525.Az

İraqda hakimiyyət dəyişikliyi: geosiyasi məqamların kəsişməsində


 

İraqda hakimiyyət dəyişikliyi: <b style="color:red">geosiyasi məqamların kəsişməsində</b>

Rəsmi Bağdad mürəkkəb siyasi proseslərin təsiri altındadır. Cəlal Tələbani ölkəyə başçılıq etmək iqtidarını itirdikdən sonra yeni prezidentin müəyyənləşməsi yüksək dairələrdə gərginlik yaratdı.

Müzakirələrdən sonra dövlət başçısı kürd siyasətçi Fuad Məsum seçildi. Bunun ardından baş nazir məsələsi aktuallaşdı. Lakin həmin proseslərin fonunda ölkədə terrorun vüsət alması çoxlu sayda siyasi və geosiyasi suallar meydana çıxardı. Ekspertlər İraqda proseslərin inkişafı ilə bağlı fərqli ssenarilər irəli sürürlər. Reallıqda ölkə daxilində mürəkkəb vəziyyət yaranıb. Məsələnin regional və qlobal miqyasda cərəyan edən geosiyasi proseslər müstəvisində bir sıra aktual tərəfi vardır. Hadisələrin sonrakı inkişafına fərqli yanaşmalar mövcuddur.

Rəsmi Bağdadın çətin günləri: siyasi gərginlik yüksəlir

İraqda prezident və baş nazir dəyişdi. Bir qədər əvvəl ölkə başçısı vəzifəsinə milliyyətcə kürd olan Fuad Məsum seçilmişdi. Onun təqdimatı ilə namizədliyi şiə partiyalarının daxil olduğu "Milli alyans" koalisiyası tərəfindən irəli sürülmüş parlamentin sabiq vitse-spikeri Heydər Abadi baş nazir təyin edildi. Artıq keçmiş hökumət başçısı olan Nuri əl-Maliki əvvəlcə bu təyinata etiraz etdi. Hətta onun xüsusi təyinatlı dəstələri dövlətin rəsmi idarələrinin yerləşdiyi məhəlləni mühasirəyə aldı və prezident F.Məsum məhkəməyə verildi. KİV-də yayılan məlumatlara görə, ABŞ və İranın təzyiqi ilə əl-Maliki mövqeyindən geri çəkilərək istefa verib (bax: Irak'ta Başbakan Maliki görevini bıraktı / "Habertürk", 14 avqust 2014).

Regionun böyük dövlətlərinin İraqdakı bu yeniləşməni dəstəklədiyi haqqında xəbərlər yayılıb. Prosesin iki aspektdən maraq doğurduğunu vurğulamaq olar. Birincisi, hansı daxili səbəblər İraq iqtidarını bu cür dəyişikliyə məcbur edib? İkincisi, ABŞ və İranı İraq məsələsində birləşdirən ortaq geosiyasi məqamlar hansılardır?

İraqın keçmiş prezidenti, kürd əsilli Cəlal Tələbani xəstəliyi səbəbindən vəzifəsini yerinə yetirə bilmədi. Uzun müzakirələrdən sonra onu eyni siyasi görüşlərə malik, kürd əsilli Fuad Məsum ilə əvəzləməyə qərar verildi. Bu məsələdə əsas mübarizə şiələrlə kürdlər arasında getdi.

Bununla İraqda prezidentin dəyişməsinin ölkənin siyasi kursunda yeniləşməni ifadə etmədiyi mesajı verildi. Daxili siyasi mühitdə qarşıdurma yaratmamaq üçün atılan bu addımı, demək olar ki, ölkədəki bütün qüvvələr və regionun böyük dövlətləri dəstəklədi.

Baş nazir məsələsində isə nəinki sünnilərlə şiələr, hətta sonuncuların da öz aralarında fikir ayrılığı özünü göstərdi. Məsələ İranın da Malikidən yaxa qurtarmaq istəyi ilə bağlı idi. Çünki Tehran hesab edir ki, Maliki regionda şiələrin geosiyasi rolunu lazımi səviyyədə təmin edə bilmədi və bir sıra qüvvələrlə düşmənçilik yaratdı. Burada ilk olaraq "İraq və Şam İslam Dövləti" (İŞİD) təşkilatının İraq ordusuna vurduğu ağır zərbələri qeyd etmək lazımdır.

Ölkənin siyasi səhnəsində cərəyan edən bu proseslərin kökündə daxildə vəziyyətin kəskinləşməsi durur. İŞİD İraqın sosial-siyasi məkanına sözün həqiqi mənasında "fırtına" kimi daxil oldu. Qısa müddətdə xeyli ərazi işğal edildi və xüsusi amansızlıqla insanlar qorxuduldu.

Hazırda bu təşkilat həm mərkəzi hökumət qüvvələrinə, həm də döyüş hazırlığı haqqında yüksək fikirlər söylənilən peşmərgələrə qarşı müharibə aparır. Hər iki cəbhədə İŞİD-in vəziyyəti pis deyil. Terrorçular o dərəcədə uğurlu hərəkət edirlər ki, hətta Ərbil və Bağdadı da təhdid altında saxlayırlar (bax: Hedefte IŞİD var! / "Habertürk", 13 avqust 2014).

İraq indi faktiki olaraq bir neçə qüvvənin təsiri altında parçalanmış vəziyyətdədir. Ölkənin şimalına kürdlər, mərkəzi bölgələr və Suriya sərhədlərinin bəzi yerlərinə İŞİD, Bağdad, şərq və cənub-şərq əyalətlərinə isə hökumət nəzarət edir. Bunların sırasında indi ən fəalı İŞİD-dir. Bu təşkilat yezidi kürdləri, türkmənləri və xüsusən də şiə ərəbləri öz yurdlarından didərgin salıb. Bu prosesdə kürdlərin hərbi qüvvələrinin zəifliyi də üzə çıxdı. Qısa desək, İraqda İŞİD-in qarşısını kəsə biləcək qüvvə yoxdur! Qərb bu cür gedişatdan çox narahat olduğunu bildirib (bax: Obama Ezidilere operasyon için net konuştu! / "Habertürk", 14 avqust 2014).

Yuxarıda qeyd edilənlər göstərir ki, İraqda hakimiyyətdə baş verən dəyişikliklərin kökündə daxili vəziyyətin mürəkkəbləşməsi durur. Bununla rəsmi Bağdad siyasi kursu dəyişmədən (çünki bu, xarici qüvvələrin ölkəyə təzyiqləri artırması ilə nəticələnə bilərdi), terrora və separatçılığa qarşı səmərəli fəaliyyət göstərmək istəyir. Həmin sırada İraqın enerji ehtiyatları uğrunda ölkə daxilində mövcud olan təşkilatlar arasında mübarizədə kompromis əldə etməyə çalışır. Məsələn, hazırda kürdlərlə mərkəzi hökumət arasında bu məsələdə bəzi anlaşılmazlıq vardır.

Deməli, rəsmi Bağdad daxili vəziyyətin gərginliyindən ehtiyat edərək, siyasi qüvvələr arasında mövcud balansı pozmadan konsolidasiyanı saxlamaq və həmin şərtlər çərçivəsində terrorla mübarizəni gücləndirmək fikrindədir.

İraq böhranının regional konteksti: terror təhdidi və geosiyasi maraqlar

Lakin yaranmış vəziyyətə bütövlükdə Yaxın Şərqdəki geosiyasi dinamikanın məntiqi prizmasından baxdıqda, daha təhlükəli bir məqam üzə çıxır ki, bu da – kənardan ölkəyə müdaxiləyə ehtiyacın yaranmasıdır. Həmin bağlılıqda böyük dövlətlərin İraq uğrunda geosiyasi mübarizələrinin yeni məzmun çalarları kəsb etdiyini demək mümkündür.

Bu kontekstdə mütəxəssisləri ABŞ-İran yaxınlaşmasının məzmunu xeyli dərəcədə maraqlandırıb. Xüsusilə, əl-Maliki ilə bağlı Vaşinqton-Tehran razılaşmasının arxasında nələrin durduğu ekspertləri düşündürür. Həmin aspektdə İraqda "müstəqil Kürdüstan dövləti" və İŞİD məsələləri aktuallıq kəsb edir.

Hər iki amilin regionun böyük dövlətlərinin geosiyasi maraqlarına zərbə vurduğu qənaəti var. Lakin Yaxın Şərq ölkələrinin hamısını bu aspektdə eyniləşdirmək olmaz. İran, Türkiyə, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Misir və digərlərin hər birinin özünəməxsus mövqeyi vardır.

Məsələn, ekspertlər Türkiyənin "regional kürd hökuməti" ilə İŞİD məsələlərində dilemma qarşısında qaldığı fikrini irəli sürürlər. Bunun əsas səbəbi Əhməd Davudoğlunun "qonşularla sıfır problem" siyasi kursunun ciddi çətinliklərə düşməsi ilə bağlıdır (bax: məs., Сечкин Кёстем. Ближневосточная дилемма Турции. Региональное правительство Курдистана и ИГИЛ / "Российский совет по международным делам", 8 avqust 2014).

Bunun fonunda İran və Səudiyyə Ərəbistanının mövqeləri fərqləndirilir. İŞİD müəyyən dərəcədə Ər-Riyadın planı hesab edirlirsə, İran Qərblə əlaqələrin qurulması aspektində təqdim edilir. Bir sıra ekspertlər Tehranın bu siyasətini "praqmatik və gerçəkçi" siyasət kimi qiymətləndirirlər (bax: Mehmet Seyfettin Erol. Bağdatta Maliki Darbesi! / "Milli Gazete", 14 avqust 2014). Maraqlı məqam da elə məhz bundan ibarətdir ki, Yaxın Şərqin böyük dövlətləri geosiyasi aspektdə qarşı-qarşıya qoyulur, onların fərqli məqsədlər güddüyü fikri aşılanır.

Nəhayət, İraqda baş verən proseslərə Qərb tərəfdən aktiv müdaxilə edən dövlət ABŞ-dır. O, məhdud sayda hərbi kontingenti həmin ölkəyə qaytarmağa başlayıb. Vaşinqtonun bu təşəbbüsünü Böyük Britaniya, Almaniya və Fransa dəstəkləyir. Buna baxmayaraq, İraqın parçalanmasının dönməz proses olduğu fikri söylənilir (bax: Paddy Ashdown. Western intervention over Isis won’t prevent the break-up of Iraq / "The Guardian", 14 avqust 2014).

Bunlardan özlüyündə belə bir nəticə hasil olur ki, İraqda baş verən dəyişikliklər daxili sosial-siyasi mühitdə müşahidə edilən mürəkkəbliklərlə və xarici qüvvələrin Yaxın Şərqdəki geosiyasi maraqlarının məzmunu ilə bağlıdır. Qərb İraqda hər hansı region dövlətinin nüfuzunun artmasına razı deyil. Bu səbəbdən buradakı mövqelərini qorumaq üçün Qərb dövlətlərinin hərbi müdaxiləsi istisna olunmur. İsrail amilinin bu kontekstdə təsirini də inkar etmək düzgün olmazdı.

Təl-Əviv "Həmas"ın yeraltı keçidlərini məhv etməklə bölgədəki radikal dini qrupların təhdidindən müəyyən dərəcədə sığortalanmış oldu. Hazırda real vəziyyət belədir ki, İsrailə qarşı hərbi əməliyyatlar keçirmək planı olan terror təşkilatı yoxdur.

İŞİD İraqda möhkəmlənərsə, mümkündür ki, Təl-Əvivə təhlükə meydana gəlsin. Bu terror təşkilatını Qərb nəzarətdə saxlamağa çalışacaq və eyni zamanda, onu regionun müsəlman dövlətlərinə qarşı istiqamətləndirməyə cəhdlər göstərəcəkdir. Hər iki variantda İŞİD ilk növbədə müsəlmanlara təhdiddir. Deməli, İraq iqtidarındakı dəyişikliklər gələcək təlatümlü siyasi proseslərin ilk siqnalı ola bilər.

Newtimes.az

 





20.08.2014    çap et  çap et