiteti Beynəlxalq münasibətlər və siyasi elmlər institunun müəllimi, siyasi elmlər doktoru Laurinas Kasçyunas, Litva milli icmalar şurasının sədri, Azərbaycan-Litva ədəbi və mədəni əlaqələrinin tədqiqatçısı Mahir Həmzəyev məruzələrlə çıxış etdilər.

Məruzələrdə V.Krevenin həyat və yaradıcılığının Bakı dövrü (1909-1920) geniş araşdırıldı. Çıxış edənlər onun ədəbi, elmi, pedaqoji, mədəni və ictimai-siyasi fəaliyyətində Azərbaycanla bağlı vacib amillərin çox mühüm rol oynadığını göstərdilər. Onlar Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, həmçinin Şərq fəlsəfəsinin V.Krevenin ədəbi və elmi yaradıcılığına göstərdiyi böyük təsir barədə yeni ümumiləşdirmələr təqdim etdilər, litvalı yazarın Azərbaycan mövzusunda yaratdığı əsərlərin (“Azəristan ölkəsi”, “Qartal haqqında nəğmə”, “Çarpışan qüvvələr” və b.) Litva ədəbiyyatına əvəzsiz bədii incilər, bənzərsiz surətlər, yeni məzmunlu bədii təsvir və ifadə vasitələri, əsrarəngsiz təşbeh və metaforalar sistemi, lirik-fəlsəfi duyğular dünyası və xüsusi bir Şərq zənginliyi gətirməsindən danışdılar.

         V.Krevenin Baltik xalqları ədəbiyyatı tarixində ilk dəfə olaraq İslam, buddizm, zərdüşt və yəhudi dinləri mövzusunda yazdığı bədii əsərlərə (“Qadın”, “Pratyekabuda”, “Səma və Torpaq oğlu” və b.) analitik nəzərlər edildi, onun Avropa ədəbiyyatına ilk dəfə olaraq Qurandan surələr gətirməsi faktı xüsusilə vurğulandı. 

Vintsas Kreve və Hüseyn Cavid yaradıcılığında yer almış ədəbi paralellərə və tipoloji oxşarlıqlar mövzusuna toxunuldu. Bu zaman vurğulandı ki, litvalı və azərbaycanlı yazıçının “Qadın” və “İblis” adlı möhtəşəm əsərlərində qaldırılmış oxşar bəşəri problemlər, oxşar ideyalar və fəlsəfi suallar, onların bədii həllini eyni süjet və obrazlarla əks etdirmək baxımından, insanlığı daima düşündürən həyat suallarına oxşar üsul və ədəbi vasitələrlə cavab tapmaq nöqteyi-nəzərindən bu iki dahi sənətkarı bir-birinə yüksək dərəcədə ruhən yaxınlaşdırır.

V.Krevenin Azərbaycan tarixi və təbiəti, milli-mənəvi dəyərləri, məişəti və dini adət-ənənələri mövzusunda 1920-ci ildə yazdığı "Azəristan ölkəsi" adlı hekayət əsasında hazırlanmış məruzədə digər dəyərlərlə yanaşı, XIX əsrdə Qafqazda aparılmış məcburi miqrasiya prosesləri, ermənilərin Azərbaycana köçürülmələri, tarix boyu onların yerli əhalini doğma yurdundan necə sıxışdırıb çıxartmaları, erməni köçkünləri tərəfindən yerli xalqın var-dövlətinin hansı hiyləgərliklərlə ələ keçirilməsilə bağlı həmin əsərdə yer almış və inandırıcı bədii boyalarla əks olunmuş səhnələr qabardıldı, mühüm tarixi əhəmiyyətə malik olan həmin məsələlər Qarabağ münaqişəsi kontekstində işıqlandırıldı. Həmin məruzədə həmçinin Rusiya müəlliflərinin (A.Qriboyedov, S.Qlinka,  V.Mayevski, A.Frenkel, V.Veliçko, N.Şavrov və b.) XIX əsrdə və XX əsrin əvvəllərində çapdan çıxmış və Qarabağın tarixinə bu və ya başqa şəkildə aidiyyəti olan əsərlərilə V.Krevenin “Azəristan ölkəsi” hekayəti arasında mövcud olan mövzu yaxınlığı və digər komparativistik məsələlər ilk dəfə olaraq Litva elmi ictimaiyyətinə təqdim edildi.

Çıxışlarda V. Krevenin 1919-1920-ci illərdə Litva dövlətinin Bakıda konsulu olaraq göstərdiyi diplomatik fəaliyyət müstəqil Litva - Azərbaycan dövlətlərarası münasibətlərinin təşəkkül tapması və Paris Sülh konfransında ölkələrimizin müstəqilliyinin de facto tanınması baxımından mühüm tarixi əhəmiyyət daşıyan siyasi faktor kimi dəyərləndirildi.

1920-ci il aprel çevrilişi barədə V.Krevenin yazdığı “Bolşeviklər” adlı siyasi oçerk əsasında hazırlanmış məruzədə, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi prosesində Anastas Mikoyan başda olmaqla erməni daşnak qüvvələrin qırmızı işğalçılarla əlbir olub həyata keçirdikləri dağıdıcı fəaliyyəti bir daha təsdiq edən yeni faktlar açıqlandı.

Əsas məruzələrdən sonra mövzu ilə bağlı müzakirələr və ümumiləşdirmələr aparıldı, təkliflər və tövsiyələr olundu. Latviya azərbaycanlıları “Ocaq” cəmiyyətinin sədri, Riqa Klassik gimnaziyasının direktoru, fəlsəfə elmləri doktoru Roman Əliyev, publisist və nasir, sosial elmlər doktoru Yonas Velivis, Mikolas Römeris adına Vilnüs Hüquq Universitetinin dosenti, siyasi elmlər doktoru Adas Yakubauskas, Litvanın Azərbaycandakı sabiq səfiri, türkoloq alim, Azərbaycan ədəbiyyatının Litva dilinə tərcüməçisi, humanitar elmlər doktoru Halina Kobetskayte və digər müəlliflər diskussiyalarda iştirak etdilər.

         Çıxışlarda xüsusilə qeyd olundu ki, V.Krevenin zəngin fəaliyyətinin Bakı dövrü, onun burada xalqımızın qədim tarixi və zəngin milli mənəvi dəyərlərindən yararlanaraq yaratdığı parlaq sənət nümunələri Azərbaycan və Litva arasında uzanan bir möhtəşəm körpü olaraq, bu gün də xalqlarımız arasındakı qarşılıqlı anlaşma ənənələrinin genişlənib zənginləşməsinə və yeni tarixi gerçəkliklər dönəmində inkişaf edən çoxyönümlü Azərbaycan-Litva ictimai və mədəni münasibətlərinin optimallaşdırılmasına xidmət edir, iki azad xalqın bir-birinə daha da yaxınlaşmasına öz səmərəli təsirini göstərməkdə davam edir.        

        Natiqlər belə bir fikri də vurğuladılar ki, yüzillik tarixə söykənən və dərin köklərə əsaslanan çoxşaxəli Litva-Azərbaycan əlaqələri V.Krevenin verdiyi dəyərli töhfələr hesabına həm məzmun və ruh etibarilə, həm də bəşəri ideyaları və taleyüklü mövzuları ehtiva etmək baxımından, münasibətləri qarşılıqlı anlaşma, hörmət və etimad üzərində qurmaq, digər inanc və əqidələrə dözümlü yanaşmaq nöqteyi-nəzərindən müasir dövrdə beynəlxalq  ilişkilərdə gerçəkləşməkdə olan sərhədlərsiz Avropa və yeni qonşuluq münasibətləri konsepsiyasına tamamilə uyğun gəlir. Bununla bərabər, həmin əlaqələr özündə Şərq-Qərb mədəni əməkdaşlığının gücləndirilməsi və getdikcə qloballaşan dünyada mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün digər xalqlara nümunə ola bilən çox münbit bir zəmin daşıyır.

         Konfransın bədii hissəsində tanınmış teatr və kino aktrisası Dalya Mixeleviçyute V.Krevenin “Azəristan ölkəsi” əsərindən bir parçanı oxudu, V.Krevenin dostu və həmkarı Abdulla Şaiqin şerlərini dedi, xalq şairi Rəsul Rzanın Litva mövzusunda yazdığı “Dostuma məktub” əsərini deklamasiya etdi. Litvanın əməkdar artisti, məşhur teatr aktyoru Tomas Vaysieta isə V.Krevenin Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında yaratdığı “Qartal haqqında nəğmə” adlı əfsanəni ifa etdi.

 Sözügedən beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Litva azərbaycanlıları cəmiyyəti, Litva Respublikası Seyminin maarif, təhsil və mədəniyyət komitəsi, Litva Milli Elmlər Akademiyası və Litva milli icmalar evi tərəfindən təşkil olunub. 125 nəfərə yaxın şəxsin qatıldığı tədbir Litva Respublikası Seyminin televiziyası ilə canlı yayımlanıb. Litva İctimai Televiziyası tərəfindən konfrans barədə hazırlanmış xüsusi videoreportaj və digər bilgilər oktyabrın 30-da “Sabahınız xeyir” verilişində Litva ictimaiyyətinə təqdim olunub. Litvanın 20-dən artıq kütləvi informasiya vasitələri konfrans haqqında öz səhifələrində ədəbi və publisisitik yazılar dərc edib, foto və video görüntülər yerləşdiriblər.

Vilnüs – Bakı,
oktyabr-noyabr 2012-ci il.

 





05.11.2012    çap et  çap et