525.Az

Qaydanı pozan sürücülər üçün elektron protokol tədbiq olunacaq


 

Qaydanı pozan sürücülər üçün elektron protokol tədbiq olunacaq<b style="color:red"></b> Azərbaycanda radara düşən sürücülər yol polisi əməkdaşları tərəfindən deyil, avtomatik qaydada cəzalandırılırlar.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, avtomatik sistemlə işləyən ölçü cihazlarına (radar və kameralar) düşən sürücülər barəsində inzibati protokollar elektron qaydada tərtib olunur.

Şöbə rəisi bildirib ki, elektron cihaz qayda pozuntusunu qeydə alan kimi avtomatik olaraq bazaya girir, avtomobili idarə edən şəxs barədə məlumatı götürür və elektron protokol tərtib edir. Beləliklə inzibati xətaya görə elektron protokollar sürücünün və YPX inspektorunun xəbəri olmadan avtomatik tərtib olunur.
Elektron protokol mərkəzə daxil olandan sonra 2 gün ərzində nəqliyyat vasitəsinin sahibinə çatdırılması üçün ərazi üzrə yol polisi bölməsinə göndərilir və protokol kağız daşıyıcıya köçürülərək vətəndaşın ünvanına göndərilir.
"Bu protokol vəzifəsindən, şəxsiyyətindən asılı olmayaraq hamı üçün tərtib edilir. Məlumatı alan sürücü həmin andan başlayaraq 10 gün ərzində nəqliyyat vasitəsini özünün idarə edib-etməməsi ilə bağlı vəsatət verməlidir. Vəsatət verməzsə, sürücünün iştirakı olmadan işə baxılır və müvafiq qərar qəbul olunur. Sürücü növbəti mərhələdə elektron protokol üzrə cəriməni ödəməlidir", - Əliyev deyib.

Onun sözlərinə görə, bu cihazlar günün bütün saatlarında qayda pozuntularını qeydə alır və protokol tərtib edir. Həmin cihazlar avtomobilin sürətlə idarə olunması, kəmər taxılmaması, sükan arxasında mobil telefonla danışmaq, işıqforun qırmızı işığında keçmək və digər pozuntuları da qeydə alır.
Şöbə müdiri deyib ki, 1 aydır tətbiqinə başlanılan yeni sistem əsasında 32 mindən artıq sürücü barəsində elektron protokol tərtib olunub.
 





06.11.2012    çap et  çap et