525.Az

Britaniya generalının Bakı gündəlikləri


 

Britaniya generalının Bakı gündəlikləri

(Bakının azad edilməsinin 94 illiyinə həsr olunur)

Rusiya imperiyasının süqutundan sonra, xüsusən də 1918-ci ildə Bakı uğrunda mübarizə özünün son həddinə çatmışdı. “Qırmızı” və “ağ” ruslar, ingilislər, almanlar Bakıya, daha doğrusu, Bakı neftinə sahiblik uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Öz maraqlarını güdərək bu qüvvələrin hər birinin işinə yaramağa və pay bölgüsündən kənarda qalmamağa can atan ermənilər də hər vasitə ilə Azərbaycan paytaxtında mövqelərini möhkəmləndirməyə çalışırdılar. Başlıca  məqsəd strateci sərvətlərə sahiblənmək üçün Bakını onun həqiqi sahiblərinin - Azərbaycan türklərinin əlindən birdəfəlik almaq idi. 1918-ci ilin martında erməni-bolşevik alyansının törətdiyi dəhşətli soyqırımı da bu məqsədə xidmət edirdi.
Azərbaycan istiqlaliyyətinin elanından sonra bolşevik-daşnak alyansının xalqımıza qarşı mübarizəsi daha kəskin, amansız xarakter aldı. Müstəqilliyin ikinci həftəsi - iyunun 6-da Azərbaycanın işğal altındakı təbii-tarixi paytaxtı Bakıda Şaumyanın rəhbərlik  etdiyi Bakı Xalq Komissarları Sovetinin hərbi və dəniz komissarı Q.Korqanov (Korqanyan - V.Q.) Gəncə üzərinə hücum əmri verdi. Tiflisdə qurulan milli hökumətin tezliklə müvəqqəti paytaxt kimi bu şəhərə köçəcəyini və Azərbaycan uğrunda həlledici mübarizənin buradan başlayacağını anlayan bolşevik-daşnaklar qabaqlayıcı zərbə endirmək istəyirdilər. Digər tərəfdən, 1905-ci il milli oyanışından sonra Gəncə Azərbaycan ruhunun daim ayaqda durduğu ciddi müqavimət mərkəzi sayılırdı. Bakıda özünü təhlükəsiz şəraitdə və vəziyyəti ağası kimi hiss etmək üçün Gəncəyə nəzarəti ələ almaq lazım idi. Belə şəraitdə Azərbaycan Cümhuriyyəti hökuməti siyasi iradə və uzaqgörənlik göstərərək mübarizənin önündə olmaq üçün Tiflisdən Gəncəyə hərəkət etdi. 

Ümumi sayı 13 min nəfərə çatan, əsgər və zabitlərinin böyük əksəriyyəti “Daşnaksütyun” partiyası mövqelərində dayanan ermənilərdən ibarət Qırmızı ordu hissələri iyunun 12-də Hacıqabul istiqamətindən hərbi əməliyyatlara başladılar. İki gün sonra onlar Kürdəmir stansiyasını ələ keçirmiş, bir həftə sonra isə Göyçaya çatmışdılar. Asan qələbələrdən sərməst olub eyforiyaya qapılan Şaumyan iyunun 16-da Moskvaya, Leninə göndərdiyi teleqramda yazırdı: “Qoşunlarımızın əhval-ruhiyyəsi gümrahdır, intizam nümunəvidir. Ordumuz və donanmamız Sovet hakimiyyətini qəhrəmancasına müdafiə edəcək”.

Lakin iyunun 17-də müvəqqəti paytaxt Gəncəyə köçən, bundan təxminən iki həftə əvvəl isə qardaş türk xalqı - Osmanlı imperiyası ilə dostluq və əməkdaşlıq müqaviləsi imzalayan Azərbaycan Cümhuriyyəti hökuməti həm bütün daxili resursların səfərbərliyə alınması, həm də qardaş Türkiyənin yardımı ilə düşməni durdurmağı bacardı. Nazirlər Şurasının qərarı ilə iyunun 20-də bütün ölkə ərazisində hərbi vəziyyət elan olundu. Göyçay yaxınlığında iyunun 27-dən iyulun 1-nə qədər davam edən qanlı döyüşlərdə Qafqaz İslam ordusu bolşevik-daşnak qüvvələrini tutduqları mövqelərdən vurub çıxardı və geri çəkilməyə məcbur etdi. İyulun 2-də Ağsu, iyulun 10-da üç günlük mübarizədən sonra Kürdəmir azad edildi. Cəbhənin sağ və sol cinahlarında türk əsgərləri, mərkəzdə isə polkovnik Səlimovun komandası altında yeni yaranmış Azərbaycan hərbi birləşmələri döyüşürdü. Daşnakların qaçması, qırmızılar arasında hökm sürən xaos və anarxiya, ən başlıcası isə türk əsgərinin şücaəti və savaşlarda doğulan milli ordunun əzmi  nəticəsində cəbhə xətti sürətlə Bakıya yaxınlaşmağa başladı.

Sovet Rusiyası diplomatik yolla - Brestdə sülh sazişi imzaladığı Almaniya vasitəsi ilə Azərbaycan-türk qüvvələrinin Bakı üzərinə yürüşünü dayandırmağa çalışırdı. Müqabilində isə almanlara neft vəd olunurdu. Stalin Lenindən aldığı təlimat əsasında Şaumyana göndərdiyi 8 iyul 1918-ci il tarixli məktubda  bu məsələdə güzəştə getməyin mümkünlüyünü və vacibliyini vurğulayaraq yazırdı: “Almanlar Bakının bizdə qalmasına razıdırlar. Amma bunun müqabilində müəyyən qədər neft istəyirlər. Təbii ki, onların “xahişini” yerinə yetirə bilərik”.
Almaniya Bakı neftinə yiyələnmək, yaxud da ondan əhəmiyyətli pay almaq naminə dünya savaşındakı müttəfiqi Osmanlı imperiyasını bolşeviklərlə dəyişməyə hazır idi. Tiflisdəki alman diplomatik nümayəndəsi (1934-1941-ci illərdə Almaniyanın SSRİ-də səfiri - V.Q.) Fridrix fon Şulenburq hökumətinin  məsələ ilə bağlı ümidlərini ifadə edərək yazırdı: “Ümumilikdə türklərin Bakını ələ keçirmək imkanları çox şübhəli görünür. Ehtimal ki, ( bu bizim üçün ən məqbul variantdır) məğlub olacaqlar. Əgər bolşeviklərlə anlaşa bilsək, o zaman Bakı neft mədənlərini və şəhərdəki neft ehtiyatlarını tam nəzarətə götürə bilərdik. Yox, əgər onlar (bolşeviklər -V.Q.)  niyyətlərini həyata keçirə bilməyib şəhəri tərk etməli olsalar o zaman bütün Bakıya od vurub yandıracaqlar. Nəticədə nə türklər, nə də biz neft ehtiyatlarından yararlana biləcəyik”.

Almaniya Sovet Rusiyası iş birliyi şəraitində Bakı neftinə sahiblənmək planını gerçəkləşdirməyə müvəffəq olmadı. İyulun 20-də Qafqaz İslam ordusu bolşevikləri Şamaxıdan vurub çıxardı, bir neçə gündən sonra isə Bakının faktiki  mühasirəsi başlandı. Bu da öz növbəsində tarixi Azərbaycan şəhərində süngülər üzərində qurulmuş daşnak-bolşevik hakimiyyətinin məntiqi sonunu sürətləndirdi. İyulun 25-də “Azərbaycanın müstəqilliyini istəyənlərə xarabazarlıq” vəd edən Şaumyan və əlaltıları siyasi səhnədən çəkilmək məcburiyyətində qaldı. Bakı Sovetindəki eser, menşevik və daşnak bloku kiçik səs çoxluğu ilə “İngilislərin Bakıya çağırılması və bütün sosialist partiyalarının təmsilçilərindən ibarət hakimiyyət formalaşdırılması” adlı qətnamənin qəbuluna nail oldu.
İki gün sonra Şaumyan Leninə göndərdiyi teleqramda vəziyyətin son dərəcə ağır olduğunu göstərərək ingilislərin Bakıya dəvət edilmələri ilə bağlı qərarın  həm ordu, həm də mülki əhali arasında  böyük ruh düşkünlüyü yaratdığını bildirir və yardım istəyirdi: “Bakını Rusiyadan ötəri qoruyub saxlamaq üçün təcili qoşun göndərilməsi zəruridir. İsrarla xahiş edirəm: nizami qoşun hissələrinin gətirilməsi üçün təxirə salmadan tədbirlər görün. Bizə qarşı nizami türk ordusu vuruşur. Orada alman təlimatçılar da var”. Göründüyü kimi, nəyin bahasına olursa olsun Bakını əldə saxlamağa çalışan Şaumyan öz bossunu aldatmaqdan da çəkinmirdi. Çünki almanlar az öncə də göstərdiyim kimi Azərbaycan paytaxtı uğrunda savaşda türklərin dostu və müttəfiqi deyil, rəqibi idilər. Şulenburqun da etiraf etdiyi kimi, Qafqaz İslam ordusunun məğlubiyyəti almanlar üçün daha məqbul variant idi.

Alman müttəfiqlərinin istəyindən asılı olmayaraq Sovet Rusiya tərəfdarları mübarizə meydanından çəkilmək məcburiyyətində qaldılar. Lakin bu hələ milli hökumətin qələbəsi deyildi. Çünki Bakıya nəzarət bolşeviklər kimi Azərbaycan türklərinin maraqlarını təmsil etməyən, şəhəri eser Rusiyasının tərkibində saxlamağı qarşısına məqsəd qoyan növbəti qısa ömürlü hərbi-siyasi qüvvənin - elmi ədəbiyyatda Sentrokaspi diktaturası adı ilə tanınan Xəzər hərbi donanması mərkəzi komitəsinin və onun erməni müttəfiqlərin əlinə keçdi. Yeni hakimiyyətin ilk addımı general Denstervilin başçılığı altında bir neçə aydan bəri İranda marığa yataraq  “öz saatını” gözləyən ingilis hərbi qüvvələrini Azərbaycana çağırmaq oldu. Bakı nefti uğrunda mübarizəyə Britaniya  imperiyası da qoşuldu.

General Denstervil və
“Densterfors”
 
Özünü Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel Çarlz Denstervil (1865-1946)  Londonda doğulmuş, ilk təhsilini Britaniya ordusu üçün hərbi qulluqçular hazırlayan Devon məktəbində almışdı. Məktəb illərindəki yaxın dostlarından biri gələcəyin görkəmli yazıçısı, Nobel mükafatı laureatı Rediard Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də sinif yoldaşlarının bu dövrdəki həyatından söz açan avtobioqrafik “Stalki və dəstəsi” romanında əsas qəhrəmanının - diribaş Stalkinin prototipi kimi Denstervilli təsvir etmişdi.
O, hərbi xidmətə 1884-cü ildə Britaniya silahlı qüvvələrində başlamışdı. Sonra Hindistandakı müstəmləkə ordusuna dəyişilmiş, indiki Pakistan ərazisində və Çində xidmət etmişdi. Birinci Dünya müharibəsini Hindistanda qarşılamışdı.

1917-ci il dekabrın 24-də Hindistanın şimal-qərb sərhədindəki piyada briqadasının komandiri polkovnik Denstervil  təcili şəkildə müstəmləkə ordusu qərargahına (Dehli) gəlmək barədə gizli əmr almışdı. Bu əmr təsadüfi xarakter daşımırdı. Bir gün əvvəl, dekabrın 23-də Parisdə keçmiş Rusiya imperiyasının nüfuz dairələrinə bölünməsi ilə əlaqədar gizli ingilis-fransız konvensiyası imzalanmışdı. Konvensiyanın şərtlərinə görə Don hövzəsu, Qafqaz və Türküstan britaniyalıların “hərəkət sferasına” daxil edilmişdi. Hərbi, siyasi və iqtisadi baxımdan böyük əhəmiyyətə malik olan bu regionlara nəzarət Britaniya hökumətinin strateci planlarına daxil idi. Polkovnik Denstervil də məhz bu səbəbə görə birdən-birə yada düşmüşdü.

Çar Rusiyasının süqutu ilə yaranan hərbi-siyasi vəziyyət qarşıya Böyük Britaniya müstəmləkələrinin və imperiya maraqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoymuşdu. Hərbi nazirlikdə Vilyam Robertson və Lord Kerzonun rəhbərliyi altında fəaliyyət göstərən “Şərq komitəsi” alman-türk qüvvələrinin imperiya maraqlarına təhlükə törədə biləcək  planlarını önləmək üçün  xüsusi hərbi missiyalar yaratmağa başlamışdı. General-mayor Vilfrid Mallesonun missiyası İran-Əfqanıstan sərhədinin şimal hissəsini, Məşhəd şəhərini və Zakaspi dəmiryolunun mühüm qovşaqlarından olan Aşqabadı qorumalı idi. General Georg Makkartninin missiyasına Rusiya və Çin Türküstanı (Kaşqar) arasında sipər qüvvə rolunu oynamaq vəzifəsi həvalə edilmişdi. Denstervil isə Ənzəli və Bakı limanlarına, Xəzərin qərb sahillərinə nəzarəti təmin etməli, Tiflisdə Müttəfiq dövlətlərlə iş birliyinə girmək istəyən qüvvələrlə əlaqə yaratmalı idi.

Növbəti il yanvarın ilk günlərində ona general-mayor rütbəsi və tarixə “Densterfors” (“Denstervil ordusu” -V.Q.) adi ilə düşən elitar hərbi birləşməni formalaşdırmaq tapşırığı verildi. Təşkilinə bir neçə gün sonra  Bağdadda başlanan, İranda davam etdirilən və Bakıya daxil olan zaman  ümumi sayı təxminən 1000 nəfər əsgər və zabitdən ibarət qrupun tərkibinə Mesopotomiya və Qərb cəbhələrinin seçmə hissələrinin hərbi qulluqçuları daxil edilmişdi. Burada britaniyalılarla yanaşı avstraliyalı, kanadalı və yeni zelandiyalılar da vardı. Qrupun adı komandanın -general Lionel Denstervilin soyadından götürülmüşdü. 

Hərbi missiyanın təşkilindən məqsəd Qafqaza və Mərkəzi Asiyaya can atan alman-türk qüvvələrinin Böyük Britaniya müstəmləkələri, ilk növbədə Əfqanıstan və Hindistan üçün yarada biləcəkləri mümkün təhlükənin qarşısını almaq idi. Rusiya Birinci Dünya müharibəsindən çıxdıqdan sonra bu təhlükə daha real görünürdü. “Densterfors” İran ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan, xüsusən də regionda alman təsirinin daha nəzərəçarpacaq şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və mənafelərini qorumalı idi. Bu məqsədə çatmaq üçün hərbi kəşfiyyat məlumatının toplanması, yerli hakimiyyətlərlə əlaqə qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi tələb olunurdu.
“Azərbaycan türkləri” kitabının müəllifi, amerikan tarixçisi Odri Aldştadın yazdığına görə, Britaniya imperiyasının Cənubi Qafqazla bağlı planlarının məruz qaldığı dəyişikliklər nəticəsində yuxarıda sadalananlarla yanaşı general Denstervilin üzərinə bir sıra digər vəzifələr də qoyulmuşdu. Bunlardan birincisi Bakını ələ keçirdikdən sonra şəraitin tələblərinə uyğun şəkildə neft mədənlərini nəzarətə götürərək qorumaq, yaxud da zərurət yarandığı təqdirdə onları məhv etmək idi. Digər vəzifələr sırasına bolşeviklər barəsində mümkün qədər ətraflı məlumat toplamaq, Qafqazdakı erməni hərbi birləşmələrinin Osmanlı imperiyasına qarşı silahlı mübarizəsini təşkil etmək və əlaqələndirmək daxil idi. Yenə də O.Aldştadın yazdığına görə real hakimiyyətdə olmasa da, Bakıda söz sahibi sayılan Şaumyan hələ fevral ayında “Densterfors”un Azərbaycan ərazisindən keçərək Tiflisə getməsinə razılıq vermişdi. Şaumyanın və “erməni partiyasının” Bakıya nəzarəti əldə saxlamaq üçün istənilən qüvvə ilə əməkdaşlığa hazır olduğunu nəzərə aldıqda, bu məlumat həqiqətdən o qədər də uzaq görünmür.

“Densterfors”un ilk tarixçisi ingilis generalının özü olmuşdu. O, 1911-ci ildən başlayaraq əhatəli gündəlik aparmışdı. (1911-1922-ci illəri əhatə edən gündəliklərin oricinal mətni ilə www. gwdpa.org/Dunsterwille  saytında tanış olmaq mümkündür - V.Q.). Cari qeydləri, topladığı çoxsaylı sənəd və materiallar, habelə şəxsi müşahidələri əsasında 1920-ci ildə Londonda “The Adventures of Dunsterforse” (“Densterfors”un macəraları”) kitabını çap etdirmişdi. Cənubi Qafqazın yaxın tarixi ilə bağlı fərqli mövqeyi əks etdirən həmin kitab 1925-ci ildə Tiflisdə, “Severnı Kavkaz” nəşriyyatında B.Rudenkonun tərcüməsində müəllifin yəqin ki, əsla ağlına gəlməyən, amma sovet təbliğatı üçün səciyyəvi olan “Britaniya imperiyası Bakıda və İranda” adı ilə nəşr olunmuşdu. Səhv etmirəmsə, Britaniya hərbi qüvvələrinin Bakıya ilk ekspansiyası və general Denstervilin ermənilər və Sentrokaspi diktaturası ilə əməkdaşlığı indiyə qədər tarixçilərimizin təfərrüatlı araşdırma obyektinə çevrilməmişdir. Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə qələmə aldığım məqalədə həm general Denstervilin adı çəkilən kitabından, həm də onun gündəliklərindən geniş istifadə edilmişdir.

Dehlidə tələsik qərargahını formalaşdıran Denstervil Kəraçi və Bəsrədən keçərək 1918-ci il yanvarın 18-də Bağdada gəlmişdi. Ertəsi gün Londona göndərdiyi teleqramda o, tabeliyinə verilmiş zabitləri Bağdadda gözləmək, sonra isə birbaşa Xəzərin İran sahilindəki Ənzəli şəhərinə hərəkət etmək niyyəti barəsində xəbər verirdi. Buradan dəniz yolu ilə Bakıya, daha sonra isə Zaqafqaziya dəmir yolu ilə Tiflisə getməli idi. İngilis generalı ən geci iki həftəyə Azərbaycan paytaxtına çatmağı planlaşdırırdı. Ardınca neft mədənlərini, Bakı - Batumi neft kəmərini və Bakı - Tiflis dəmiryolunu nəzarətə götürmək qalırdı. Denstervilin fikrincə, bu tədbirlərin həyata keçiriləcəyi təqdirdə alman-türk alyansının Bakı ilə bağlı niyyətlərinin qarşısını almaq mümkün olacaqdı.

Yanvarın 27-də öncül qüvvələrinin başında “Ford” markalı 41 maşınla Bağdaddan yola çıxan ingilis generalı mənzil başına əvvəlcədən düşündüyü kimi fevralın  deyil, yalnız avqustun ortalarında gəlib çıxa bildi. Doğrudur, fevralın 18-də onları Bakıdan sadəcə bir günlük məsafə ayırırdı - yəni Xəzərin qarşı tərəfindəki Ənzəli limanına çatmışdılar. Lakin şəhər İran hakimiyyətinin (əgər həmin dövrdə ümumiyyətlə İranda normal hakimiyyət institutlarının fəaliyyət göstərdiyini söyləmək mümkünsə!) deyil, Bakıdan idarə olunan bolşeviklərin nəzarəti altında idi. Ən əsası isə yerli hərbi-inqilab komitəsi “Densterfors”un missiyası və məqsədləri barədə yetərincə məlumat toplaya bilmişdi.

Ənzəli bolşeviklərinin başçısı Çelyabin Denstervillə görüşərək Rusiyanın müharibəni dayandırdığını, Almaniya, Türkiyə və Avstriya ilə sülh müqaviləsi imzaladığını, Britaniya qarşısında heç bir öhdəliyinin qalmadığını və bu ölkə ilə hər hansı iş birliyinə getməyəcəklərini bildirmişdi. Ənzəlidə teleqraf və telefonun, radiostansiyanın, bütün neft və neft məhsullarının bolşeviklərin əlində olduğunu, eyni zamanda dəniz limanına da nəzarət etdiklərini xatırlatmışdı. İcazəsiz dənizə çıxan bütün gəmiləri atəşə tutacaqlarını xəbər vermişdi. General Denstervil inqilab komitəsində keçirdiyi gərgin görüşdən sonra gündəliyində yazırdı: “Bolşeviklər bizə Bakıya getməklə bağlı hətta hər hansı  təşəbbüsü də yasaq edirlər. Bakı bolşevik hökumətinin əlindədir, gəlmək xəbərimizi eşidərək radio ilə nəyin bahasına olursa olsun, bizi tutub saxlamaq barəsində əmr göndəriblər. Rusiya üçün müharibə qurtarmışdır və onlar savaşın uzanmasına can atan missiyanın fəaliyyətinə heç bir vəchlə razılıq verə bilməzlər”.

Görüş zamanı Ənzəli inqilab komitəsinin üzvləri əməkdaşlıqla bağlı öz variantlarını təklif etmişdilər: əgər Denstervil rəsmi şəkildə və yazılı formada bolşevik hökumətini tanıdığını bildirsə, üzərinə atacağı bütün addımları bu hökumətlə razılaşdırmaq öhdəliyi götürsə, o zaman Bakıya getməsi mümkün və məqbul sayılırdı. Britaniya generalı siyasətə qarışmaq niyyətində olmadığını, sadəcə Rusiyaya və rus xalqına kömək etmək istədiyini bildirərək təklifdən boyun qaçırmışdı. Eyni zamanda kifayət qədər silah-sursatının olduğunu xatırladaraq lazımi təqdirdə açıq savaşa girə biləcəyini də  gizlətməmişdi.

Lakin bu hədə-qorxunun  perspektivsizliyini  özü də başa düşürdü. Hər iki tərəfdə müəyyən hazırlıq işləri aparmadan Xəzərin qarşı sahilinə çıxmaq mümkün deyildi. Hətta gəmi tapsa, bolşevik toplarından yayınsa  da, sərəncamındakı canlı qüvvə, avtomobil və sursatın hamısını apara bilməyəcəkdi. Demək, onlar Ənzəli inqilabçılarının əlinə keçəcək və lazım gələrsə, ingilislər əleyhinə istifadə olunacaqdı. Digər tərəfdən, Bakı bolşeviklərinin britaniyalıları gül-çiçəklə qarşılamayacaqları da gün kimi aydın idi. Belə şəraitdə hərbi qarşıdurma zərurətə çevriləcəkdi. Hadisələrə ayıq başla yanaşmağı və manevr etməyi bacaran ingilis generalı dərhal valı dəyişmişdi. Çelyabinin ağıllı məsləhətinə qulaq asaraq Xəzərin Azərbaycan sahilinə keçmək fikrindən daşındığını, mənzil qərargahını İranın içərilərinə - Həmədana köçürmək niyyətində  olduğunu  bildirmişdi. Bu siyasi reverans öz müsbət bəhrəsini vermişdi. Denstervil “üzüyolalığı” müqabilində  bolşeviklərdən xeyli benzin almışdı.
Çelyabinin Ənzəlidə daha bir gün qalmaqla bağlı təkidlərinə baxmayaraq Denstervil dərhal Rəşt və Qəzvindən keçərək Həmədana dönmüşdü. Təkidlərin əsl səbəbini isə bir neçə gün sonra başa düşmüşdü. Bunu gündəliyindəki aşağıdakı qeyddən də görmək mümkündür: “Bizim şəhərdən çıxmağımızla demək olar ki, eyni vaxtda Ənzəliyə Bakıdan Qırmızı qvardiynın güclü hissələrinin gəlməsi xəbərini aldım. Görünür, Çelyabinin sonrakı hərəkət marşrutumuzla bağlı Bakıya göndərdiyi hansısa sorğu ilə əlaqədar bizi Ənzəlidə daha bir gün saxlamaq barədəki israrlı xahişləri də bu dəstənin gəlişi ilə bağlı imiş. Ənzəli bolşeviklərinin cəsarət etmədiyi işi - ingilis missiyasının həbsini Bakıdan gələn qırmızı qvardiyaçıların həyata keçirmələri planlaşdırılıbmış”.

Hadisələrin üstündən bir neçə ay keçəndən sonra Bakı Soveti hökumətinin rəsmi orqanı “İzvestiya Bakinskoqo Soveta” qəzeti 16 iyun 1918-ci il tarixli sayında “İngilislər İranda” adlı redaksiya məqaləsində yazırdı: “General Denstervilin başçılıq etdiyi ingilis missiyası Zaqafqaziya hökumətini məngənəyə salmaq  üçün Ənzəliyə gələrək Tiflisə yola düşmək istəyəndə fars sosial-demokrat partiyası rus hərbi-inqilabi komitəsinin önündə öz mühafizəçilərini yerləşdirdi. Yalnız  Denstervilin Tiflis səfərinə yol verilməyəcəyi və ona təzədən Mesopotomiyaya qayıtmaq təklif edildiyi aşkara çıxdıqdan sonra həmin mühafizə qüvvələri oradan yığışdırıldı. Çünki farslar ingilis “Ford”unun təkərinin hun atlarının dırnaqlarından daha dağıdıcı gücə malik olduğunu çox yaxşı bilirlər”.
İngilislər üçün Rəşt şəhəri də yetərincə təhlükəli yer sayılırdı. Özünü Britaniya imperializminin düşməni elan edən, rus bolşeviklərinin təsiri altında İranda milli-azadlıq mübarizəsi başlatmaq iddiasına düşən Mirzə Kiçik xan və onun  cəngəlilər (“meşə qardaşları”) hərəkatı ingilis ekspedisiyası ilə haqq-hesab çəkməyə tələsirdi. Bir neçə ay sonra bu qüvvələr həqiqətən də üz-üzə gəldilər və döyüş “cəngəlilərin” məğlubiyyəti ilə başa çatdı. General Denstervilin sarkazmla dolu təsvirlərindən də göründüyü kimi, hətta alman hərbi təlimatçıların mövcudluğuna baxmayaraq cəngəlilərin hərbi gücləri başıpozuq dəstədən başqa heç nəyi xatırlatmırdı. Lakin istənilən halda 1918-ci ilin fevralında  silahlı qarşıdurmadan yayınmaq mümkün olmuşdu.

Bağdad və Londonla apardığı məsləhətləşmələr zamanı generala hələlik Həmədanda gözləmək, İran tərəfinin bütün addımlarını nəzarətdə saxlamaq və ilk imkan yaranan kimi Cənubi Qafqaza doğru hərəkət etmək əmri verilmişdi. Denstervil alternativ marşrut kimi Qəzvin -Təbriz-Culfa istiqamətini, Culfadan isə dəmiryolu ilə Tiflisə yollanmaq variantını təklif etsə də, bir tərəfdən Şahsevən tayfalarının, digər tərəfdən isə cəngəlilərin yaradacaqları təhlükə göz önünə alınaraq həmin fikirdən imtina olunmuşdu. Hava şəraiti və “Densterfors”un təchizatı da belə bir marşrutla səfərə çıxmağa imkan vermirdi. Digər tərəfdən, komplektləşdirmə işi də hələ tam başa çatdırılmamışdı.

General Denstervil isə məcburi fəaliyyətsizlik günlərində daha çox İran cəmiyyətinin özünəməxsusluqlarını araşdırmaq və Cənubi Qafqazda yaranmış vəziyyəti təhlil etməklə vaxtını keçirirdi. Çox tezliklə ona aydın olmuşdu ki, İranda  dövlət və hökumət adamlarının daşıdıqları dəbdəbəli titullarla onların daxili məzmunu, nüfuz, bacarıq və səriştələri tam ziddiyyət təşkil edir. Məsələn, “Müşirüddövlə” (“Dövlətin marşalı”) hərbi sahədən əsla baş çıxarmayan bir diletant, “Bəhrül-ülum” (“Bilik dəryası”) isə tamamilə cahil, savadsız bir adam ola bilərdi. Bütünlükdə, gündəliyin İranla bağlı səhifələri ingilis generalının dəqiq müşahidələrindən və qısa müddət ərzində bu ölkənin tarixi, mədəniyyəti, idarəçilik sistemi, mentaliteti haqqında əhatəli məlumatlar əldə etməsindən xəbər verir.
Cənubi Qafqazdakı vəziyyətlə bağlı təhlillərdə də həqiqətlə səsləşən müəyyən müşahidələr və rasional qənaətlər yox deyildir. Amma təbii ki, bütün bu təhlil və mülahizələrin mərkəzində bölgədə ingilis hegemonluğunu təmin etmək, hansı yolla olursa-olsun, Britaniya imperializminin maraq və mənafelərini qorumaq düşüncəsi dayanırdı. Məsələn, 1918-ci ilin aprelində İrandan Londona, Hərbi nazirliyə göndərdiyi məlumatlardan birində general Denstervil Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirərək yazırdı: “Burada biz bolşeviklərdən daha çox panislamistlərin planlarına qarşı mübarizə aparmaq məcburiyyətində qalırıq. Onlar Bakı tatarlarının (azərbaycanlıların - V.Q.) Ənzəli cəngəliləri ilə birliyini təmin etməyə çalışaraq alman pulları və alman zabitlərinin yardımı ilə Britaniya əleyhinə güclü təşkilat formalaşdırırlar”. Maraqlıdır ki, bir il sonra İstanbulda həbs olunan və Malta adasına sürgün edilən tanınmış Azərbaycan siyasi xadimi Əhməd Ağaoğluna qarşı da “ingilis düşmənçiliyi” iddiası irəli sürülmüşdü.

Almanlarla daha sıx əlaqə saxlayan gürcülər də Denstervilin nəzərində dost deyildilər. O, regionda nisbi stabillik və qarşılıqlı anlaşmanın yalnız  Britaniya vasitəsi ilə həyata keçiriləcəyini əminliyini ifadə edərək yazırdı “Tiflislə bağlı planlara gəldikdə isə biz ingilislərin işə qarışmalarına razı olmayan, sadəcə  onların puluna göz dikən adamlara kömək edə bilmərik. Əgər mənim missiyamı Tiflisə 1917-ci ilin payızında göndərmək mümkün olsaydı, o zaman bütün gücümü iki xristian xalqı - gürcülərlə erməniləri yaxınlaşdırmağa, sonra isə onların müsəlman tatarlarla dil tapmalarına sərf edərdim. Belə şəraitdə uğur qazanmaq olardı”.

“Amma aradan keçən altı ay ərzində nə baş verdi? - deyə general soruşur və özü də sualına cavab verirdi: - Gürcülər də, ermənilər də əsla dini baxışlarından asılı olmayaraq tatarlarla münasibətləri korladılar. Xristian kommunistlərin siyasəti  onların (azərbaycanlılar nəzərdə tutulur - V.Q.) türklərlə can bir qəlb kimi birləşmələrinə imkan yaratdı. Ən yaxın dövrün problemlərinə gəldikdə isə ilk növbədə İranı və cəngəliləri ram etmək lazımdır. Yalnız bundan sonra ən azı Xəzər dənizinin cənub sahillərinə gedən yollar açılacaq”.

İranda olmasına baxmayaraq Denstervil Bakıdakı Britaniya konsulluğu, ingilis agentləri, habelə ayrı-ayrı rus zabitlərinin vasitəsi ilə müharibənin gedişi, şəhərdəki vəziyyət, hərbi və siyasi qüvvələr, icmalararası münasibətlər, əhalinin əhval-ruhiyyəsi haqqında ətraflı məlumat alırdı. Eyni zamanda onun ermənilərin əli ilə Bakıda törədilən dəhşətli mart qırğını haqqında da ümumən dürüst və obyektiv bilgiləri var idi. Bunu gündəliyində 1918-ci il mayın ortalarında  yazdığı aşağıdakı sətirlər də aydın göstərir:

“Şaumyan soyadlı hansısa erməninin başçılıq etdiyi bolşevik hökuməti hələ də iqtidardadır. Lakin əhali bolşeviklərdən narazıdır. Odur ki, get-gedə nüfuzlarını itirməkdədirlər. Mart ayında İrandan gələn ordunun tərksilah edilməsi nəticəsində (müəllif səhv edir. Əslində söhbət bolşeviklərin dəniz yolu ilə Lənkərana qayıdan “Dikaya diviziya”nın azərbaycanlı zabitlərinin silahlarını əlindən almalarından gedir - V.Q.) yaranan problem ciddi qarşıdurmaya gətirib çıxarmışdır. Savaş küçə və meydanlara çıxmış, şəhərin tatarlar yaşayan hissəsində bir çox qiymətli binalar erməni qoşunları tərəfindən dağıdılmışdır. Bu isə nəticədə ermənilərlə tatarların düşmənçiliyinin xeyli kəskinləşməsinə səbəb olmuşdur. Türklərin Bakıya yaxınlaşdığı ərəfədə vəziyyət daha həyəcanlandırıcı xarakter almışdır”.

“Densterfors”un formalaşma prosesində rus zabitlərinin, xüsusən də Qafqaz ordusunda xidmət etmiş hərbçilərin xidmətindən geniş istifadə olunurdu. General Denstervilin ətrafında Bakı aviatorlar məktəbinin məzunları böyük üstünlük təşkil edirdilər. Bütünlükdə isə keçmiş çar ordusunun hərbi mütəxəssisləri istər bolşevik təsirinin güclü olduğu Şimali İrandakı fəaliyyətin, istərsə də Qafqaza nəzərdə tutulan yürüşün təşkilində mühüm qüvvə sayılırdılar. Eyni zamanda Bakı və Tiflislə əlaqələrin yaradılmasında, yerli əhalinin və hakimiyyət dairələrinin əhval-ruhiyyəsinin öyrənilməsində, kəşfiyyat məlumatının toplanması və təhlilində də onların xidməti əvəzsiz idi. Generalın şəxsi yavəri, ingilis əsilli rus zabiti kapitan Breyin də axırıncı qulluq yeri Bakı olmuşdu. Nəhayət, Denstervilin özünün rus dilini bilməsi işə çox yarayırdı. Kitabındakı və gündəliklərindəki qeydlərdən də göründüyü kimi, bu dil bilgisi ikinci şəxslər olmadan Bakıda faydalı dialoq qurmaq,  daim hadisələrin nəbzini tutmaq imkanı yaratmışdı.
(Ardı var)

 





08.09.2012    çap et  çap et