525.Az

Şuşa Allaha yaxın yerdir


 

Şuşa Allaha yaxın yerdir<b style="color:red"></b>

Daha çox Şuşanın yayını, qonaq-qaralı vaxtını görmüşəm. Amma bir az böyüyəndən sonra qışda, payızda da orda oldum. Qonaq-qaranın seyrələn vaxtında Şuşanı daha yaxşı tanımaq olur.

Ona sevginin intimliyini, bakirəliyini hiss edirsən. Adam həmişə Şuşada özünü bir boy hündürdə hiss edir. Elə bil insanın ürəyi genişlənir, qanad açıb uçursan.

Hər döngəsi bir tarixdir...

Şuşa ta uşaqlıq illərindən ən sevdiyim şəhər olub. Cıdır düzündən seyr edəndə, Aran tərəflərə baxanda görünən mənzərənin yaratdığı ehtişam əvəzsiz idi. Bu mənada heç bir tikilisi olmasa belə, təbiəti, yerləşdiyi ərazi özü qeyri-adidir. Sonralar mən Şuşaya oxşar dünyanın müxtəlif yerlərində oldum, amma Şuşanın möhtəşəmliyi ilə hamısını geridə qoyduğunu gördüm.

Şuşa həmişə ora ilk dəfə gedən dostlarımın təəccübünə səbəb olub. Onlar həmişə deyirlər ki, Şuşada arxa çevirməyə yer yoxdur, hər yer tarixdir. Hər küçəsi, döngəsi başdan-ayağa tarixdir. Hansı evə gedirdin, deyirdilər, burda Mir Mövsüm Nəvvab yaşayıb, bura Bülbülün ev muzeyidir, bu evdə Üzeyir Hacıbəyovun izi var, burda İbrahim xan məktəb tikdirib, burda Natəvan bulaq çəkdirib. İnanmıram ki, Azərbaycanda Şuşa qədər tarixlə qovuşan və tarixi qoruyub-saxlayan məkan olsun.

Tez-tez xəyalımda ora gedirəm...

Ömrümün bu çağında da ən çox yadıma düşən və məni kövrəldən Şuşanın təbiəti, əfsanəvi gözəlliyi, tarixi abidələri, həzin sükutu, insanı düşünməyə vadar edən qəribə aurasıdır.  

Hər gecə yuxuya getməzdən əvvəl düşünürəm, fikrimdə Qarabağın müxtəlif yerlərinə yol alıram. Amma Şuşa mənim üçün müqəddəs bir yerdir. Xəyalımda tez-tez Şuşaya gedirəm, Cıdır düzünü gəzirəm, yayda gedib qaldığımız ailələrin evlərində oluram, hüzur tapıram. Şuşaya gedən yollar, İsa bulağı, Turşsu heç vaxt yadımdan çıxmır.

Şuşanın təbiəti onun adamlarında da özünü göstərirdi. Şuşalılar çox qürurlu insanlardır. Bu, həm də Şuşanın xanlıq olmasından irəli gəlir. Digər Aran rayonlarından Şuşaya tez-tez qonaqlar gəlirdi. Onların hansındasa bir qüsur olanda şuşalılar onları çox ustalıqla dolaya bilirdilər. Çox hazırcavab, yumorları olan adamları var idi. Ümumiyyətlə, çoxlarını Şuşaya olan münasibətinə görə sevmişəm, o insanlara qiymət vermişəm.

Şuşaya İlahi eşq tək məndə deyil...

Yadımdadır ki, 1986-cı ildə “Ulduz” jurnalında Anar müəllimin “Qarabağ şikəstəsi” adlı yazısı dərc olunmuşdu. Yazıda bir yer vardı, deyir, özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, uşaqlığım bu şəhərdə keçməyib, qohum-əqrəbam bu şəhərdə yaşamır. Amma əlimdə imkanım olsaydı, bütün ömrümü bu şəhərdə keçirər, öləndə də vəsiyyət edərdim ki, məni bu şəhərdə basdırsınlar. Anar müəllimin Şuşayla bağlı bu sətirlərini oxuyanda, bu məhəbbəti görəndə heyrətə gəlmişdim ki, Şuşaya bu İlahi eşq tək məndə deyil. Digər insanlarda, hörmət etdiyim yazıçıda da var. Ola bilsin ki, Anar müəllimə məhəbbətimin bir hissəsi elə Şuşayla bağlıdır.

Bu qədər insanı Şuşaya bağlayan nədir?

Şuşa işğal olunandan sonra məni təsirləndirən başqa məqamlar da oldu. Rəssam Toğrul Nərimanbəyovun fikirlərini oxuyanda çox heyrətlənmişdim. O yazırdı ki, mən dünyanın çox yerlərini gəzmişəm, çox gözəl şəhərlərini görmüşəm, amma bu dünyada Şuşa kimi gözəl şəhər və Şuşanın insanları kimi gözəl insanlar görmədim. Mənim ətim ürpəşmişdi ki, Fransa kimi gözəl ölkədə yaşayan, dünyanı gəzən böyük rəssam Şuşa haqqında bu cür danışır. Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli də həmişə müsahibələrində deyirlər ki, ömrümüzün sonunu Şuşada yaşamaq, orda ev tikmək istərdik. Bu qədər insanı Şuşaya bağlayan nədir? Bu, nə sehrdir, sirdir? Bu sirr Şuşanın təbiətində, aurasında da, insanlarında, qədimliliyində də var. Bu məkan bizi yaşadığımız real və maddi dünyadan qoparırdı.  Şuşa, havası Allaha yaxın olan bir yerdir. Məncə, bu sirr də ordan gəlir.

Şuşa ağrıdır, sızıltıdır...

Şuşa bütün azərbaycanlılar üçün müqəddəs yerdir. Ümummilli lider Heydər Əliyevin sözü heç yadımdan çıxmaz. Deyirdi ki, Şuşasız Azərbaycan ola bilməz. Doğrudan da, Şuşa Azərbaycanın ürəyidir, ilahi bir yerdir. Şuşa bizim iliyimizə nəylə işləyib? Musiqi ilə, Üzeyir Hacıbəyovun musiqisi ilə. Azərbaycan xalqının canından-qanından axan, genetikasında olan üç-dörd əsas qol varsa, onun biri də Üzeyir Hacıbəyovun musiqisidir ki, orda Şuşanın ab-havası var. Ona görə də biz o musiqini eşidəndə qanadlanırıq, gözlərimiz yaşarır, sirli bir aləmə düşürük.

Şuşayla bağlı sənədli kadrlara çox baxa bilmirəm, o dəqiqə qəhər məni boğur, kədər çulğayır.

Şuşanın ağrısı ona görə daha böyükdür ki, Şuşanı görməyənlər onun sehrinin nədə olduğunu bilmirlər. Mənim üçün Ağdam da, Laçın da, Kəlbəcər də, Füzuli də doğmadır. Amma Şuşanın ilahi təbiəti, musiqisi, tarixin bəxş etdikləri – bunların vəhdəti onu hər yerdən doğma edir.

 Məncə, Şuşanın özü kiçik bir Azərbaycandır, ağrıdır, sızıltıdır...

1937.az
 





26.08.2014    çap et  çap et