525.Az

Belə yaşayasan yaşayanda da...


 

Belə yaşayasan yaşayanda da...<b style="color:red"></b>

Məramımı bilsəydi, min bir bəhanə gətirib dünyasında qoymazdı, əlimə qələm götürüm. Xasiyyəti belədir. 8 il sərasər hər ad günündə camaatdan, təbriklərdən qaçan, gizlənən gördüm onu. Baxmayaraq ki, İctimai Teleradio Yayımları Şirkətində baş direktordan sonra 2-ci adam idi hamı bu nurlu kişiyə sidq-ürəkdən, ən azı,  xoş söz deməyi özünə borc bilirdi.

Daha bir kollektivdə çalışmırıq. Odur ki, onun haqqında ürəyimizdən keçənləri, heç olmasa, 60 illiyində  dilə gətirmək imkanını, yaxşı ki, əlimizdən ala bilməyəcək.

Söhbət ömrünün 40 ilini televiziya cəbhəsinə həsr etmiş, Azərbaycanı qarış-qarış gəzmiş, Qarabağ dərdini,müharibənin od-alovunu, torpaq itkisini təkcə qələmindən deyil, həm canından-qanından, taleyindən keçirmiş müdrik insan, Əməkdar jurnalist Çingiz Aslanovdan gedir. 

Görüb-götürmüş nəslin oğlu

Çingiz müəllim qarabağlıdır. O, Ağdamda əsilli-nəsilli bir yerin oğludur. Atası Əvəz kişi müharibə vaxtı evlənib. Anası təyyarəçi olub. Sevgi, qarşılıqlı hörmət üzərində qurulan ailədə xoşbəxt uşaqlıq illəri keçirib. maddi, mənəvi cəhətdən sıxıntı, çətinlik görməyib. Amma yüksək səviyyədə tərbiyə alıb. Vəzifəli kişinin oğlu olduğunu heç vaxt qabartmağa can atmayıb. Heç ata-anası da o iddiada olmayıb. Həmin gen bu gün Çingiz müəllimin ailəsində, övladlarında da özünü göstərməkdədir. Qanla gələn  xüsusiyyət, təkcə, bu deyil. 

Etibar 

Qarabağ lap əzəldən Azərbaycanın ən varlı guşələrindən olub. Burada torpaq altında o qədər qızıllar basdırılıb ki, çoxunun izi-tozu da qalmayıb.  1937-ci illərdə  tutatut vaxtı  başını götürüb qaçan ailənin sağ qalan gəlini 20 il sonra Çingizin atası Əvəz kişiyə xəbər göndərir ki, məni qızıl basdırdığımız yerə apara bilərsənmi, səmtini bilirəm, yeri bu, nişanı bu... Əvəz kişi deyir, gəl, apararam.

 Elə o dövrdə , həmişə , etibar məsələsi ən böyük problem olub. Nəfsinə yiyəlik etmək hər adamın hünəri deyil axı...  Mal-pul üstündə, qardaşın qardaşla, oğulun ata ilə qanlı- bıçaq olması haqqında hamımız qədər eşitmişik?.. Hələ bu dərdi nəsilbənəsil çəkənlərdən danışmırıq...

Uzun sözün qısası, gəlin gəlir, kişi aparır, gəlin , xəlvətcə, qızıllarını tapıb götürür.. Kişi qızıllara heç gözünün ucu ilə baxmır...  Gəlin dil-ağız edib yurduna qayıdır. 

Çingiz müəllim eynən atasına çəkib. Ona həmişə etibar etmək olar. 

yaxşı ki, jurnalistika

Hüquqşünas olmağı qarşısına məqsəd qoyan, imtahanları uğurla verən, amma hüquq fakültəsində uşaq çox olduğundan yazı müsabiqəsində yaxşı inşa yazdığı üçün "tələyə düşən" Çingiz Aslanov rektorun təkidi ilə,  müasir dillə desək, jurnalistika fakültəsinə  transfer edilir. qədər müqavimət göstərsə , qərarı dəyişmək mümkün olmur.

Çingiz Aslanov jurnalistika fakültəsini bitirəndən sonra  əlinə qələm götürüb, bütün sevgisini,gücünü  sənətinə verir. Azərbaycanı bölgə-bölgə yox, bəlkə kəndbəkənd gəzir işıqlandırır. Zarafat deyil, illərlə Azərbaycan Dövlət Televiziyasında "Torpaq" verilişi hazırlamaq deməkdir, özü hər həftə, bezmədən, sevə-sevə... Bəlkə buna görədir ki, Çingiz müəllimin jurnalistika ilə yanaşı, bağ-bağat, təsərrüfat  işində yaxşı səriştəsi var. İllərin təcrübəsi, müşahidəsi öz sözünü deyir yəqin...

Sonra "İctimai-siyasi verilişlər" baş redaksiyasında əvvəl şöbə müdiri, sonra baş redaktor müavini kimi uzunillik  fəaliyyət... Siyasi, iqtisadi, ictimai proseslərlə təmasda olmaq, hakimiyyət böhranlarının, 20 Yanvar faciəsinin , Xocalı soyqırımının, Qarabağ ağrılarının efir həllinə çiyin vermək, AzTV- rəhbər dəyişikliklərinin dalğalarından keçmək  ona çox böyük təcrübə qazandırır.

Ömrün İTV mərhələsi 

İctimai Televiziya Radio Yayımları Şirkətinin  yox yerdən  yaranmasında, daşından-divarından tutmuş studiyaların qurulmasına, kadrların seçilməsinə,verilişlərin tərtibatına kimi çətin bir işin öhdəsindən gəlmək, kollektivlə bir yerdə, Çingiz Aslanovun da taleyinə yazılıbmış.

Bu, tamam fərqli bir sınaq idi. Ötən illərin təcrübəsi bütün bu işlərə dayaq oldu. Həm milli, həm bəşəri dəyərlərə söykənən televiziya çox qısa bir müddətdə tamaşaçılarını öz ətrafına topladı qarşıdakı 8 ildə bu etimadı ancaq doğrultmaqla məşğul oldu. Avropa Yayımları Birliyinə üzv olmağın, xarici TV-lərlə əməkdaşlığın, prezident parlament seçkilərində canlı debatların təşkilinin , "Eurovision" həyəcanlarının ağırlığı hamıdan öndə baş direktorla  onun öhdəsinə düşdü. yaxşı həmin günlər həm İTV tarixinə, həm hamımızın ömrünə-gününə yazıldı... 

Əsl dost

Çingiz müəllim çox sədaqətli, dar gündə adamın arxasında dağ kimi duran bir dostdur. Bunu mən demirəm , dostları deyir. İctimai Televiziyada  müavini olduğu baş direktor İsmayıl Ömərovla onu 40 ilə yaxın dostluq bağları birləşdirir. Bu qədər müddətdə kiminləsə dost olmaq, bəlkə , mümkündür. Amma 8 il televiziya kimi gərgin sahədə arxa-arxaya verib, Vətən, millət üçün vicdanla çalışmaq, saysız-hesabsız əsəbi məqamlardan keçib, dostluğu hər şeydən ucada saxlamaq asan deyil. Bu iki qosqoca dost bu sınaqdan da üzüağ çıxdı. Məncə, əsl örnək olası məsələ həm budur.

Peşəkar  idarəçilik məktəbi

İdarəçiliyin elə sirləri var ki, onun hamısını kitablardan öyrənmək olmur. Həyatın öz tələbi, hər anın öz hökmü var. Biz 8 il  İctimai Televiziyada çalışanda həm baş direktordan, həm Çingiz Aslanovdan bu mənada çox şey öyrəndik. İlk baxışda qəribə, inanılmaz görünən qərarların, planların,tədricən,  necə ustalıqla həyata keçirildiyinin şahidi iştirakçısı olduq.  Pis adamlara yaxşılıq ediləndə içimizdəki üsyanla baş-başa qalsaq da, sonralar bəzən bu addımın da idarəçilik baxımından  doğru olduğunu anladıq. Hər şeyin təmkinlə idarə olunmasının gərgin mühitdən daha səmərəli nəticə verdiyini gözümüzlə görüb, işimizdəki irəliləyişləri həyata keçirdik. Bu mənada, istər İsmayıl Ömərovu, istərsə Çingiz Aslanovu (onları ayırmaq düzgün olmaz) ayrı-ayrılıqda peşəkar idarəçilik məktəbi saymaq olar.

Allah adamı

Çingiz müəllimin ən xarakterik xüsusiyyəti bu iki sözlə çox bağlıdır.  Dinli-imanlı adamdır. Qəzavü-qədərə, müqəddəs yerlərin hikmətinə çox inanır. Sözündə , əməlində bütövdür.  Dünya malında qəti gözü yoxdur. Pula-mala tamah salmaq onluq deyil. Nəfsə qalib gələ bilməyin özü elə Allaha yaxın olmağın ən vacib şərtlərindən deyilmi?.

Mərhəmətlidir, xeyirxahdır, səxavətlidir... Üstünə gələn heç kəsdən bacardığı köməyi əsirgəmir, bu öz yerində...Ümidin hər yerdən kəsiləndə sənə elə  təsəlli versin ki, deyəsən, bəs dünya sənin imiş, xəbərin yoxdur. Allahın sevdiyi ən vacib xüsusiyyətlərdən biri onda var ki, o, çoxumuzda yoxdur.

Səbr yiyəsi

Çingiz müəllimdə olan səbr handa bir adamda ola bilməz. İctimai Televiziyada çalışdığımız 8 ildə, bəlkə 8 min dəfə əsəbgərən məqam oldu. Çingiz müəllimin bir dəfə özündən çıxdığını, hövsələsizlik etdiyini  görən olmadı!!!

Bir dəfə iki departament direktorunun mübahisəsi düşür. İkisi gəlir Çingiz müəllimin yanına ki, direktor müavini kimi, kimin haqlı olduğunu o desin. Biri qurtarır, o biri başlayır, biri belə deyir, o biri etiraz edib əksini sübut etməyə çalışır. Axırda ikisi yorulub üzlərini Çingiz müəllimə tuturlar ki, mübahisəni haqlasın. Çingiz müəllim sakitcə dayanıb, əlini stolun altına salır, şokolad qutusu çıxarıb onlara uzadır: "Mənim şəkərim var-deyir- gedin, çayxanada bu şokoladla çay için, hirsiniz soyusun".

Direktorlar bir-birlərinin üzünə baxa-baxa qalırlar. İkisini birdən gülmək tutur. Otaqdan da gülə-gülə çıxıb gedirlər.

Sonralar bildik ki, şəkər-zad bəhanə imiş Belə eləyib ki, camaat mənasız mübahisələrlə özünü yormasın...

Məsləhət yeri

Çingiz Aslanov  bu gün təkcə öz nəslinin, doğmalarının, dostlarının deyil, ona ağız açan hər bir kəsin məsləhət yeri olmağı bacarır. Ən çətin vəziyyətlərdə düzgün çıxış yolu tapmaqda ona çox az adam çatar. Bunun 100 dəfələrlə şahidi olduq onun ətrafındakılar da  bütün bunlardan çox şey görüb-götürmək imkanı  qazandılar.

Çingiz müəllim həmişə deyir ki, həyatda hər şey ürəyimcə olub, şükür, Azəri, Turalı evləndirmişəm, öz ailələri, övladları var. Əlbəttə, həyatı istədiyin kimi qurmaq, yaşamaq böyük xoşbəxtlikdir. Amma arzular haçan tükənir ki...

Arzu da var, arzu da

Onların evində  nəvələri Nuray Aydandan başqa 2-ci bir Cingiz Aslan da böyüyür. Babasının təkcə adının, soyadının deyil, həm xarakterinin davamçısı Çingiz...Balalarının, nəvələrinin xoş gününü görmək, uğurlarına sevinmək  ona həyat verir, amma arzuları evinin ailəsinin hüdudlarından çox-çox genişdir...

Çingiz müəllim  bir jurnala müsahibə verərkən: "Qarabağ özümüzə qayıdan gün Ağdamdakı kəndimizdən ilk reportajı mən verəcəm"- demişdi.

Allah arzunuza çatdırsın, Çingiz müəllim! Sizə o günün sevincini mümkün qədər tez yaşamağı arzulayırıq. 60 yaşınız mübarək olsun!

Qərənfil XƏLİLOVA,
Əməkdar jurnalist

 





28.08.2014    çap et  çap et