525.Az

Qabil Hüseynli: “ABŞ-da heç bir ştatın qondarma respublikaları tanımaq səlahiyyəti yoxdur”


 

Qabil Hüseynli: “ABŞ-da heç bir ştatın qondarma respublikaları tanımaq səlahiyyəti yoxdur” <b style="color:red"></b>

“Kaliforniya ştatının, yaxud da digər hər hansı ABŞ ştatının tanınmayan, separatçı, qondarma respublikaların tanınması üçün qətnamə qəbul etmək səlahiyyəti yoxdur”.

Bu barədə politoloq Qabil Hüseynli ABŞ-ın Kaliforniya ştatının Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibətini bildirərkən deyib. Politoloq qeyd edib ki, belə təşəbbüslər Amerika Senatının, Konqresinin, yaxud da prezidentinin əlində ola bilər:

“Ümumiyyətlə, Kaliforniya ştatının Senatının qəbul etdiyi qərar hüquqi nöqteyi-nəzərdən əsaslandırılmamış qərardır və heç bir hüquqi qüvvəyə malik deyil”. Qabil Hüseynli onu da xatırladıb ki, Kaliforniya ştatı ermənilərin ən çox yaşadığı ştatlardan biridir və sirr deyil ki, erməni lobbisi sözügedən qətnaməni satın alıb:
 
“Digər tərəfdən, o da bəllidir ki, bu ştatda xeyli erməni yaşayır. Ona görə də bu qərarın verilməsi onu göstərir ki, Amerikada erməni lobbisi güclü təsirə malikdir və ABŞ-ın xarici siyasətinə müəyyən təzyiqlər edə bilir. Bu həm də onu göstərir ki, sözügedən qətnamənin qəbul edilməsi siyasi korrupsiyanın mövcud olması deməkdir. Orada hər şey, eləcə də siyasət alınıb-satılır. Ona görə də Kaliforniya ştatının Senatında səs verən deputatların da satın alınması şübhəsizdir. Yəni erməni lobbisi bu qərarı satın alıb”. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı mövqeyini açıqlayıb.

XIN hesab edir ki, Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı qəbul etdiyi sənəd kağız parçasından başqa bir şey deyil. Nazirliyin açıqlamasında vurğulanıb ki, erməni mətbuatının təqdim etməyə çalışdığı kimi, bu sənəddə Dağlıq Qarabağ hansısa respublika kimi tanınmır və senatın belə bir tanıma hüququ da yoxdur. XİN-in rəsmi nümayəndəsi Elman Abdullayevin sözlərinə görə, bu fakt həmin sənədin qəbul edilməsinə səs verən senatorların dürüstlüyünü şübhə altında qoyur ki, bu da ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi sayəsində mümkün olub:

“Kaliforniyalı senatorlar bu qətnaməyə səs verməklə Azərbaycan torpaqlarının işğalını dəstəkləməyə çağırıblar ki, bu da beynəlxalq norma və prinsiplərə ziddir. Kaliforniyadakı senatorlar erməni təbliğatının qurbanıdır. Onlar erməni icmasının maliyyə təsiri altındadırlar. Qəbul olunan sənədə 40 senatordan 17-i, o cümlədən Senat prezidenti də səs vermədən imtina edib. Sənəd deklorativ xarakter daşıyır və heç bir hüquqi qüvvəsi yoxdur. Ancaq erməni tərəfi bunun üzərində yalançı təbliğat qurmağa, başda radikal erməni lobbisi olmaqla sadə erməniləri hər zamankı kimi aldatmağa çalışırlar. Bu yalanları biz – Azərbaycan tərəfi ifşa edəcəyik”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni KİV-ləri isə bunu Kaliforniya ştatının “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” “tanınması” kimi qələmə veriblər. Məsələ ilə bağlı artıq Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bu gün Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb.

 

PƏRVANƏ
 





01.09.2014    çap et  çap et