525.Az

Elmar Vüqarlının şeirləri


 

Elmar Vüqarlının <b style="color:red">şeirləri</b>

Elmar Vüqarlı  (Əliyev) - 1986- ildə Gəncə şəhərində doğulub. Görkəmli Azərbaycan şairi mütəfəkkiri Mirzə Şəfi Vazehin nəslindəndir.

2003-2007-
ci illərdə "Azərbaycan" Universitetinin filologiya fakültəsində təhsil alıb. İlk şeirlər toplusu "Yanan sükut" 2006- ildə "Adiloğlu" nəşriyyatında kitablaşdırılıb. 2006- ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə "Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi" ilə təltif edilib.

Əsasən Batıda sufizmin yayılmasını araşdırır. 2010-cu ildə Batının ilk Mövləvi Şeyxidir. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən "Threshold Sufi Cəmiyyəti"nin fəxri üzvü seçilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən "Bölgə yazarlarına dəstək" layihəsi çərçivəsində "Bölgələrdən səslər" kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılıb.        


Prezident təqaüdçüsüdür (2013). Eləcə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının iştirakçısı olub.


Dövri
mətbuatda şeirləri, tərcümələri tənqidi məqalələri müntəzəm dərc edilir.    


Hazırda
Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı Aparatında baş məsləhətçi vəzifəsində işləyir.

  

Hər şey köhnəlib

 

Gözlərimi yumub unuduram incikliyi,

Bağışlayıram sənə bağışlamaq olmazları...

Susursan!

Ürəyin soyudumu nifrətdən?

İstəyincə geyindinmi qarasını

hər şeyin?!

Əndərdinmi qarğışını sükutun qulağına?

Bunda təzə var ki...

Olanlar da belədi:

göydəndüşmə, yerdənqalxma,

hər şey tanış, doğma...

Qara yellər ağı oxuyur pəncərələrdə,

Gözə dəymir kimsə sakinsiz küçələrdə.

Qaranlıq, səssizlik çöküb hər yana,

Taleyim qarışıb sisə, dumana.

Külək xəzəlləri dağıdır,

oynadır, uzaqlara atır.

Hamı mürgüləyir, hamı yatır.

Bu tənhalığın ortasında

özümü asmaq istəyirəm özümdən.

Çıxartmaq istəyirəm

boz surətimi üzümdən.

Biganə yalnızlığımdan dağılmış

dünyamın əsəbləri,

intihar həddindəki varlığım

qaranlıq yoxluğa tələsir.

Qışqırıram gecəyə, -

amma tənhalığımı duya bilmir o,

heç nəyi guya bilmir o.

Bu payız damı göz yaşları...

Yenədəmi bu küçəni o baş,

bu baş gəzəcəm,

yenədəmi söyəcəm hər şeyi,

itirib-tapacam özümü,

siləcəm əlimin arxası ilə üzümü...

Yığılıb boğaza həsrətim,

kirlənib üstüm-başım.

Boşla göz yaşlarını küləklərə.

Mən ki şeir yazmıram!

Mən ki hisslərimi danmıram!

Gəl evinə dön, əzizim, yuvana..

Bunlar köhnəlib, çox köhnəlib.

Hər şey köhnəlib!

Sən , mən köhnəlmişik!

Xəzərlən qəlbimdə

 

Bəyaz gecələrin qoynunda

sevimli körpələrtək

əzizlən, oxşan!

Mürgü yuxulardan süzülüb gələn

zülmətli işıqsan,

aydınlan, nurlan!

Gəl susma,

gül,

danış,

unut hər şeyi,

Xəzərlən qəlbimdə, ey əziz Neva!

Xəzan gəncliyimi boğub suyunda

ağlat gözümdəki donmuş yaşları!

Axı sən bilirsən -

Ruhumda boşluğu doldurmaq üçün

qəlbimdən nəyisə boşaltmalısan,

ağlat,

göz yaşlarım qoy yusun onu,

bu hissin adı,

ünvanı var...

Bu tutqun səmanın altında səssiz

öpüşək, dərdləşək qərib dost kimi.

Keçib hər şeyimdən alt-üst dünyamla

atıram ruhumu sənə daş kimi!

Xəzərlən qəlbimdə, ey əziz Neva!

 

Məndəsən bu səhər

 

Məndəsən bu səhər

tənimdə can kimi,

məndəsən bu səhər

yaşanmış zaman kimi...

Yerdə, göydə - hər yanda

səni görürəm gözsüz,

mənimlə danışırsan

həm kəlməsiz, həm sözsüz.

İçimdə yollar gedər

yoluna qovuşmağa,

ürək atar qəmini

sonuna qovuşmağa.

Ey mənim varlığım,

yoxluğum qidası,

sevincimin, kədərimin,

əzabımın, fərəhimin

Mayası!

Dünyanı əldən salan

qanlı müharibələrdən,

"izm"lərə dolaşmış

yarıtmaz nitsşelərdən,

qafamı alt-üst edən

bayağı nəğmələrdən,

özünə tərif deyən

kişicik gədələrdən,

zəhlətökən, içiboş,

çürük düşüncələrdən,

açılması zor olan,

düyünsüz düyünlərdən

rahatlıq tapmaq üçün

üz tutmağa yerim var:

ora çayxana,

bar,

sauna-masajdır;

məsciddir,

kilsə,

başqa kitabdır!

Ovunduğum o məkan -

Sənlə dolu ürəyim!

Həm varlığın özüdür,

həm Özüdür ürəyim!

Quşların cəh-cəhinə,

burax, qarışsın səsim,

oxusun əsim-əsim:

Məndəsən bu səhər

tənimdə can kimi,

məndəsən bu səhər

yaşanmış zaman kimi...

 

Amma sən yoxsan

 

İlk kəz bu şəhərdəyəm,

bu şəhər sənin şəhərindir;

yollarında izlərin,

səslərində sözlərin,

havasında nəfəsin var...

Bu şəhərin hər yerində sən varsan,

bu şəhər sənin şəhərindir.

Yanlızlığıma lay-lay deyən

köhnə qramafon səslənir

yaxın məhəllələrin dərinliyində,

yuxuya dalıb bu şəhər

gecənin mürgüləyən həzinliyində.

Qulaqlarımda uğuldayan küləklərlə danışır

xəyallarım,

sıxır məni həsrət dolu,

sürgün dolu suallarım.

Yanaqlarımda yaşlar,

ürəyimdə illər ağrısı,

ciyərlərimdə vərəm...

darmadağın, pərən-pərən

səni gəzirəm bu şəhərdə,

amma sən yoxsan!

Öskürək kimi boğur sənsiz arzular,

tövşüyən nəfəsim gecəyə, çənə qarışır,

həsrət mahnısı qoparır ayaqlarım

toxunan yollar,

ürək yoxluğunla necə barışır?!

Amma sən yoxsan...

Axı bu görüşə gəlmədin

son dəfə olsa, halımı görmək üçün,

demək mən gecikmişəm mən

əlvida demək üçün!

 

Tablo

 

Gözəgörünməz,

sözəgörünməz

bir çərçivədəyəm...

Ayaqlarımın altında

həyat qarışıq torpaq,

başımın üzərində

sonsuzadək uzanan

boşluqlar,

düşüncəmdə

iztirablar...

Bu tabloya baxıb

sevinir,

kədərlənirəm,

dəlicəsinə ağlayır,

gülürəm;

aldığım təəssüratdan

bir şeyi bilirəm ki,

parça-parça

ölürəm!

 

Dağlar sinəsini verib günəşə

 

Dağlar sinəsini verib günəşə,

Qışın ayazını atır canından.

Səsini başına almış bir kəndli

İnəyin çıxarda bilmir damından.

 

Düşüncəm tər-təmiz, qəlbimdə sevinc

Baxıram səmanın dərinliyinə.

Kəndlinin dilində tənəli söyünc

Qarışıb baharın həzinliyinə.

 

Taqqataq salıbdır ağacdələnlər,

Lap nazlı gözələ bənzəyir meşə.

Sevincdən min hala düşən ürəyim

Qayıtmaq istəmir bir keçmişə.

Mən nələr çəkmişəm, nələr görmüşəm

Bu mənhus göylərin altında, Allah!

Hələ ayaqdayam, əyilməmişəm,

Oxşayır könlümü nəğməli sabah.

 

Bülbüllər oxuyur başımın üstdə,

Hardasa, uzaqda ildırım çaxır.

Zirvədən süzülən, yol alan bulaq,

Elə bil, od tutan qəlbimə axır.

 

Qələm məhəbbətlə öpür kağızı,

Gəncliyin eşqilə dalmış duaya.

İnamla sancılan bellərin ağzı

Xam şumun ətrini yayır havaya.

 

Şişəklər, toğlular, əmlik quzular

Qaçışır dağlara, düzlərə sarı.

Çoban tütəyində quştək çırpınır

Bir xalqın sevinci, iztirabları.

 

Vallah, qəlbimdədir səma da, yer

Ən əziz, ən doğma bir sirdaş kimi.

Hələ açılmamış neçə səhərlə

İndidən uçuram azad quş kimi.

 

Qoy sussun mənasız, sönük nəğmələr,

Nakam xatirələr kimə gərəkdir!

Ömür bağçasına xəzan da gələr,

Həyat təlatümlü, sirli ürəkdir!

 

Qanadı sınsa da, ölməsin ümid,

Ey insan, hər dərdə sən ki dözürsən...

Ana təbiəti bağrına bas ki,

Sən onun varlığı, onun özüsən!

 

Ovsunla məni

 

Gücün çatana qədər

Basıb bağrına bərk-bərk,

Başaçılmaz, dumanlı,

Gözoxşayan sehrtək

Ovsunla məni.

Bu gözəllik, bədən?

Gözlər əl çəkmir səndən,

Səni

xəlq edən Xaliq

Belə yaradıb nədən?

Hurisənmi?

Mələksənmi?

Göydən yerə enmisənmi?

Bir-birinə dəyir fikrim,

Dilimdən düşməyən zikrim,

Ovsunla məni.

Sinirləri tarım çəkən

Ən həssas bir duyğu kimi,

Sevinc kimi, qorxu kimi.

Düşüncəni tar-mar qoyan

Qəfil sarmış yuxu kimi

Ovsunla məni.

Gül üzünü görsün bütün

qədər var güllər solsun,

Hansı sözü tapım deyim,

O, vəsfinə layiq olsun,

Sözlər sənə layiq olsun.

Əlimdəki sınıq badə

Ümidverən sevinclərlə,

Eşqin ilə yenə dolsun,

Xumarlansın xəyallarım,

dalsın nurlu səhərlərə

ilhamımı çapıb, yorsun.

Vallah, inan, inan mənə,

Taqətimi kəssən belə,

Ruhən, cismən üzsən belə,

Dərinləşdir sevgimi sən,

Çevir onu qəm-əzaba,

Dön tilsimli bir şəraba,

Susat qəlbi damla-damla

Ruhumdakı o şəraba.

Ovsunla məni,

Ovsunla məni,

Məni ovsunla... 

 

Allah, yadımdadır

 

Ata nənəmin əziz xatirəsinə

Allah, yadımdadır möhrə evi ,

Mənim uşaqlığım orda başlayıb,

Mənim uşaqlığım orda saralıb.

Təzə ayaq tutan,

Təzə dil açan

Könlümün ilk sevinc işartıları

Atamın qəfildən vəfatı ilə

Elə o evdə sönüb, qaralıb.

 

Allah, yadımdadır xoş təbəssümü,

Ölsəm unuda bilmərəm onu,

İnsan itkisində ruhən bərkimiş,

Varlığı, yoxluğu dərd eləməyən

Həzin nəğmə idi ilk məhəbbətdən,

Həzin nəğmə idi Əbədiyyətdən.

 

Allah, yadımdadır hər bir kəlməsi,

Tarix nəfəsində dilə gələrək

Gah söhbət açardı 37-dən,

Gah da söz salardı neçə dəhşətdən,

Bəzən susqunluqla, köks ötürməklə,

Bayatı çağırıb, ağı deməklə

Özü utanardı bu qiyamətdən,

Gözümdə düşərdi dünya qiymətdən,

Gözümdə düşürdü dünya qiymətdən.

 

Allah, yadımdadır ilk şeirim ,

Uca çinarlara yazmışdım onu.

Açıb ürəyimi, açıb hissimi

İlk dəfə nənəmə demişdim onu.

 

Allah, yadımdadır, sevindiyindən

Gözləri gülmüşdü, sözü gülmüşdü.

Mənim qələmimin doğum gününü

Ömrünün ən gözəl günü bilmişdi.

 

Sən şair könlümü sevib oxşadın,

Mənə qanad verdin uçam Göylərə.

Hər həzin nəğməmi öpdün, qoxuladın,

Özünə bir şeir ummadın yenə.

Canlı nəğmə bildim səni ruhuma,

Dilimdən heç zaman onu salmadım,

İndi göz yaşımda islanan günlər,

Mən sənin qeydinə çox vaxt qalmadım.

Dalıb bu dünyanın min bir üzünə

Deyərdin, hər dərdi insan götürür.

Ay nənə, qəbul et, məzarın üstə

Vüqarlı tər güllər yerinə bu gün

Sənə yazmadığı şeiri gətirir.

Elmar Vüqarlı

 





02.09.2014    çap et  çap et