525.Az

Türk siyasətində "yeniləşmə": "qeyri-müəyyənlik zonası"dan çıxış yolları


 

Türk siyasətində "yeniləşmə": "qeyri-müəyyənlik zonası"dan çıxış yolları<b style="color:red"></b>

Türkiyədə son prezident seçkisinin xarici siyasətdə nə kimi dəyişikliklərə səbəb olacağı ciddi müzakirə obyektinə çevrilib.

Mütəxəssislər məsələyə iki səviyyədə – daxili problemlər və geosiyasi şərtlər çərçivəsində yanaşırlar. Gəlinən ortaq qənaət Ankaranın dünya miqyasında söz sahibi olan dövlətə çevrilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün müxtəlif sahələrdə əsaslı inkişafa nail olmaq lazımdır. Lakin təcrübə göstərir ki, müasir mərhələdə çoxlu sayda müxtəlif xarakterli problemlər mövcuddur. Rəsmi Ankara onları aradan qaldırmadan strateji hədəfinə çatmaqda çətinliklər çəkəcəkdir. Bunun üçün isə yeni sistemli xarici siyasət kursu müəyyənləşdirilməlidir.

Dəyişən geosiyasi dinamika: qarşıya çıxan yeni vəzifələr

Yaxın Şərqdə geosiyasi proseslərin intensivliyi azalmır. Regionun ümumi mənzərəsi sürətlə dəyişir. Böyük dövlətlər artıq bunu reallıq kimi qəbul edirlər. Bölgənin bir çox dövlətini əhatə edən mürəkkəb geosiyasi, hərbi və siyasi proseslər meydana cavabını gözləyən suallar çıxarıb. Onların sırasında Yaxın Şərqin böyük dövlətlərinin xarici siyasəti ilə qlobal geosiyasətin əsas prinsiplərinin uyğunlaşdırılması ayrıca yer tutur.

Analitiklər bu kontekstdə Türkiyənin xarici siyasətinə xüsusi maraq göstərirlər. Çünki Osmanlının varisi bu gün də regional miqyasda ciddi siyasi-hərbi, iqtisadi və geosiyasi təsirə malik dövlətdir. Bundan başqa, Türkiyə regionun yeganə ölkəsidir ki, sivil üsulla sürətlə yeniləşir. Onun ətrafında lokal müharibələr bir-birini əvəz edir. Bir sıra ölkələrin siyasi dairələrində dəyişikliklər gedir. Məsələn, İranda Qərbə daha loyal yanaşan Həsən Ruhani prezident seçildi. Ancaq regionda yalnız Türkiyədə sistem miqyasında yeniləşmələr müşahidə edilməkdədir. Qərb analitik və ekspertlərinin diqqətini də məhz bu məqam çəkir.

Onların qaldırdığı əsas məsələnin məzmunu aşağıdakı kimidir: Türkiyə yeniləşə biləcəkmi və ya hansı dərəcəyə qədər yeniləşə biləcək? Ölkənin bu istiqamətdə dəyişməsi prosesində ABŞ türk xarici siyasətinin müstəqilliyini qəbul edəcəkmi? Etiraf edək ki, bu məsələlər üzərində Türkiyə mütəxəssisləri də düşünürlər. Onlar problemə geniş aspektdə yanaşırlar. Həmin kontekstdə meydana maraqlı məqamlar çıxır.

Hər şeydən əvvəl, ekspertlər türk siyasətinin yüksəldiyini qəbul edir, bunu əsrlərdən gələn ənənənin davamı kimi başa düşürlər (bax: məs., Richard Falk. Can the U.S. Government Accept an Independent Turkish Foreign Policy in the Middle East? / "Insight Turkey", cild.16, №1, 2014, s.7-18).

Maraqlıdır ki, bu bağlılıqda Osmanlı xarici siyasətinin transformasiya mərhələləri təhlil edilir və müasir Türkiyə Respublikasında müşahidə edilən dəyişikliklər həmin müstəvidə izah olunur. Məsələn, Əhməd Davudoğlunun xarici siyasət konsepsiyasında yer alan "qonşularla sıfır problem" tezisində Osmanlı siyasətinin elementləri axtarılır (bax: əvvəlki mənbəyə).

Riçard Folk "sıfır problem" formulunun yeni mərhələdə məzmun baxımından dəyişdirilməsini zəruri hesab edir. O, hazırkı mərhələni ikinci faza adlandırır.

Türkiyənin xarici siyasət kursuna bu bucaq altında yanaşsaq, onda Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi faktına xüsusi yer verilməlidir. Əslində, nəzərdən keçirilən məsələ bütövlükdə R.T.Ərdoğanın illərdir ki, həyata keçirdiyi siyasətin bir parçasıdır. Bu məsələ ilə bağlı türk analitiklərinin mövqeyi məlumdur (bax: məs., Ali Aslan. Türk Dış Politikası Eleştirilerinin Açmazları / "SETA Perspektif", №64, avqust 2014). İndi Vestfal sazişi (1648) ilə tənzimlənən beynəlxalq münasibətlər sistemi dəyişir. Yeni mərhələnin geosiyasi məzmunu əvvəlkindən prinsipial şəkildə fərqlənir. Ə.Aslan hesab edir ki, Türkiyənin xarici siyasətində gözlənilən yeniliklərə məhz bu aspektdə baxmaq lazımdır.

Regional liderlik: Ankara yeni siyasi kurs axtarışında

Həmin müstəvidə Türkiyənin xarici siyasətdə hər hansı strateji dəyişikliklər etməsinə ehtiyac qalmır. Əvəzində, Yaxın Şərqdə müşahidə edilən yeniləşmələrlə bağlı çox həssas və balanslı siyasət yeritmək lazım gələcəkdir. Burada əsas məqsəd Türkiyəni dünyada söz sahibi olan dövlətə çevirməkdir. Onu deyək ki, bu fikirlərlə əksər türk mütəxəssisləri razılaşır (bax: Sinan Ciddi. The Erdogan Presidency and Turkey's Political Future / "The Georgetown Journal of International Affairs", 25 avqust 2014). Ancaq bu məqsədə çatmaq üçün Ankara bir çox problemləri həll etməlidir.

Beləliklə, Türkiyənin xarici siyasətində yeni dönəmin başlaması faktiki olaraq onun dünya miqyasında sözü keçən güclü dövlətə çevrilməsi anlamına gəlir. Bu strateji hədəfə nail olmaqda çox şey Türkiyənin prezident üsul-idarəsindən necə yararlana biləcəyindən asılı olacaqdır. Bir sıra ekspertlər hələlik həmin məsələdə tam aydınlığın olmadığını bildirirlər.

Corctaun Universitetinin (ABŞ) professoru Sinan Ciddi hesab edir ki, 2015-ci ilə qədər türk siyasəti "qeyri-müəyyən mərhələdə olacaq" (bax: əvvəlki mənbəyə). Bunun əsas səbəbi Ərdoğan-Gül cütlüyünün uzlaşdırılmış siyasi mövqe ortaya qoya bilməməsi ilə bağlıdır. Mümkündür ki, A.Gül müəyyən məqamlarda R.T.Ərdoğanın siyasi mövqeyi ilə razılaşmasın. Türkiyə prezidentinin fikrinə görə, indiki mərhələdə hər şeydən əvvəl Konstitusiyada dəyişikliklər etmək lazımdır.

Bundan başqa, kürd məsələsi, Suriya, İraq, İran, Misir və İsraillə münasibətlər, enerji layihələrinin reallaşdırılması aktuallıq kəsb edir. Qərb analitikləri hesab edirlər ki, Türkiyə üçün İsraillə əlaqələrin bərpası çox önəmlidir. Hətta bu məsələyə görə Vaşinqton Ankaranın xarici siyasətdə müstəqilliyini qəbul edə bilər (bax: Richard Falk. Can the U.S. Government Accept an Independent Turkish Foreign Policy in the Middle East? / "Insight Turkey", cild.16, №1, 2014, s.7-18).

Təcrübə göstərir ki, rəsmi Vaşinqton bir çox məsələlərdə Ankaraya mane olmur. Ancaq İsraillə ixtilaflarda, yeni raketdənmüdafiə sistemlərinin quraşdırılmasında, İraq, İran və Suriya məsələlərində Türkiyəyə ciddi təzyiqlər edildi. R.T.Ərdoğan həmin məsələlərdə ABŞ-ın şərtlərinə əməl etməli oldu. Deməli, türk xarici siyasətinin Yaxın Şərq aspekti üçün müəyyən "qırmızı xətt" qoyulub. Onları keçməyə icazə verilmir (bax: əvvəlki mənbəyə, s.16-18).

Türkiyə siyasəti üçün növbəti paradoks buradan qaynaqlanır. Çünki dünyada sözü keçən bir dövlət olmağı qarşısına məqsəd qoymuş ölkəyə hər hansı "qırmızı xətt" çəkilməz. Mütəxəssislər bu ziddiyyətin necə həll ediləcəyi üzərində fikirləşirlər. Burada R.T.Ərdoğanın prezident kimi türk siyasətinə nə kimi yeni məzmun gətirəcəyi qabardılır.

Belə çıxır ki, Əhməd Davudoğlunun baş nazir təyin edilməsi təsadüfi deyil. Söhbət bütövlükdə Türkiyənin xarici siyasətində yeni mərhələnin başlamasından gedir. Burada ilk olaraq ölkənin iqtisadi və hərbi cəhətdən daha da gücləndirilməsi aktual məsələ hesab edilir. Rəsmi Ankara həmin istiqamətdə uğur əldə etsə, 2015-ci ilə qədər proqnozlaşdırılan "qeyri-müəyyən siyasi zolaqdan" uğurla çıxacaqdır. Cəmiyyətdə konsolidasiyaya nail olunması isə həmin prosesin davamlılığını təmin edəcəkdir.

Hər bir halda ekspertlər yeniləşən bir Türkiyədən bəhs edirlər. Ankara dünyanın ən güclü dövlətləri sırasına çıxmaq üçün ardıcıl siyasət yeridir. İndiki mərhələ bir çox aspektdə həlledici ola bilər. 2015-ci ildə keçiriləcək seçkilər bu baxımdan çox əhəmiyyətlidir. Yaxın Şərqdə özünü göstərən geosiyasi ziddiyyətləri də nəzərə alsaq, Ankaranın mürəkkəb şərtlər daxilində siyasət yürütməli olacağını söyləyə bilərik. Artıq terrorçuluq və bəzi dövlətlərin aranı qarışdırmaq planları kifayət qədər mürəkkəb vəziyyət yaradıb. "İraq və Şam İslam Dövləti" (İŞİD) adı altında fəaliyyət göstərən təşkilat və kürdlərin bir sıra radikal qruplaşmaları region ölkələri üçün təhdid yaradırlar.

Bundan başqa, böyük dövlətlərin geosiyasi nüfuz uğrunda mübarizəsində yeni məqamlar meydana çıxır. Məsələn, bir sıra Qərb ekspertləri ABŞ və Rusiyanın "müsəlman terroruna" qarşı birləşməli olacağını bildirirlər. Digər tərəfdən, regionun Səudiyyə Ərəbistanı, İran və İsrail kimi dövlətləri liderlik iddiasındadırlar. Misir amilini də kənara qoymaq olmaz. Belə bir şəraitdə Ankara xarici siyasətdə yenilikləri incəliklə həyata keçirməlidir.

Onu da nəzərə almaq lazımdır ki, hazırda geosiyasi vəziyyət kökündən dəyişməkdədir. Daima yeniləşən geosiyasi sistemdə "dəyişmələri idarə edə bilən kurs" formalaşdırmaq lazım gəlir. Mütəxəssislər türk xarici siyasətində məsələnin bu tərəfinə daha çox diqqət yetirirlər. Bəlkə də həmin məqam digərlərindən xeyli əhəmiyyətlidir.

Newtimes.az

 





01.09.2014    çap et  çap et