525.Az

İntihar halları payız aylarına təsadüf edir


 

İntihar halları payız aylarına təsadüf edir<b style="color:red"></b> Fəsil dəyişimini izləyin... İntihar halları payız aylarına təsadüf edir... İstənilən sistemdə baş verən dəyişikliklər, keçid dövrü böhransız, çətinliksiz keçinmir. Bu, insan orqanizminə də aid olan bir xarakterik xüsusiyyətdir. Fəsillər bir-birini əvəzlədikcə səhhətimizin də müxtəlif fəsadlarla üzləşmə ehtimalı yaranır. Mütəxəssislərin sözlərinə görə, təbiətdə baş verən müəyyən proseslərin ümumi nəticəsi kimi bir sıra xəstəlikllər təzahür edir. Xəstəliklərə səbəb kimi xüsusən də mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyinin yaranması, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, eleoktromaqnit sahəsini göstərmək olar.  Artıq neçə müddətdir, payız fəslini yaşayırıq. Ətrafımızda tez-tez “boğazım ağrıyır”, “burnum sözümə baxmır”, “məsləhət bildiyiniz sirop varmı?”, “deyəsən qrip olmuşam” kimi ifadələrə rast gəlirik.

Bəs bu prosesləri qabaqlamaq, yaxud da fəsadsız keçirmək üçün nələri bilməliyik, nələrə riayət etməliyik? Terapevt Nuranə Məhərrəmovanın sözlərinə görə, xüsusəndə bu mövsümdə insanların qrip olma ehtimalı artır:“Vaxtında qarşısı alınmayan yaxud düzgün müalicə metodu seçilmədiyi təqdirdə adi qrip orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymarit kimi xəstəliklərə yol aça bilər. Həmçinin bu mövsümdə ürək, qan- damar, tənəffüs bronx sistemində baş verən xəstəliklər də artır. Əsasən də revmatik xəstəliklərin çoxalma ehtimalı yüksəkdir. Xüsusilə, oynaqlarla bağlı olan xəstəliklərin həm başlaması, həm də kəskinləşməsi ola bilər. Küləyin, yağış yağması nəticəsində rütubətin artması, oynaqların şişməsi, qızarmasına səbəb olur, xəstədə dözülməz ağrılar müşahidə olunur.  Belə havada başqa xəstəliklər də ortaya çıxır. Soyuq hava mədə bağırsaq xəstəlikləri, məsələn, xroniki qastrit, mədə, bağırsağın və yoğun bağırsağın soyuqlaması olan şəxslərdə xəstəliklərin kəskinləşməsinə yol aça bilər. Qan azlığı xəstəliyi də meteoroji şəraitə uyğun olaraq dəyişən xəstəliklərdən biridir”.  N.Məhərrəmovanın oxucularımıza öz tövsiyələrini də verdi. “İnsanlar geyimlərinə xüsusi diqqət ayırmalıdırlar”-deyən, həkim havanın dəyişkənliyini nəzərə almağın vacibliyini bildirdi: “İkinci bir məqam sözsüz ki, düzgün qidalanmadır. Maksimum dərəcədə çalışıb meyvə, tərəvəzi qida rasionumuza daxil etməliyik. Fəsilə müvafiq meyvələrdən mümkün qədər çox yemək insan orqanizmi üçün əvəzedilməzdir. Fastfood qidalardan isə imkan daxilində qaçmaq lazımdır. Çünki onların mədəyə vurduğu ziyan çox yüksəkdir. Və onu da bildirim ki, özlərində qrip və ya digər xəstəliyin əlamətlərini sezən insanlar vaxt keçdikcə bunun kəskinləşdiyini görürsə, mütləq həkimə müraciət etsin”. 

Mütəxəssislər, xüsusən də yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmaları məsləhət görülür. Bu fəsildə tez-tez rast gəlinən nüanslardan biri də insanlarda ruh düşkünlüyünün olması, depressiyaya düşmələridir. Bəzi insanlarda bu hal yuxusuzluq, halsızlıq, iştahasızlıq və digər şəkillərdə özünü biruzə verir.  Psixoloqların dediyinə görə, dünyada baş verən intihar hallarının 78 faizi məhz payız aylarına təsadüf edir. Çünki payız insanlarda tənhalıq hissini oyadır. Havanın tez qaralması, günün qısa olması insanı yorur, halsızlaşdırır. İnsanlar tənhalığa üstünlük verir. Saatlarla otaqlarına qapılıb, ordan çıxmaq istəmirlər. Bu hal isə daha çox 17-25 və 50 yaşdan yuxarı insanlarda müşahidə olunur. Psixoloqlar bu vəziyyətdən çıxmaq üçün yuxu rejiminə diqqət yetirməyi, kifayət qədər qidalanmağı və mümkün qədər günəş şüasından istifadə etməyi məsləhət görür.  Xalq təbabətində də bu mövsüm üçün özəl müalicə metodları var. İllər boyu sınaqdan çıxmış üsullar insanları bu fəsildə qorumağa yardımçı ola bilir. Təbii ki, insan orqanizminin fərdiyyəti və xəstəliyin şiddətindən asılı olaraq həkimə müraciət daha doğru üsuldur. Məlum olduğu kimi payız xəstəliklərindən qaçmağın qəti bir müalicəsi yoxdur. Bu dövrdə C və A vitamini ilə zəngin tərəvəz və meyvələr xüsusilə faydalıdır. Burun tutulmasının ən yaxşı müalicəsi duzlu suyun buruna damcıladılması və xəstənin olduğu mühitin nəmli olmamasının təmin edilməsidir. Payız xəstəliklərindən müalicə olunmaq üçün əsasən təbii qidalardan istifadə edilməsi məsləhətdir. Bu qidalar xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirir.

Alma immunitet sistemini gücləndirici funksiyaya malikdir. Üzüm bədənin daha müqavimətli olmasını təmin edir. Nar immunitet sistemini gücləndirdiyindən viruslarla qarşı-qarşıya olduğumuz payız və qış mövsümündə bol istifadə olunmalıdır. İmmun sistemini gücləndirən, qrip və soyuqdəymədən qoruyan meyvələrdən biri olan portağal öskürəyi azaldır. Gilənar suyu isə qızdırmanı aşağı salmaqla yanaşı susuzluğu aradan qaldırır.

Fəridə ABDIYEVA
 





06.11.2012    çap et  çap et