Müasir "mass-media"nın cəmiyyətdə daşıdığı və oynadığı rola toxunarkən qeyd olunmalıdır ki, o mədəni informasiyanın əsas translyatoru, başqa sözlə desək, ötürücüsü funksiyasını həyata keçirməkdədir. Bir qədər də irəliyə gedərək deyə bilərik ki, kütləvi media insan qavrayışının mətn, audio və videomodallığını sintez edən, uğurlu yaradıcılıq vəhdəti və mühitini yaradan elə bir kommunikasiya mədəniyyətini formalaşdırıb ki, bu da nəticə etibarilə özündə mədəni inkişafın bütün formalarının cəlb olunduğu vahid rəqəmsal məkanı ehtiva edən yeni bir mədəniyyətin - real virtuallıq mədəniyyətinin yaranmasını şərtləndirib.
Müstəqillik əldə etdikdən sonra qismətinə keşməkeşli bir həyat yolu yazılmış Azərbaycan tarixən qısa bir zaman aralığında demokratik cəmiyyətin əsas atributu sayılan söz və fikir azadlığının təmin olunması, aşkarlığın cəmiyyətdə aparıcı ictimai dəyərə çevrilməsi yolunda təsirli addımlar atdı. Ənənəvi mətbuatın keyfiyyət məzmunundan çıxaraq kəmiyyət uçurumuna yuvarlanması, eləcə də yüksək texnologiyaların inkişafı toplumun informasiyaya olan tələbatının ödənilməsində vahid dövlət televiziyasına alternativ olaraq yaradılan telekanalların əhəmiyyətini önə çıxardı.
Özünün kommunikativ məziyyət və özəlliklərinə görə bu gün televiziya nəinki kütləvi informasiya vasitələri sistemində, eləcə də auditoriyasının əhatə dairəsinə görə sənət aləmində "yaxın qonşularını" geridə buraxır. Buna görə də televiziya ənənəvi kommunikativ-informasiya sistemi kimi texniki cəhətdən modifikasiya edərək müasir mədəniyyətdə yalnız informasiya ötürücüsü vasitəsi kimi deyil, həm də müstəqil estetik əhəmiyyət kəsb edən bədii sistem kimi mövcuddur. Kütləvi kommunikasiya vasitəsi kimi televiziya da digər "həmkar"larının daşıdığı funksiyaları həyata keçirir; xəbər ötürür, əyləndirir, maarifləndirir, bir sözlə, insanın daxili aləminə sirayət edir, dünyagörüşünü, psixologiyasını, zövqünü formalaşdırır.
2005-ci il avqust 29-da ölkə teleməkanına yeni bir kanal - İctimai Televiziya qədəm qoydu. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirk edərək İTV-nin qarşısında duran vəzifələrdən danışdı, tapşırıqlarını verdi, kollektivi böyük və məsiliyyətli bir yola uğurladı.
Həmin dövrdə Azərbaycanda İctimai Televiziyanın yaranmasını labüd edən səbəblər şəridi, kompleksi mövcud idi: bu, azad sözə, fikir plüralizminə, mədəni-mənəvi-əxlaqi maariflənməyə olan tələbat idi, cəmiyyətin demokratikləşməsi və ölkəmizin Qərb dəyərlərinə qovuşmaq istəyindən irəli gəlirdi.
Doqquz il əvvələ qayıdaraq deyək ki, İctimai Televiziyanın yayıma başlamasını cəmiyyət səbirsizliklə gözləyirdi. Belə ki, bu, ölkə teleməkanında yeni bir format idi. Mass-media, efir-cəmiyyət münasibətlərində yeni bir səviyyə idi. Cəmiyyətdəki demokratiyanın əsas indikatorlarından biri sayılan aşkarlıq və plüralizm kimi dəyərlərin ifadəsi üçün yeni bir nəfəslik idi. Nəhayət, bu, sosial sifariş idi. Çünki ictimai TV həm də cəmiyyətin, ictimaiyyətin televiziyası deməkdi. Həmin ictimai layihə uğurla reallaşdı və uğurla da davam etdi.
İTV ölkə teleməkanının, efir ailəsinin sonbeşiyi olsa da, heç vaxt ərköyünlük, tənbəllik etmədi, ortaya əzm qoydu, əziyyət qoydu, zəhmət, iş qoydu. Və nəticə etibarilə ölkənin seyrçi auditoriyasının ən çox izlədiyi və gözlədiyi, verilişlərinin keyfiyyət və peşəkarlığından məmnun qaldığı telekanallardan birinə çevrilməyi bacardı.
Sirr deyil ki, bugünkü televiziyanın maddi-texniki bazası nə qədər güclü olursa-olsun, onun simasını maraqlı və keyfiyyətli verilişlər təyin edir. Belə verilişləri isə yalnız peşəkar, püxtə jurnalistlər hazırlaya bilərlər. Tanınmış rejissor, Əməkdar incəsənət xadimi, usta televiziya idarəçisi Cəmil Quliyev şirkətə rəhbərlik etdiyi son iki ildə kanalın simasını təyin edən verilişlərin hazırlanmasında məhz bu amilin aparıcı rol oynadığını dəyərləndirərək sahənin kifayət qədər peşəkar, səriştəli, yüksək işgüzar potensiala və etik-əxlaqi məziyyətlərə malik nümayəndələrindən ibarət komanda yaratmağa müvəffəq olub.
Cəsarətlə söyləmək olar ki, İTV-nin "efir gündəliyi"nin zəngin palitrası barmaqla sayılacaq adamları məyus etsə də, milyonları sevindirir. Burada seyrçilərin ən tələbkar zövq və maraq dünyasını qane edəcək say və keyfiyyətdə verilişlər var. Kanal rəhbərliyi ölkə efirində müşahidə olunan daha incə zövqün, peşəkarlığın, kreativ yanaşmanın İTV-nin efirinə gətirilməsinə və seyrçilərə aşılanmasına çalışır. Artıq bu istiqamətdə konkret addımlar atılır, izləyicilərə mədəniyyət və incəsənətin ən gözəl nümunələri təqdim edilir; tok-şoulardakı fikir müxtəlifliyi, sərbəstlik və plüralizm, proqramlardakı rəngarənglik tamaşaçıları yenə də özünə cəlb etməkdədir.
Bu gün elektron yayım quruluşlarının izləyici auditoriyasına təqdim etdikləri ictimai-siyasi, sosiomədəni və maarifçi tok-şou və layihələr bütövlükdə cəmiyyətə və ayrılıqda hər bir insana ünvanlandığına görə teleməhsul kimi mühüm sosial əhəmiyyət daşıyırlar. Buna görə də İctimai televiziya istehsal etdiyi verilişlərin elmi-intellektual, bədii-estetik və mədəni-vizual parametrlərinin üst səviyyədə olmasının qayğısına qalır, tamaşaçını ideya-bədii məzmun və keyfiyyətdən xali verilişlərlə, mətbəx və kandar seyrçisinə hesablanmış bəsit və nimdaş seriallarla yormur, əksinə, yüksək zövq, estetik meyar, fikir və düşüncə "ixrac" edir.
Yaradıcılıq nöqteyi-nəzərindən İTV-də diqqəti cəlb edən daha bir məqam isə ondan ibarətdir ki, burada həyatın mənəvi-estetik reallıqlarının daha inandırıcı və doğru-dürüst təqdimatı üçün bədii-ifadə vasitələrinin axtarışına (montaj, ritm, kadrdaxili hərəkət, zaman-məkan strukturu, iri planlar və s.), rejissor düşüncəsi və müəllif müstəqilliyinə geniş meydan verilir.
İctimai televiziyanı digər efir subyektlərindən fərqləndirən əsas səciyyəvi xüsusiyyəti tamaşaçının mənəvi-estetik görüşlərinin formalaşdırılması vəzifəsinin, TV-nin bir ekran sənəti olaraq təkamülü məqsədinin, habelə müasir məzmun və mündəricəyə malik televiziya məkanının təşəkkül tapması zərurətinin burada çalışan yaradıcı əməkdaşların istedad və peşəkarlığı, onların ümumi təhsil və mədəni səviyyəsi ilə birbaşa bağlı olmasındadır.
İctimai televiziyada, belə deyək, adamın içinə sinən, ürəyinə yatan, zövqünü oxşayan və bütövlükdə, seyrçidə zövq mədəniyyətini tərbiyə edən və formalaşdıran proqramlar az deyil. "Yeni gün" səhər proqramı, "Ortaq məxrəc", "Salam, əsgər!", "Açıq dərs", "Din və cəmiyyət", ilk qədəmlərindən geniş tamaşaçı rəğbəti qazanmış "Yadigarlar" və adını çəkmədiyimiz digər verilişlərin hər birini böyük bir müəllif kollektivinin birgə əməyinin məhsulu olmaqla yanaşı, həm də mükəmməlliyi, ideya-estetik cəhətdən yetkinliyi fərqləndirir. Həmin verilişləri elə beləcə də adlandırmaq olar - istedad və zəhmətin xəlitəsi.
Cəsarətlə söyləmək olar ki, bütövlükdə "mini televiziya" adlandıra biləcəyimiz "Yeni gün" son dövrdə daha da təkmilləşərək seçdiyi mövzuların rəngarəngliyinə, təqdim etdiyi süjetlərin aktuallığına, ən müxtəlif sahələri təmsil edən qonaqlarının auditoriya və səviyyəsinə, eləcə də digər göstəricilərinə görə bəzi telekanalların gündəlik yayım "məhsuldarlığını" belə geridə qoymaqdadır. İzləyici bir neçə saat ərzində zəhmətkeş və istedadlı bir kollektiv tərəfindən hazırlanmış proqramda ölkənin ən müxtəlif peşə adamları, maraqlı insanları ilə "on-line" rejimdə ünsiyyətdə olur, canlı musiqi dinləyir, mədəniyyət və incəsənət adamlarının yaradıcılıq planlarından soraq tutur, maariflənir, bir sözlə, bütün günün xoş ovqatına "Yeni gün"ün müsbət enerjisi ilə köklənir.
Ekrana çıxar-çıxmaz sənətkarlıq işinin səviyyəsi, həzin mövzuları, məhrəm qonaqları ilə böyük bir tamaşaçı auditoriyasının diqqət və rəğbətini ovlamış, könlünü fəth etmiş "Yadigar"lar verilişi qısa bir zamanda özü əbədiyyətə qovuşsa da adı və əməlləri ilə milyonların qəlbində taxt qurmuş fədakar insanların efirdə əbədiləşmiş xatirə abidəsinə çevrilib.
"Salam, əsgər!" Azərbaycan Silahlı Qüvvələrinin hərbi-müdafiə qüdrətindən bəhs edir, Vətənin, torpaqlarımızın keşiyində duran əsgərlərimizin fədakar xidmətindən söz açmaqla gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfəsini verir.
İTV-nin sonbeşik verilişlərindən olan "Media və Zaman" isə cəmiyyət-mətbuat münasibətlərinə, medianın spesifik problemlərinə, sözün cəmiyyətdəki ictimai roluna qiymət verməyə çalışacaqdır.
Xalqın, ictimaiyyətin televiziyası olan İTV bu gün böyük bir izləyici auditoriyaya açılan xitabət kürsüsüdür, maarifçilik məktəbidir, əxlaq, mədəniyyət, mənəviyyat örnəyidir. Onun istehsal etdiyi proqramlar, ortaya qoyulan, belə demək mümkünsə, intellektual əmtəə zamanla yanaşı, seyrçinin də imtahanından keçir. Hansısa proqramlar ömrünü başa vurur, yeni layihələr yaranır. Əsas məqsəd, qayəsə birdir - İctimai Televiziya vətəndaş cəmiyyətinin qurulmasında hər nə qədər yaxından iştirak edirsə, vətəndaş cəmiyyəti də öz maraqlarından çıxış edərək İctimai Televiziyanı formalaşdırır.
Biz həmişə yaxşının adını çəkməli, haqqında danışmalıyıq. Çünki yaxşılıq, xeyirxah əməl həmişə bölünə-bölünə çoxalır, həyatımızı gözəlləşdirir, yaşamağı asanlaşdırır. Bilsəniz, dünyanın buna necə ehtiyacı var?! Və bir ilin tamamında İctimai Televiziyanın böyük və zəhmətkeş kollektivinin hədəflədiyi yaradıcılıq zirvələrinə məhz kimin rəhbərliyi altında ucaldığını söyləmək də, hesab edirik ki, bir həmkar kimi bizim borcumuzdur.
Və zaman göstərir ki, televiziyanı baş hərfindəki nöqtəni atıb rəqəmə oxşatmaqla deyil, zəhmət çəkməklə, əmək sərf etməklə birinci edirlər.