525.Az

Cənubi Qafqaz: yeni geosiyasi balansın əlamətləri


 

Cənubi Qafqaz: <b style="color:red">yeni geosiyasi balansın əlamətləri</b>

Dünyanın müxtəlif regionlarında müşahidə edilən aktiv geosiyasi proseslər qlobal miqyasda öz təsirini göstərir. O cümlədən, Cənub Qafqazda vəziyyət dəyişir.

Meydana çıxan bəzi hadisələr bütövlükdə regionun geosiyasi dinamikasında yeniləşmələrin təzahür etdiyinə işarə verir. Bu aspektdə Türkiyədəki son prezident seçkisi, Yaxın Şərqdə terror dalğasının yenidən vüsət alması və Ukrayna böhranının davam etməsi diqqəti çəkir. Bütün bunların fonunda Cənub Qafqazın ümumi geosiyasi dinamikasında müxtəlif məqamlar müşahidə edilir. Onlar fərqli bucaq altında təhlil edilir.

Regional balans: yeni proseslər kontekstində

Ekspertlər Türkiyədə prezident seçkisinin nəticələrinin Cənub Qafqazın geosiyasi mənzərəsinə təsirini təhlil edirlər. Dövlət başçısı seçilmiş Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana edəcəyi haqqında rəsmi bəyanat verməsi fonunda bu, kifayət qədər aktual məsələ təsiri bağışlayır. Eyni zamanda, ABŞ, Rusiya və İranın regionda son dövrlərdə daha da fəallaşması nəzərə alınmalı ciddi amillərdəndir.

Əvvəlcə, onu vurğulayaq ki, Cənub Qafqaz məsələsinə Yaxın Şərq və postsovet məkanı kontekstində yanaşılır. Hər iki regionda cərəyan edən geosiyasi proseslərin təsiri yüksək qiymətləndirilir. Bununla yanaşı, Cənub Qafqazın öz dinamikası vardır. Burada hadisələrin təkamülü özünəməxsus siyasi və geosiyasi məntiqə malikdir.

Bu bağlılıqda region dövlətlərinin öz maraqlarını qoruması faktını qeyd etməliyik. Azərbaycan, Ermənistan və Gürcüstan bölgədə baş verən proseslərə fərqli yanaşırlar.

Erməni ekspertlərin fikirlərinin təhlili göstərir ki, onlar Türkiyə və Azərbaycanı daim mənfi aspektdə təqdim edir, böyük dövlətlərin Cənub Qafqazda formalaşdıra biləcəkləri geosiyasi konfiqurasiyaları da bu prizmadan qiymətləndirməyə çalışırlar (bax, məs.: Игорь Мурадян. Американо-турецкие отношения и Иран / "Lragir.am", 12 avqust 2014). Bu, birtərəfli və qərəzli yanaşmadır. Həmin məntiqlə Cənub Qafqazın geosiyasi mənzərəsini obyektiv dəyərləndirmək mümkün deyil.

ABŞ və Türkiyənin Cənub Qafqazdakı geosiyasi fəaliyyətinə Ankaranın "ekspansionist siyasəti"nin qarşısının alınması müstəvisində yanaşılması reallığı əks etdirə bilməz. Üstəlik, erməni analitiklərinin mövqeyi ziddiyyətlidir və bu səbəbdən də heç bir siyasi konyunkturaya uyğun gəlmir. Məsələn, bir tərəfdən Türkiyənin Yaxın Şərq və Qafqaz siyasəti Qərb dövlətlərinin maraqları ilə qarşılaşdırılır, digər tərəfdən isə Ankaranın "xarici siyasəti Amerikanın xarici siyasətinin inikasıdır" tezisi irəli sürülür (bax: Игорь Мурадян. Внешняя политика Турции – отражение политики США / "Lragir.am", 16 avqust 2014).

Erməni müəlliflərin mövqelərinin ziddiyyətli olması təbii haldır. Rəsmi İrəvanın geosiyasi seçimi qeyri-müəyyən olduğundan, o, region dövlətlərinin həyata keçirdiyi xarici siyasəti real qiymətləndirə bilmir. Bunun fonunda Gürcüstan ekspertlərinin mövqeyində Avropa İttifaqı ilə assosiativ üzvlükdən sonra bir eyforiya hiss edilir. Bu barədə Gürcüstan KİV-də tənqidi məqalələr dərc edilir (bax: Зураб Бежанишвили. Проблемы "ассоциативной" идентификации современной Грузии / "Грузия Online", 30 iyul 2014).

Gürcü ekspertlər ölkənin Cənub Qafqazda geosiyasi proseslərin mərkəzində olduğunu vurğulayır, hətta münaqişələrin həllində belə Tbilisinin ciddi rol oynaya biləcəyindən danışırlar. Regionun təhlükəsizliyinin təmini məsələsində Gürcüstanın həlledici rol oynayacağı barədə fikirlər səslənir.

Burada Tbilisinin bölgədəki proseslərə birtərəfli yanaşdığı özünü göstərir. Lakin onun reallıqdan tam uzaqlaşmayaraq Azərbaycan və Türkiyə ilə işbirliyinə önəm verməkdə olduğu da duyulur. Xüsusilə təhlükəsizlik məsələsində Bakı və Ankara ilə əməkdaşlıq inkişaf edir (bax: Министры обороны Грузии, Азербайджана и Турции встретятся в Нахичевани / "Грузия Online", 16 avqust 2014).

Azərbaycanın regionun geosiyasi məsələlərinə yanaşma tərzi tamamilə fərqlidir. Birincisi, Azərbaycan sözün həqiqi mənasında lider dövlət kimi davranır. Onun xarici siyasətində əməkdaşlıq və təhlükəsizliyin təmini hərtərəfli düşünülmüş konsepsiya müstəvisində nəzərdən keçirilir. Rəsmi Bakı tərəflərdən hər hansı birinə üstünlük vermir – onların maraqlarının balanslaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu səbəbdən Azərbaycan geosiyasi konfiqurasiya variantlarını qarşı-qarşıya qoymur (bax: Азербайджан выбирает и Россию, и Запад: интервью Томаса де Ваала / "Regnum", 10 avqust 2014).

Tomas de Vaal Bakının Qərb və Rusiya istiqamətində konkret məzmuna malik siyasət yeritdiyini bəyan edir. Azərbaycan hər iki geosiyasi güclə real vəziyyətə uyğun münasibətlər qurur və burada onun kimlərəsə tabe olmasından söhbət gedə bilməz (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, Azərbaycanın Türkiyə ilə xüsusi münasibətlər qurması da gerçəklikdir. Ekspertlər rəsmi Bakının bu mövqeyini tam əsaslı hesab edirlər.

"Kənar oyunçular": təsirlər və kompromislər

Burada bir məqamı vurğulamağa ehtiyac görürük. "Stratfor" mərkəzinin mütəxəssisləri "Türkiyənin coğrafi iddiaları" adlı analitik məruzə hazırlayıblar (bax: Robert D. Kaplan, Reva Bhalla. Turkey's Geographical Ambition / "Stratfor", 12 avqust 2014). Məruzədə Ankaranın son illər yürütdüyü xarici siyasətin bir sıra aspektləri təhlil olunub. O cümlədən, Türkiyənin Qafqaz istiqamətində yeni ambisiyalar nümayiş etdirdiyi haqqında fikirlər də vardır.

Müəlliflər hesab edirlər ki, Ankara imkanlarını aşan məqsədlər güdür və Osmanlı dönəmində nəzarəti altında olmuş ərazilərdə nüfuzunu yüksəltməyə çalışır. Analitiklər xəbərdarlıq edirlər – "Ərdoğanı qiymətləndirməkdə ehtiyatlı olmaq lazımdır" (bax: əvvəlki mənbəyə).

Bu kontekstdə Azərbaycan amilinə ayrıca diqqət yetirildiyinə şübhə yoxdur. Türkiyə regionda yeni geosiyasi balans yarada bilər. Məsələnin əsas tərəfini bu özəllik təşkil edir – Qərb analitikləri hesab edirlər ki, Türkiyənin Qafqazda möhkəmlənməsi bölgədə İslam amilini daha da inkişaf etdirəcək. İran probleminə həmin müstəvidə qiymət verilməsinin səbəblərindən biri də bundan ibarətdir. Konkret olaraq, Tehranın Ankara və Bakı ilə əlaqələrinin genişlənməsindən narahatlıq keçirilir.

Bunlar Cənub Qafqazda geosiyasi mənzərənin dinamikasının mürəkkəb olduğunu təsdiqləyir. Region dövlətlərinin baş verən hadisələri fərqli meyarlarla qiymətləndirməsi xüsusi vəziyyət yaradır. Bundan əlavə, böyük dövlətlərin bölgəyə münasibətdə bir-birindən fərqli mövqe nümayiş etdirməsi də müəyyən ziddiyyətlərə gətirib çıxarır. Yaxın Şərq və Şərqi Avropada özünü göstərən proseslər fonunda bu, region üçün kifayət qədər həssas bir məqam yaradır.

Son zamanlar Ermənistanın münaqişə zonasında törətdiyi təxribatlar bu kontekstdə müəyyən sualları ortaya atıb. Vəziyyətə dərhal Vaşinqton və Moskva müdaxilə etdilər. Ermənistan rəhbərliyi riyakar mövqeyini bir daha nümayiş etdirdisə də, Azərbaycan kifayət qədər qətiyyətli mövqe tutdu. Bununla məlum oldu ki, Bakı regionda pozitiv rol oynamaqda qərarlıdır. Onun hərbi qüdrəti məhz buna xidmət edir. İrəvanın hərbi təxribatlarla vəziyyəti qeyri-müəyyənliyə sürükləmək imkanları xeyli azalıb. Bu bağlılıqda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşü çox aktual görünür. İrəvanın bu prosesdən kənarda qalması onun qeyri-konstruktiv geosiyasi mövqeyi ilə bağlıdır.

Göründüyü kimi, Cənub Qafqazda iki geosiyasi yanaşmanın mübarizəsi yeni səviyyəyə qalxıb. Azərbaycan bu prosesdə təşəbbüsü ələ almaqdadır. Əvvəla, rəsmi Bakı çox fəal mövqe tutub. İkincisi, regionun Türkiyə, Rusiya və İran kimi dövlətləri Azərbaycanın yeritdiyi xarici siyasəti dəstəkləyirlər. Üçüncüsü, Qərbin də Bakının mövqeyinə sərt münasibəti gözə çarpmır. Bunu erməni təxribatçının Azərbaycanda ölməsinə ABŞ Dövlət Departamentinin reaksiyasından da hiss etmək olar.

Vəziyyət nə qədər mürəkkəb olsa da, Azərbaycan regionda ciddi təsirə malik dövlət olduğunu nümayiş etdirir. Bu prosesin inkişaf edəcəyini proqnozlaşdırmaq olar.

Newtimes.az

 





22.08.2014    çap et  çap et