525.Az

Daha bir “Ulduz”


 

Daha bir “Ulduz” <b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının iyul sayı işıq üzü görüb. Dərgi Balayar Sadiqin jurnalın keçən sayında çıxan materialların təhlilinə həsr olunmuş “Ədəbi eyforiyadan qurtulmaq cəhdi” adlı ekspert yazısı ilə açılır: “Estetik planda “Ulduz” jurnalı uğurlar qazanır. Doğru deyiblər, baş redaktor mətbu nəşrin simasıdır. Qulu Ağsəsin poeziyası kimi, rəhbərlik etdiyi jurnal da öz məxsusi keyfiyyətləri ilə seçilir. Fikrimcə, dərgidə önəmli uğurlardan biri bütün istiqamətlərdə yenilik axtarışlarının gücləndirilməsidir.

 

“Ulduz”un bu sayında təqdim olunan ədəbi-bədii nümunələrin içində çağdaş poeziyamızın görkəmli simalarından biri Adil Mirseyidin avtobioqrafik səciyyə daşıyan “Unio mistika” poeması yüksək poetik məziyyətləri, irfani dəyəri ilə böyük maraq kəsb edir.

 

... İstedadlı gənc şairə Leyla Əliyevanın “Ulduz”un “Şeir vaxtı” rubrikasında təqdim olunan şeirlərində zərif qadın duyğularının, qadın ruhunun səmimi və poetik ehtivası diqqəti çəkir. Bu şeirlərdə zəngin rus poeziyasından gəlmə poetik ritmin, intonasiyanın, şərq təfəkkürünün genetikasındakı poetiklik ilə improvizə olunması çox maraqlı bədii effekt doğurur. Məncə, bu şeirin hər misrasında sevən və iztirab çəkən qadın qəlbinin çırpıntıları duyulur.

 

...Natiq Məmmədlinin bu sayda çap olunmuş “Xəlbir” hekayəsi bir daha onun məxsusi yazıçı üslubuna malik olmasını təsdiq edir.

 

...İstedadlı nasir İlqar Fəhminin rus dilindən çevirdiyi “Meşədə” hekayəsini həvəslə oxudum”.

 

B.Sadiq jurnaldakı digər materiallar haqqında da fikirlərini bildirib. Ekspert eyni zamanda jurnalın bəhs etdiyi sayında müsahibə xarakterli yazıların çoxluq təşkil etdiyini və bunun yeknəsəklik yaratdığını qeyd edib. B. Sadiq bunlarla yanaşı, ümumən jurnalın uğurlarının göz qabağınla olduğunu diqqətə çatdırıb və təkliflərini irəli sürüb: “Təklif edirəm ki, burda çağdaş ədəbi prosesi təhlili edən icmal xarakterli yazılar mütəmadi yer alsın. Ədəbi axtarış aparan müəlliflərə yaşından asılı olmadan jurnalda yer verilsin. Jurnalın ədəbi istiqaməti gənclər təmayüllü olduğu üçün “Səngər” vətənpərvərlik rubrikası da fəaliyyət göstərsin”.

 

Jurnalın iyul sayının “Şeir vaxtı”nda bu dəfə gənc şair Nigar Anın özüylə söhbəti və şeirləri təqdim olunub.

 

Cəlal Bəydilinin təqdimatında “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə polyak şairi, filosof Stanislav Yeji Letsin aforizmləri verilib: “Bəzən canımı qorxu alır, birdən cənnətdə olarıq ha?/ Bəzən də ancaq səhnədən düşəndən sonra bilirsən ki, hansı rolu oynayırdın./ Bizi Söz yaradıbdı, biz də, bax, ondan qisasımızı alırıq./ Düşmənlərini əfv et. Heç nə onları bunca hiddətləndirə bilməz./ Səni onsuz da satacaqlar, çalış qiymətini qaldır./ Vicdanı tər-təmiz idi, onu heç işlətməmişdi./ Səni eşitsinlər deyə bəzən susmağının da faydası vardır...”

 

Dərgidə Xanəmir, Aida Aysa, Rəsmiyyə Sabir, Şəfəq Sahiblinin şeirləri dərc edilib.

 

Qulu Ağsəsin 2005-ci ildə qələmə aldığı, “Anım” rubrikasında verilən “...Mərtəbənin adamı” yazısında Yazıçılar Birliyinin mərhum katibi, şair Arif Əmrahoğlundan bəhs olunub.

 

“Ulduz” bu sayında “Ədəbiyyat qəzeti” ilə birgə bu dəfə esse tərcüməsi ilə bağlı “Variasiya”ya start verib. Xaruki Murakaminin essesini tərcümə edənlərin yazılarını ekspert Yaşar nəzərdən keçirib qalibi müəyyənləşdirəcək.

 

Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın moderatorluğu ilə keçirilən “Diskussiya klubu”nun bu dəfəki “7 (oğul) +1 (qız)” layihəsində Vasif Zöhraboğlu, Elşən Əzim, Elxan Yurdoğlu, Elşad Barat, Qabil Ədalət, İntiqam Yaşar, Ruslan Dost Əli və Fəridə iştirak edib.

 

“Ulduz”un kollektivi adından “Köhnə ulduz: Ədalət Həsən “ yazısını Təranə Vahid qələmə alıb.

 

Nəsrlə maraqlananlar jurnalda Müşfiq Şükürlünün “Çirkin qız və qara xoşbəxtlik”, Narıngülün “Gecikmiş” hekayələrini oxuya bilərlər.

 

Vahid Qazinin “Oginskinin melodiyası” yazısında isə İsveç təəssüratlarından bəhs olunub.

 

Hicran Hüseynovanın təqdimatında bu dəfə “Asan xidmət”də Araz Gündüzün təqdimatında M.Saltıkov Şedrinin “Liberal” hekayəsi öz əksini tapıb.

 

Xosrov Natil “Çilov-iydə ətirli ada” yazısında adıçəkilən ada ilə bağlı ovqatını sözlə təsvir edib.

 

“Tərcümə saatı”nda Təhminənin tərcüməsində Rey Bredberinin “Məhəbbət hekayəsi” var.

 

“Ulduz” jurnalı ilə ayb. az saytının birgə  “Ədəbiyyat üzrə Nobel mükafatları” layihəsində İlham Abbasov Knut Hamsunun həyat və yaradıcılığını incələyib.

 

“Dərgidə kitab” layihəsinin qonağı şair Dilqəm Əhməddir. Layihədə müəllifin “Troyaya”, “Metamorfoz”, “Aytən”, “Elə məsumsan ki”, “Muza”, “Eramızdan əvvəlki arzum”, “Erosa üsyan”, “Büt”, “İnqilabçının son borcu”, “Mən bir qarışqayam”, “Ayrılığı hiss edən daraqlar”, “Yalnızlıq və ateizm”, “Separat sevgilər”, “Əlif”, “Əsgər məktubu”, “Yağışına yaz”, “Şərqin sevgi qoxusu” şeirləri dərc edilib.

 

S.MÜRVƏTQIZI
 





01.09.2014    çap et  çap et