525.Az

Oğlu öldürülən ana fəryad etdi


 

Oğlu öldürülən ana fəryad etdi<b style="color:red"></b>

Bu ilin martında Zabrat qəsəbəsində 307 saylı orta məktəbin qarşısında törədilən qətl hadisənin istintaqı Bakı şəhər prokurorluğunda yekunlaşmaq üzrədir. İstintaq materialları sentyabrda məhkəməyə göndəriləcək .

Bu barədə APA TV-yə qətlə yetirilən Yaqub Musayevin anası Sevinc Məmmədova bildirib.
 
Xatırladaq ki , hadisə martın 24 səhər saatlarında baş verib. Qəsəbə sakini Kamil Fərəcov ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevə və onun bibisi oğlu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevə atəş açıb. Atəş nəticəsində Yaqub ölüb, bibisi oğlu Pərvin isə sağlamlığının 50 faizini itirib. İstintaq cinayəti törətmiş şəxsə qarşı qəsdən adam öldürmə və ölümə cəhd maddələrini tətbiq edib.
 
Zərərçəkən Sevinc Məmmədova bu maddələrin tətbiqindən narazı olduğunu deyir: “Mən bu maddələrdən tamamilə narazıyam . Ona amansızlıqla qətlə yetirmək maddəsi irəli sürülməlidir. Çünki hadisə məktəbin həyətində olub. Onlardan 3-5 metr aralıda uşaqlar futbol oynayıblar . Vinçesterden acılan atəşin qırmaları olur, o qırmalar həyətdəki uşaqlardan birinə və yoldan keçənə dəyə bilərdi”.
 
Sevinc Məmmədova deyir ki, güllə dəyən qohumu Pərvin Mehdiyevin 6 qabırğası yoxdur. Sağ qolunun müalicə və bərpası isə yalnız xarici ölkələrdə mümkündür. Bu xüsusatları cinayət işinin istintaqını aparan müstəntiq Cahanğır Şükürov da sadalayıb. Lakin sonda istintaq hesab edib ki, Kamil Fərəcovun cinayət işində xüsusi amansızlıq motivi yoxdur.
 
“İstəyirəm ki, mənim işim Cahangir Şükürovdan alınıb başqa müstəntiqə verilsin. Mənim oğlumun qatilinə düzgün maddə verilsin. Amansızlıqla qətlə yetirilmə maddəsi ilə cinayət işi başlansın. Mən Zakir Qaralovun yanında oldum. O mənə dedi ki , qızım, sənin oğlunun işi ilə şəxsən özüm maraqlanıram. Mənim yanımda məmurlara tapşırıq da verdi . Amma o iş burada, Bakı şəhər prokurorluğunda düzgün araşdırılmır”.
 
İstintaq işi tam yekunlaşdıqdan sonra məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Məhkəmə zamanı bütün xüsusatlar araşdırılacaq. İş üzrə tətbiq olunan maddələrin dəyişdirilərək xüsusi amansızlıqla törədilən qətl hadisəsi motivinə əsasən tətbiqi də istisna olunmur. Bu isə hakimlərin gəldikləri qənaətdən asılıdır.
 
Qeyd edək ki , hadisə qonşular arasında uzun müddət davam edən ədavət və qan düşmənçiliyi nəticəsində baş verib. Hadisəni törədən Kamil Fərəcovun qardaşı Rafael Fərəcov 2012-ci ildə mərhum Yaqub Musayevin atası Rabil tərəfindən öldürülüb. Törətdiyi əmələ görə Rabil Musayev 14 il müddətinə məhkum olunsa da, Kamil Fərəcov qardaşının qisasını alacağını bildirib. Bunu dəfələrlə bəyan edən Kamil Fərəcov Yaqub Musayevi güdərək onu məktəbin həyətində vurub. Açılan atəşlərdən biri Yaqub Musayevin bibisi oğluna dəyib.

 





21.08.2014    çap et  çap et