525.Az

MŞ və MTRŞ narkomaniya ilə mübarizə sahəsində vəzifələri müəyyənləşib


 

MŞ və MTRŞ narkomaniya ilə mübarizə sahəsində vəzifələri müəyyənləşib<b style="color:red"></b> “Səhiyyə Nazirliyi 2014-2015-ci illər ərzində Respublika Narkoloji Mərkəzində reabilitasiya şöbəsinin yaradılmasını təmin etməlidir”.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ında əksini tapıb.
 
Proqramda qeyd olunub ki, Səhiyyə Nazirliyi bu müddət ərzində respublika ərazisində bütün narkoloji xidmət strukturlarını əlaqələndirən vahid şəbəkənin və elektron məlumat bazasının yaradılmasını da təmin etməlidir. 2014-2018-ci illər ərzində isə narkoloji tibb müəssisələrində müasir standartlara cavab verən laboratoriyalar yaradılmalıdır. Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq mütəxəssislərin narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə qabaqcıl təcrübəsi olan ölkələrə təkmilləşmə kurslarına göndərilməsini, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi uşaq, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən asılılığa meyilli şəxslərin aşkar edilərək, onların reabilitasiya proqramlarına cəlb edilməsini təmin etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə narkoloji xəstələrə reabilitasiyadan sonrakı patronaj və resosializasiya xidmətini təşkili etməlidir.
 
Proqramda Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının vəzifələri də müəyyənləşdirilib. Səhiyyə Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası mütəmadi olaraq narkomanlığa qarşı ilkin profilaktik yardım texnologiyaları barədə  əhalinin məlumatlandırılmasını, “Zərərin azaldılması” proqramının təbliğ edilməsini təmin etməlidir.
 





21.08.2014    çap et  çap et