525.Az

Oralarda kimlər var: Rövşən Xasayoğlu


 

Oralarda kimlər var: Rövşən Xasayoğlu

RÖVŞƏN XASAYOĞLU KİMDİR

Rövşən Xasayoğlu Neftçala rayonunda anadan olmuşdur. Neftçala şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının-ADNA) Kimya Texnologiyası fakültəsinə daxil olmuşdur.Universiteti  bitirdikden sonra təyinatla Neftçala ''Yod-Brom'' zavodunda usta vəzifəsində iki il çalışmış.Sonra məzun olduğu inistutun aspiranturasının əyani şöbəsinə daxil olmuş.Mirəli Alosmanovun rəhbərliyi altında ADNA-nın magistraturasını bitirdikdən sonra ''Apatit və fosforit qarışımından  Sadə Superfosfatın istehsalı texnologiyasının işlenib hazırlanması'' mövzusunda Moskva şəhərində dissertasiya müdafiə edərək,texnika elmlər namizədi adını almışdır.Rövşən Quliyev eyni zamanda tullantı suların təmizlənməsi sahəsində də araşdırmalar aparmış,respublikanın bir neçə zavodunda tullantı sularının təmizlənməsində iştirak etmişdir.Bunun nəticəsi olmalıdır ki, 1992-ci ildə Azərbaycan neft və Kimya institutu ilə Kentaş firması arasında müqavilə imzalandı  və prof. Əliməmməd Şabanovun başçılığı altında gənc alim Rövşən Quliyev Kimya  universitetinin bir neçə əməkdaşı ilə Türkiyədə  Kentaş firmasının tullantı sularının təmizlənməsi qurğusunun tikilməsi üçün işə başlamışdır. Firmanın təklifi ilə bu işlərə rəhbərlik etmiş və daha sonra da Türkiyədə iş fəaliyyətini davam etdirmişdir.

 Hal-hazırda Türkiyədə Ardahan universitetinin Mühəndislik fakultəsinin dekan müavini olaraq çalışmaqdadır.40-dan artıq elmi əsərin müəllifidir ki, bunların da səkkizi Rusiya və Azərbaycan Cümhuriyyətinin patentidir. Evli olan Rövşən Quliyev iki qız və bir oğul atasıdır.Həyat yoldaşı Cavahir xanım Ardahan şəhərindəki Final dərsanəsində müəllim olaraq işləyir. Böyük qızı Nigar Ərzurum Atatürk universitetinin tibb fakultəsini bitirərək Türkiyənin Qaziantep vilayətində doktor olaraq işləməkdədir.Oğlu Xasay Ankara universitetinin tibb fakultəsinin 6-cı kursunda,kiçik qızı Çinarə isə Çanaqqala universitetinin mühəndislik fakultəsinin bilgisayar mühəndisi bölümünün son kursunda oxumaqdadır.

 

-Belə başlayaq Rövşən bəy,deyin görüm, hansı rüzgar sizi Türkiyəyə atıb?
-Türkiyəyə getmədən öncə hər azərbaycanlı türk kimi oranı görmək mənim üçün bir xəyal idi.Biri mənə orada çalışacağımı söyləsəydi heç vaxt inanmazdım.İşləmək bir yana qalsın Türkiyəyə turist kimi getmək belə hər kəsə qismət olmurdu.Azərbaycanın müstəqilliyi bir çox xəyalları gerçəkləşdirdi.Dəmir pərdənin aramızdan qalxması,iki qardaş xalqın qovuşmasına səbəb oldu.O ki qaldı, mənim Türkiyəyə işləməyə getməyim,təsadüfmü yoxsa alın yazımı onu  demək bir az çətindi.Mən bunun qismət olduğunu düşünürəm.

-Mənim bildiyimə görə, siz texniki bir sahənin adamısınız və bu sahədə də Türkiyə Ardahan universitetində  çalışırsız.Poeziyaya meyliniz nə zaman başlayıb və nədən şeir yazırsınız? Sual bir az kobud olsa da, verilə biləcək sualdı.
-Hazırda Ardahan universitetinin mühəndislik fakultəsinin çevrə mühəndisi bölümündə müəllim olaraq işləməkdəyəm.Eyni zamanda fakultənin dekan müavini vəzifəsini icra edirəm.Poeziyaya gəlincə, hər bir Azəri türkü kimi kiçik yaşlarımdan şeiri sevmişəm.İlk şeirimi 17 yaşımda yazsam da, uzun müddət şeirlərimi hər kəsdən gizlətmişəm.Çünki şeirdə hər bir sözün inci qədər qiymətli olduğunu düşünmüşəm.7 il öncə rəhmətlik Osman Sarıvəllinin oğlu, professor Babək Qurbanovun təsadüfən bir neçə şeirimi oxuması və üç il öncə “Sərbəst Düşüncə” qəzetində məqalə yazması, məni ürəkləndirdi və yazdığım şeirləri çapa verməyə sövq etdi.

-Türkiyə universitetində işləriniz necədir?
-Qardaş ölkə universitetində dərs demək çox məsuliyyətlidi.Çünki Azərbaycanı təmsil edirsən.İşlərim çox olsa da, zövqlə çalışıram.Azəri türkü olaraq Türk Dünyası üçün çalışmaq mənim ən böyük arzum olub.

-Kitab çap etdirmisinizmi və ya çap etdirmək arzusundasınızmı.Elmi və bədii kitabları nəzərdə tuturam?
-İlk şeir kitabımı çap etdirməyi düşünürən.Amma Sizin bildiyiniz kimi texniki sahədə çalışmam bu işi bir az uzadır.

-Sizinlə birlikdə bizim məmləkətdən çoxmu alim oralarda çalışır?
-Ardahan universitetində məndən başqa ata-baba torpağımız olan Borçalıdan professor Şurəddin Məmmədov, dosent Gülnarə Qocayeva və Axısqa türkü dosent Sevil Piriyeva çalışmaqdadır.

-Azərbaycanla əlaqəniz sıxdırmı və kimlərlə yaxınlıq edirsiniz?
-Uşaqlarım Vətəndən uzaqlaşmasın deyə hər il yay tətilini Azərbaycanda keçiririk.Dostlarımla mütamadi olaraq tefelonla və bilgisayar yazışması yolu ilə əlaqə saxlayıram.Ardahan universitəsi Qafqaz universitələr birliyinin başqanlığını yürütdüyü üçün tez-tez Azərbaycandakı universitələrlə bir araya gəlirik.

-Azərbaycan ədəbiyatını izləyə bilirsinizmi?
-İmkanım daxilində izləyirəm.Sizin yazılarınızı qaçırmamağa çalışıram.

-Ziyalılarımızın Azərbaycandan uzaqlarda çalışması məsələsinə necə baxırsınız?
-Azəbaycan ziyalılarının ölkəmizdə çalışmasına üstünlük verirəm.Məsələn: prof Babək Qurbanov kimi ziyalılara Azərbaycanın böyük ehtiyacı var.Bu ziyalıların sayını artırmaq olar,mən sadəcə birinin adını çəkdim.Bu insanlar hər an Azərbaycana dönmək istəyirlər.Sadəcə onlara şərait yaratmaq lazımdır.

RÖVŞƏN XASAYOĞLUNUN şeirlərindən

SƏNİN BÖYÜKLÜYÜN
      
Təklərə səs verib,tənha qalmışam
    M.Araz
Bu üsyan,bu övkə nədəndir ustad ?
Niyə gileylisən düz əməlindən?
Bu necə zamanə?- doğrulara yad,
Təklərə səs verən, tək qalır- nədən ?

Xeyirin azalıb, şərin artdığı,
Zamanda doğrunun yanında oldun.
Vəzifə uğruna dost satıldığı,
İnsanlar içində yaman yoruldun.

Təklərə hay verib, tənhalaşanda,
Ədalət kimlərin yanında durdu?
Haqsızlıq həddini aşıb-daşanda,
Nədənsə çoxunun səsi tutuldu.

Təklərə hay verdin, yaxşı bitməsin,
Qorudun hər zaman  xeyiri şərdən.
Yaxşılar künclərdə qalıb itməsin,
Deyib, tək qalanın tutdun əlindən.

Təklərə hay verib, çinara döndün,
Bir çinar yüzlərcə koldan kölgəli.
Millətin gözündə böyüdün hər gün.
Bölünmüş toprağın dərdli şairi.

Sənin böyüklüyün, sənin təkliyin,
Çoxu tək kiçilib, xırdalanmadın.
Sənin tənhalığın- bölünməzliyin,
Bölünən Vətənin dərdinə yandın.
  
BU YERLƏRİN...

Ağ-qaralı dünyamıza göz açanda,
Ağlım kəsib,torpaq üstə ilk qaçanda,
Bu yerlərin toprağını boz görmüşəm.
Şoran torpaq kəlməsini eşitmişəm.
Bu torpağın bitki növü olmayıb çox,
İnsanları kasıb olub,gözləri tox.
Yaz olanda qaranquşlar qonaq gələr,
Qış fəslində bizə həyan boz sərçələr.
Bu yerlərin tolağayı,turacı var.
Heyvanlardan ən böyüyü,boz canavar.
Toprağımı bu rəngilə çox sevmişəm.
Mən sonradan həyatımda öyrənmişəm,
Rəng dəyişir bir-birinə qarışanda.
Ağa qara qarışarsa,bil ki, o an,
Boz  rəng olar,ağ rəngini dəyişərək.
Ya tərsinə,qaraya ağ qatman gərək.
Qara olub,yoxsa öncə bu torpağlar,
Əhəng qatıb,qara rəngi bozardıblar,
Qutarmaqçün qara gündən torpaqları,
Biri ona əhəng ilə qatıb ağı.
Bil ki,qara ağa dönməz heç bir zaman,
Dünya qədər ağ rəng qatıb,qarışdırsan.
Ağa bir az qara qarsan,boza dönər,
Qara rəngi artırdıqca,rəng də sönər.
Ağa qara,ya qaraya ağ qatıldı,
Ağ torpağa, ya qapqara daş atıldı?…
Uşaqlıqda ayaqyalın gəzmişəm mən,
Xalça olub,boz torpaqlar üstə çəmən.
Ayaqlarım yayda qızıb,boz torpaqda,
Qılınc-qılınc oynamışam,toz-torpaqda.
Nə qədər də, ətrafımı boz sarısa,
Qızarmışam,yanımda bir yalan olsa.
Bir kimsəyə, quyu qazıb,tor qurmadım,
Dostu burax,düşməndən də öc almadım.
Şoranlıqda zor yaşayan bitkilər tək,
Boz rənglərin üzərini örtmək gərək.
Ağ üzümə ləkə salıb,boz olmadım,
İki dostun arasında yer almadım.
Ürəyimdən süzülməyən bir kəlməni,
Dilim desə, qəbim bil ki, qınar məni.
Pulum oldu,ya olmadı pozulmadım,
Düz bildiyim yolla getdim,yol azmadım.
Boz qurtlar tək,öz işimi gördüm özüm,
Bozarmadı,qaralmadı heç vaxt üzüm.
El- obamdan, toprağımdan aldım qüvvət,
Talehimə yazılsa da,acı qürbət,
Bir an olsa,Vətənimdən ayrılmadım.
Qürbət yerə Vətən deyib sarılmadım.
Turac kimi haray çəkdib,etdim fəğan,
Sərvətlərim ediləndə talan, viran.
Yoxsa,gözüm o torpaq tək bozarardı,
Bir çoxu tək gözüm baxar kor olardı.
Gördüyündən dərs almayan çıxarçılar,
Baxar korlar,günü-gündən çoxalırlar.
Gözlərinin qarasına ağ qarışıb,
Görən nədən, gözlərindən xəbəri yox?
İşləri də başlarından aşıb-daşıb,
Özgə qədər,özlərindən xəbəri yox?
Üzləri də həm sürtülüb, həm bozlaşıb,
Görən nədən, üzlərindən xəbəri yox?
Bu dünyanın şərabına çox alışıb,
Nə yazıq ki, Allahından xəbəri yox.
Ardahan 23.04.2012.

SATILANDA  YURD

Satılanda ata yurdu su qiymətinə,
Sinəm üstə çalın-çarpaz bir dağ çəkildi.
Anama bir söz demədim, dəyər xətrinə,
Duyğularım, xəyallarım fəqana gəldi.
  
Anam üçün xeyirsizdi bu yurd,bu oba,
Atam öldü köy əskiyə döndü günümüz.
Çox vaxt anam ağlayaraq girdi sabaha,
Uşaq ikən gülmədi ki, məsum üzümüz.
  
Hər insanın bu dünyaya gəlişi bəlli,
Talehini yazan yazar,yurd bəhanədir.
Kim durdurmuş ona sarı gələn əcəli,
Xeyirli yurd,xeyirsiz yurd bir əfsanədir.
  
Qurumağa üz tutunca bu yurdun bağı,
Bir də kimsə qalmayınca,ev-eşik ''ölmüş''
Söküldükcə çəpərləri,olmuş göz dağı,
Ata yurdun satılması anama düşmüş,

 

 

 





08.09.2012    çap et  çap et