525.Az

AYB-in yeni katibi: "Yazıçılarla işləmək çətindir"


 

AYB-in yeni katibi: "Yazıçılarla işləmək çətindir"<b style="color:red"></b>

Mən həmişə demişəm və yenə də deyirəm ki, yazıçılarla, şairlərlə işləmək çox çətindir. Onların hər birinin yüksək eqosu var. Hər bir yazıçı, şair ona daha çox diqqət yetirilməyini istəyir. Bu baxımdan AYB-nin katibi təyin olunmağım mənim üçün çox böyük məsuliyyətdir”.
 
Bu sözləri Kulis.az-a verdiyi açıqlamada bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi təyin olunan, yazıçı İlqar Fəhmi deyib.
 
İlqar Fəhmi bildirib ki, AYB-nin rəhbər strukturlarında həmişə nisbətən cavan kadrların olmağını arzulayıb: “Həmişə istəmişəm ki, AYB-ni təmsil edən adam kimi çıxış edim. Bütün çıxışlarımda da buna çalışmışam. Bu baxımdan da təyinatın mənim üçün önəmi böyükdür”.
 
Yazıçı deyib ki, bu təyinat onun üçün gözlənilməz olub: “Vallah, bu yay başım o qədər qarışıq olub ki, başqa heç nə haqqında fikirləşə bilməmişəm. Təyinat mənim üçün gözlənilməz olub”.
 
İlqar Fəhmi gənclərlə yeni layihələr həyata keçirəcəyinə ümid etdiyini də vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibliyinin toplantısında yeni və önəmli qərar qəbul edilib.

525.az-ın AYB-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Yazıçılar Birliyinin katibi təyin edilib.

Xatırladaq ki, buna qədər bu vəzifəni Arif Əmrahoğlu icra edirdi. Arif Əmrahoğlu 19 iyun tarixində dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fəhmi bu vəzfiəni sentyabr ayının 1-dən icra etməyə başlayacaq.

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.

Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kimofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və "Ulduz" jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.

Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcısıdır.

525.az saytı İlqar Fəhmini təbrik edir, ona yeni görəvində uğurlar arzulayır.

 





28.08.2014    çap et  çap et